RU

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində 5 soydaşımızı qətlə yetirilib, onlarla insan saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları iddia edir ki, “keçirilən əməliyyat” keçmiş illərdə baş vermiş cinayət işinin araşdırılması məqsədi” daşıyır.
Sual yaranır: keçmiş illərdə baş vermiş hansısa cinayətə görə niyə azərbaycanlıların mənzillərinə birbaşa hücumlar edilir, niyə hüquq-mühafizə orqanları basqın etdiyi mənzildə iki soydaşımızı qətlə yetirir, daha üçü aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişir? Bütün bunlar niyə məhz indi baş verir? Rusiyanın əməliyyatın əsası kimi göstərdiyi cinayət işi 2001-ci ildə Səfərovlar qardaşlarının kafesində baş verib. Bu cinayət işi ilə bağlı istintaq illər öncə aparılıb. 24 ildən sonra FSB bir gecədə hərəkətə keçir, Səfərovların mənzillərinə basqın edərək, onları qətlə yetirir, ardınca 50-dən çox azərbaycanlı zorakılığa məruz qalaraq, saxlanılır. Aydın görünür ki, məsələ hansısa “cinayət işi”nin araşdırılması yox, azərbaycanlılara qarşı zorakı hücumların birbaşa hüquq-mühafizə orqanları səviyyəsində aparılmasıdır və bunu ilk növbədə Rusiyada son illər miqrantlara və qeyri-ruslara qarşı şovinist, diskriminasiya, milli ayrı-seçkilik siyasətinin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Hücumun məhz indi baş verməsinin arxasındakı iki məqsəd aydın görünür. Birincisi, miqrantların və qeyri-rusların Ukrayna müharibəsində “top yemi” kimi istifadə edilməsi, buna qarşı çıxanların cəzalandırılmasıdır. İkincisi, soydaşlarımıza hücumlar üzərindən Azərbaycana qarşı təzyiq etməkdir. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğal müharibəsində yüz minlərlə itki verdiyi sirr deyil. Bu itkilər Rusiya daxilində ictimai narazılığa səbəb olmaqla yanaşı, cəbhədə canlı qüvvə qıtlığı da yaradıb. Rusiya rəhbərliyi həm rusların narazılığını səngitmək, həm də canlı qüvvə itkilərini kompensasiya etmək üçün miqrant və qeyri-rus əsilli vətəndaşların müharibəyə cəlb edilməsi istiqamətində addımlarını genişləndirib. Bunu gizlətmirlər də. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin may ayında verdiyi açıqlama bunun rəsmi etirafı idi. Bastrıkin bildirir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər Ukraynada döyüş bölgəsinə göndərilib. - “Hərbi istintaq idarəmiz reydlər keçirir. Cəbhə bölgəsinə getmək istəməyən, hətta hərbi komissarlığa gəlmək istəməyən 80 min Rusiya vətəndaşını saxlamışıq, onları hərbi qeydiyyata almışıq və artıq 20 min gənci cəbhə bölgəsinə göndərmişik”. (https://www.dw.com/ru/protiv-ukrainy-vouut-20-tysac-naturalizovannyh-rossian/a-72615763). Məlumatlara görə, Rusiya hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydləri zamanı vətəndaşlığı olan miqrantlara çağırış vərəqəsi verilir və ya saxlanılaraq, birbaşa hərbi komissarlığa aparılır. Bəzi hallarda vətəndaşlığa qəbul edilmiş şəxsləri Rusiya pasportlarından məhrum etməklə və ölkədən çıxarmaq təhdidi ilə müqavilə bağlamağa məcbur edirlər. Aleksandr Bastrıkin 2024-cü ilin iyun ayında verdiyi açıqlamada bildirirdi ki, “bu yaxınlarda Rusiya vətəndaşlığını almış və hərbi xidmət üçün qeydiyyatdan keçməmiş 30 mindən çox əcnəbi saxlanılıb, onlardan 10 minə yaxını cəbhəyə göndərilib”. Ekstremizmin monitorinqini