RU

Siyasət və diplomatiyanı qanla yazan dövlət - Zaur Əhməd Rusiya şovinizmindən yazır

1990-cı ilin yanvarı idi. İlk dəfə bir dövlətin başqa bir dövlətə qarşı təcavüzünün, bir xalqın başqa bir xalqın qanını nahaq yerə tökdüyünü eşidirdim. Yataqxanadakı qonşumuz Nərgiz xalanın ağlamaq səsinə dəhlizə çıxdım. Anam da daxil, qonşu qadınlar ağlayırdılar. Deyirdilər ki, ruslar gecə Bakıda camaatı qırıblar. İlk dəfə bu yaşımda rus qoşunlarının, rus əsgərinin qanımızı tökdüyünü və onların bizə düşmənçilik etdiyini anlamışdım. Altı yaşında bir uşaq ilk dəfə öz millətinə qarşı düşmənçilik edildiyini gördü, anladı və elə bununla da şüuraltı “rusların əli bizim qanımıza batıb” düşüncəsi ilə böyüdü. Hətta orta məktəbdə bütün dərsləri yaxşı oxusam da, təkcə “Rus dili” fənni ilə barışa bilmirdim. Elə uşaqlıqdan “rus” və bu ad ətrafındakı hər şey mənə yad, hətta düşmən kimi gəlib...

Çox uzağa getməyək… Son 20-30 ildə Rusiyada istər dövlət, istərsə də qeyri-dövlət dairələri tərəfindən hazırlanan, planlanan nə qədər təxribat, düşmənçilik, hətta terror hadisələri yaşamışıq. 30 ildən çox erməni işğalçılığını və terrorizmini siyasi, hərbi, iqtisadi cəhətdən mayalandıran, üstümüzə salan da Rusiyadır. Ölkəmizdə dini, etnik zəminlərdə qarşıdurmaların, bölücülük meyllərinin, müstəqilliyimizin sütunlarının sarsıdılmasına hesablanan bütün planların memarı Rusiyadır. Qonşuluq, müttəfiqlik prinsiplərinə zidd olaraq zaman-zaman ölkəmizin maraqlarına qarşı çıxan da, təyyarəmizi namərdcəsinə vuran da, etdiyi əmələ görə normal üzr istəməyən də, beynəlxalq hüquqa da, insanlıq hüququna, qonşuluq hüququna, dövlətçilik hüququna da tüpürən Rusiyadır. 

Bu günlərdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində soydaşlarımızın qətlə yetirilməsi, bir neçə nəfərin ağır bədən xəsarətləri alması, habelə 9 nəfərin saxlanılması bir daha bu ölkənin dövlətçilik sisteminin şovinizm kimi iyrənc bir qaynaqdan mayalandığını göstərir. Xüsusi qeyd etmək lazımdır ki, bu, təkcə azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda, Moskvanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasi simasıdır. Bu iyrənc sima hər hadisədə daha da iyrənc hal almaqdadır. 

Azərbaycan dövləti Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter daşıdığını nəzərə alaraq mövqeyini bəyan edib. Rusiyanın davranışları, dövlətimizə, xalqımza qarşı münasibəti artıq gözardı edilməyəcək qədər düşmənçilik həddindədir. Azərbaycan çadır dövləti deyil. Biz hələ bir əsr öncə ilk cümhuriyyət quraraq nə qədər böyük bir xalq olduğumuzu sübut etmişik. Zaman keçib, 20-ci əsrin sonunda ikinci dəfə müstəqilliyimizi bərqərar etmişik. Hər iki halda rus imperializminin zərbəsini alsaq da, qanımız tökülsə də, əyilməmişik, yox olmamışıq. İndi də Azərbaycan ona qarşı edilən bütün cinayətlərə, düşmənçiliyə qarşı lazımi cavab verəcək qüdrətdədir. Azərbaycan xalqı hər zamankı kimi dövləti ilə bir yumruq halında birləşib. Rusiya nəhəng dövlət ola bilər, ordusu, silahı çox ola bilər, amma biz haqlıyıq. Hüquq da, ədalət də, Allah da bizimlədir!

Şimaldan əsən külək nə qədər soyuq olsa da, haqq savaşındakıları üşüdə bilməyəcək. Əminik ki, Rusiyanın imperialist və şovinist siyasəti, başqa dövlətləri və xalqları əzmək niyyəti mütləq mənada öz başında çatlayacaq. Hələ tarixdə belə bir nümunə yoxdur ki, başqalarını məhv etmək prinsipini ali siyasi iradə elan edən bir dövlət məhv olmasın. Siyasət və diplomatiya qanunlarını qanla yazan bir dövlətin başqa bir taleyi ola bilməz!  Bu, siyasi, diplomatik, hərbi yolla olmasa da, ilahi ədalətlə təcəlla edəcəkdir...  
 
Zaur Əhməd
Unikal Media Qrupun baş redaktoru

Избранный
13
50
unikal.az

10Источники