RU

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Dünən “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var...”

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan sonra “xəbər tutulması” mümkün deyil.

Əlbəttə ki, fevralın sonunda “Sputnik”in Azərbaycan nümayəndəliyi ləğv olunduqdan sonra bu ofisin qeyri-qanuni fəaliyyətini davam etdirdiyini hüquq-mühafizə orqanları çox yaxşı bilirdilər. Yəni dünənki əməliyyat 27 iyunda Yekaterinburqda Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı zorakılıq və repressiyaya “yumşaq cavab” xarakteri daşıyır. Ancaq özündə bəzi nüansları da ehtiva edir.

Bundan öncə “Rus evi” bağlanmış, oranın casus yuvası olduğu haqda hüquq-mühafizə orqanlarına istinadla media məlumat yaymışdı. “Rus evi” 2024-cü il 25 dekabrda AZAL təyyarəsinin vurulmasından sonra Rusiyanın inadla informasiya təxribatı istehsal etməsinin ardınca, 2025-ci il fevralın əvvəlində qapadılmışdı. Həmin vaxt “rus casus yuvası”nın qapadılmasının ardınca, fevralın sonuna doğru “Sputnik Azərbaycan” haqda da qərar elan olunmuşdu. Dünənki əməliyyatın “Sputnik Azərbaycan”da keçirilməsi və FTX-nin iki agentinin həbsi haqda informasiya isə ciddi siqnaldır: Bakı Rusiyanın təzyiqləri və qeyri-adekvatlığına qarşı Azərbaycandakı casus şəbəkəsini sıradan çıxarır.

Hadisə AZAL təyyarəsinin Qroznıda vurulması ilə başlamışdı, Yekaterinburq hadisəsi ilə davam etməsində məntiqi ardıcıllıq axtarsaq, belə məlum olacaq ki, bu “casus ovu” dolayısı ilə yenə də AZAL təyyarəsinin vurulmasına gedib çıxır. Görünür, Yekaterinburq olayının arxasında da AZAL-a görə Azərbaycanı tələblərindən imtinaya məcbur etmək istəyi dayanır.

Ancaq rəsmi Bakının “Rus evi” və “Sputnik Azərbaycan” addımları, əslində, həddən artıq “yumşaq davranış” sayıla bilər. Azərbaycanda Rusiyanın əsas təsir imkanları əslində nə “Rus evi”, nə də “Sputnik Azərbaycan”dır: birinin mədəni, digərinin informasiya təsiri sıfırdır. Yalnız “casus yuvaları” kimi fəaliyyətləri ola bilər ki, bu da DTX-nin peşəkar əməliyyatçı şefinin nəzər-diqqətindən kənarda ola bilməz!

Rusiyanın Azərbaycanda əsas təsir dairəsi rusdilli məktəblərdir. Azərbaycanın rayonlarında 15-dən çox, Bakıda isə 340 civarında rus dilində tədris həyata keçirən məktəb var. Təxminən 355 orta məktəbdə 100 minə yaxın şagird təhsil alır ki, bu da rus dilinin işlənmə dairəsini kəskin şəkildə artırır.

Rus dilinin son illər Bakıda yenidən populyarlaşdığını müşahidə etmək üçün Azərbaycanın paytaxtını bir gün gəzmək kifayət edir: azərbaycanlı uşaqlar, ailələr rusca danışırlar, rus dili Sovet illərində olduğu kimi ailələrimizin içərisinə yerləşib. Bunun bir səbəbi rus məktəblərinə qayğı, rusdilli məktəbləri bitirənlərin ali məktəblərə qəbul imkanlarının daha asan olmasıdır.

Rus dili - əslində o dildə təhsil alanların təfəkkürünün, dünyagörüşünün “rusca” formalaşmasında müstəsna rol oynayır və bunu Kreml çox yaxşı dərk edir. Təsadüfi deyil ki, bir ölkədə rus dilinin xüsusi himayədə olması Rusiyanın əsas diqqət yetirdiyi məqamdır.

Ermənistanda bir ədəd də rus məktəbi yoxdur, ancaq Azərbaycanda, qeyd etdiyimiz kimi, rus dilində tədris verən 355 məktəb var.

Rusiyaya qarşı ən ciddi addım rusdilli məktəblərin bağlanması haqqında qərar ola bilər. Məntiq də ortadadır: Azərbaycan dövləti hansı əsasla rus dilində təhsilin bütün xərclərini öz üzərinə götürməlidir? Niyə 355 məktəbi maliyyələşdirməlidir?

Azərbaycan dilində təhsil, həm də pulsuz təhsil – Azərbaycan hökumətinin konstitusion öhdəliyidir. Ancaq rusca heç bir öhdəlik yoxdur, üstəlik, bu, büdcəni ciddi qayğıdan xilas edə bilər.

Beləliklə, 355 orta məktəb və rus bölmələrinin bağlanması Azərbaycanda Rusiyanın mənəvi təsirinin azaldılması istiqamətində ciddi addım olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
3
axar.az

10Источники