apara Sova Araşdırma Mərkəzinin məlumatları da Rusiyada qeyri-ruslara qarşı irqi zorakılığın şiddətləndiyini təsdiq edir. Mərkəzin hesabatında qeyd olunur ki, 2023-cü ildən sonra Rusiyada nifrət cinayətləri və irqi zorakılıq halları kəskin artıb. Zorakılıq etniklərə, xüsusilə Mərkəzi Asiya və Qafqazdan gələnlərə, bir sözlə, qeyri-slavyan görünüşü olan şəxslərə qarşıdır. (https://www.globaldetentionproject.org/russia-weaponising-immigration-policies-to-push-migrants-into-war-and-launching-a-new-expulsion-regime). Bu zorakılıq birbaşa Rusiya rəhbərliyi tərəfindən idarə olunur və əsas məqsəd miqrantları, qeyri-rus əsilli vətəndaşları müharibəyə cəlb etməkdir. Bu məqsədlə müxtəlif yollara əl atılır. “Novaya qazeta” yazır ki, bir gecədə 3000 miqrant saxlanıldıqdan sonra onlarla görüşə ilk növbədə hərbi komissarlıqların nümayəndələri gəldi və bəyan etdilər: “Vətəndaşlığı olmayan şəxslər orduya qoşularlarsa, onlara Rusiya pasportları veriləcək, bundan imtina edərlərsə, bütün ailələri deportasiya olunacaq və miqrasiya qanunlarını pozduqları üçün cinayət işi açılacaq”. Rusiya “Miqrant ordusu” yaratmaq üçün həm qanunvericilik müstəvisində addımlar atır, həm də qeyri-qanuni müstəvidə. - 2024-cü ildə Dövlət Dumasına təqdim olunan qanun layihəsində qeyd olunur ki, yeni vətəndaşlıq almış şəxslər iki həftə ərzində hərbi qeydiyyatdan keçməsələr, vətəndaşlıqları ləğv olunmalıdır. - Saxlanılan miqrantlar və qeyri-rus vətəndaşlara qarşı cəbhəyə getməyə razı salınması məqsədilə narkotika daşımaq və törətmədikləri cinayətlərlə bağlı ittihamlar irəli sürülür, həmçinin, ailə üzvləri və yaxınları ilə təhdid edilirlər. Lakin hər şey bununla bitmir. Şantaj qarşısında müharibəyə getməyə razılaşan miqrantlar və qeyri-rus vətəndaşlar arasında Ukraynada “top yemi”nə çevrilməyənlər geri qayıtdıqdan sonra vəd olunan kompensasiyanı ala bilmir, əksinə yenidən cəbhənin fərqli istiqamətlərinə göndərilirlər. (https://www.severreal.org/a/ili-na-voynu-ili-lishim-grazhdanstva-kak-migrantov-zastavlyayut-podpisyvat-kontrakty/33329136.html). Yekaterinburqda azərbaycanlılara qarşı hücumun əsas motivlərindən biri məhz onları şantaj və təzyiq yolu ilə müharibəyə qoşulmağa məcbur etməkdir. Törətmədikləri cinayətlərdə ittiham olunmaları da bundan qaynaqlanır. Motivlər arasında Rusiyanın son dövrlər Azərbaycana qarşı təzyiq-şantaj siyasəti də yer alır. Və biz məsələyə həm də ötən ilin 25 dekabrında Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması kontekstində baxa bilərik. Baş vermiş bu dəhşətli cinayətlə bağlı rəsmi Bakının konkret tələbləri hələ də aktualdır. - Rusiya AZAL-ın təyyarəsinin vurulmasına görə Azərbaycandan üzr istəməlidir; - Təyyarənin vurulması faktını qəbul etməli, baş verən hadisə ilə bağlı cinayət işi açmalı, günahkarlar cəzalandırılmalıdır; - Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Rusiya tərəfi təyyarənin vurulması faktını gizlətməyə çalışsa da, cinayəti ört-basdır edə bilmədi və bundan sonra Azərbaycanın təbələrindən imtina etməsi üçün təzyiq siyasəti də daxil olmaqla müxtəlif yollara əl atdı. Həştərxanda keçirilən tədbirə dəvət olunan Milli Məclisin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması, Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumların təşkil olunması