AZ

"Xalq-dövlət-ordu birliyi tariximizin ən böyük nailiyyətidir" - Bayram Aslanov

Qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan tarixi xalqımızın milli həmrəyliyi, mübarizə əzmi, ordu quruculuğunun inkişafı ilə seçilir. Təsadüfi deyil ki, yarandığı gündən qarşıya qoyulan hədəfləri yerinə yetirən, ərazi bütövlüyümüzü bərpa edən Azərbaycanın Şanlı Ordusu regionun və dünyanın ən güclü orduları sırasında özünə yer alıb. 

Məsuliyyətli yol keçən Şanlı Ordumuz məhz Ulu Öndər Heydər Əliyevin sayəsində böyük nailiyyətlər qazanıb. Zəmanəmizin ən böyük şəxsiyyəti kimi tarixə düşən Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində Milli Ordu formalaşdırıldı. Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı, milli hərbi kadrlar hazırlandı. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti sayəsində Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar atıldı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir övlad qədər dəyərli olduğunu qeyd edən dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyəti nəticəsində xalqımızın iftixarına çevrilən peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırıldı. Azərbaycan ordusunun müasir dövrün tələblərinə cavab verməsi üçün əlindən gələni edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev deyirdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər".

Bəli, ölkəmizin müstəqilliyini, qüdrətini və ərazi bütövlüyünü müdafiə etməyə qadir olan, qüdrətli Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq zəngin irsimizə yeni şərəfli səhifələr yazdı. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun ən parlaq nəticəsi idi.

Azərbaycan Ordusunun sıralarında bu gün ölkəmizin qəhrəman oğulları, həyatını bu şərəfli peşəyə - Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər xidmət göstərirlər. Onlar Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Vətənin keşiyində ayıq-sayıq dayanıblar. Artıq Azərbaycan Ordusu çox güclüdür, çünki onun sıralarında vətənpərvər, xalqa, millətə, torpağa bağlı insanlar qulluq edirlər.

Ordu dövlətimizin təməl prinsiplərindən biri, təhlükəsizliyinin əsas təminatçısıdır. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı ordu quruculuğuna, bu sahədə perspektiv vəzifələrə böyük diqqət yetirən Prezident İlham Əliyev fəliyyəti dövründə Azərbaycanın inkişafı, ordu quruculuğu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində böyük uğurlara imza atdı. 

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olub. Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət-ordu birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir.

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Seçilən
1
1
unikal.az

10Mənbələr