bu addımlar arasına daxil edilə bilər. Azərbaycanın öz haqlı mövqeyindən geri çəkilməsinə hesablanmış bu cəhdlər nəticə vermir. Prezident İlham Əliyevin 9 mayda Moskva paradına getməkdən imtina etməsi də göstərdi ki, Azərbaycan dövləti üçün milli maraqlar hər şeydən üstündür. Mülki təyyarəmizin vurulmasını nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti unutmatıb. Və Rusiyanın məsələni ört-basdır etmək cəhdlərinə rəğmən, Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəviyə daşıyaraq, baş vermiş hadisənin ədalətli araşdırılmasına, günahkarların cəzalandırılmasına, müvafiq kompensasiyanın ödənilməsinə nail olacaq. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iyunun 17-də Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Baş katibi Xuan Karlos Salazar və ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Nikolas Rallo ilə keçirdiyi görüşdə AZAL təyyarəsinin vurulması məsələsini müzakirə edilməsi də bunu deməyə əsas verir. Rusiyada Azərbaycanın məsələni beynəlxalq müstəvidə qaldırmasından narahat olanlar var. Təsadüfi deyil ki, Parisdə keçirilən görüşdən dərhal sonra Kremlə yaxın aparıcı Vladimir Solovyov Azərbaycana qarşı qondarma iddialarla hücuma keçdi. Bu kontekstdə Yekaterinburqda azərbaycanlılara qarşı FSB tərəfindən soydaşlarımızın qətlə yetirilməsi ilə nəticələnən hücumların “24 il əvvəl baş vermiş hansısa cinayətin” araşdırılması yox, Rusiya rəhbərliyinin birbaşa göstərişi ilə məqsədyönlü şəkildə atılan addım olduğunu deyə bilərik. Bütün bunların fonunda baş verənlər Rusiyanın düşdüyü bataqlıqdan çıxmaq cəhdlərindən də qaynaqlanır. a) Etnik və dini zəmində diskriminasiyanın şiddətlənməsi Rusiya rəhbərliyinin müharibədən sonra daxili ictimaiyyətin diqqətini yayındırmaq, yaranmış problemlərin “günahkarı” kimi qeyri-rusları göstərmək planıdır: bununla ictimai qəzəbi fərqli istiqamətə yönəltməyə çalışırlar; b) Rusiyada digər xalqlara qarşı şovinizm həmişə mövcud olub, lakin indi bunun körüklənməsi, artıq müsəlmanlara qarşı da yönəlməsi xristian millətçiliyinin önə çıxması və islamafobiyanın alovlanması deməkdir: təkcə Rusiyaya gedən müsəlmanlar yox, bu ölkədə yaşayan müsəlman əhali də islamafobiyanın hədəfinə çevrilir; c) Ukrayna bataqlığından çıxa bilməyən Rusiyada hakim dairələrin həmişə yararlandığı şovinizmi “diri” saxlamaq üçün “fərqli düşmən” axtarışları aparılır; ç) Rusiya Ukrayna müharibəsinin başlanmasından sonra mövqeləri ciddi şəkildə zəifləmiş Cənubi Qaqaza qayıtmağa çalışır, son dövrlər müşahidə edilən proseslər bu kontekstdə təsadüfi deyil. - Ermənistanda Azərbaycana qarşı revanşizm ideyaları gücləndirilir və məhz bu ideyalar üzərində siyasi keryera qurmuş keçmiş “Qarabağ klanı” – Robet Koçaryan, Serj Sarkisyan və dəstələrinin aktivləşməsi bu prosesin tərkib hissəsidir. - Azərbaycana qarşı qondarma “Qarabağ iddiaları” Ermənistandakı revanşistlərlə yanaşı, Rusiyada da müxtəlif səviyyələrdə aktuallaşdırılır;

Hədəf Azərbaycan-Ermənistan arasında yeni müharibəni körükləmək, Bakı-İrəvan xəttində mövcud sülh gündəliyini arxa plana keçirmək və Rusiyanın klassik “hakim” rolunu yenidən qaytarmaqdır. Azərbaycanlılara qarşı hücum bütün bu planın istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

Избранный
7
10
buta.tv

10Источники