AZ

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlılara qarşı keçirdiyi əməliyyat nəticəsində soydaşlarımız qətlə yetirilib, onlarla insan saxlanılıb. Rusiya hüquq-mühafizə orqanları iddia edir ki, “keçirilən əməliyyat” keçmiş illərdə baş vermiş cinayət işinin araşdırılması məqsədi” daşıyır.

Sual yaranır: keçmiş illərdə baş vermiş hansısa cinayətə görə niyə azərbaycanlıların mənzillərinə birbaşa hücumlar edilir, niyə hüquq-mühafizə orqanları basqın etdiyi mənzildə iki soydaşımızı qətlə yetirir, digərləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir? Bütün bunlar niyə məhz indi baş verir?

Rusiyanın əməliyyatın əsası kimi göstərdiyi cinayət işi 2001-ci ildə Səfərovlar qardaşlarının kafesində baş verib. Bu cinayət işi ilə bağlı istintaq illər öncə aparılıb. 24 ildən sonra FSB bir gecədə hərəkətə keçir, Səfərovların mənzillərinə basqın edərək, onları qətlə yetirir, ardınca 50-dən çox azərbaycanlı zorakılığa məruz qalaraq, saxlanılır. Aydın görünür ki, məsələ hansısa “cinayət işi”nin araşdırılması yox, azərbaycanlılara qarşı zorakı hücumların birbaşa hüquq-mühafizə orqanları səviyyəsində aparılmasıdır və bunu ilk növbədə Rusiyada son illər miqrantlara və qeyri-ruslara qarşı şovinist, diskriminasiya, milli ayrı-seçkilik siyasətinin tərkib hissəsi kimi qiymətləndirə bilərik.

Hücumun məhz indi baş verməsinin arxasındakı iki məqsəd aydın görünür:

Birincisi, miqrantların və qeyri-rusların Ukrayna müharibəsində “top yemi” kimi istifadə edilməsi, buna qarşı çıxanların cəzalandırılmasıdır;

İkincisi, soydaşlarımıza hücumlar üzərindən Azərbaycana qarşı təzyiq etməkdir.

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğal müharibəsində yüz minlərlə itki verdiyi sirr deyil. Bu itkilər Rusiya daxilində ictimai narazılığa səbəb olmaqla yanaşı, cəbhədə canlı qüvvə qıtlığı da yaradıb. Rusiya rəhbərliyi həm rusların narazılığını səngitmək, həm də canlı qüvvə itkilərini kompensasiya etmək üçün miqrant və qeyri-rus vətəndaşların müharibəyə cəlb edilməsi istiqamətində addımlarını genişləndirib. Bunu gizlətmirlər də.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin may ayında verdiyi açıqlama bunun rəsmi etirafı idi. Bastrıkin bildirir ki, Rusiya vətəndaşlığını almış 20 min nəfər Ukraynada döyüş bölgəsinə göndərilib:

- “Hərbi istintaq idarəmiz reydlər keçirir. Cəbhə bölgəsinə getmək istəməyən, hətta hərbi komissarlığa gəlmək istəməyən 80 min Rusiya vətəndaşını saxlamışıq, onları hərbi qeydiyyata almışıq və artıq 20 min gənci cəbhə bölgəsinə göndərmişik”.

Məlumatlara görə, Rusiya hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydlər zamanı vətəndaşlığı olan qeyri-ruslara çağırış vərəqəsi verilir və ya saxlanılaraq, birbaşa hərbi komissarlığa aparılır. Bəzi hallarda vətəndaşlığa qəbul edilmiş şəxsləri Rusiya pasportlarından məhrum etməklə və ölkədən çıxarmaq təhdidi ilə müqavilə bağlamağa məcbur edirlər. Aleksandr Bastrıkin 2024-cü ilin iyun ayında verdiyi açıqlamada bildirirdi ki, “bu yaxınlarda Rusiya vətəndaşlığını almış və hərbi xidmət üçün qeydiyyatdan keçməmiş 30 mindən çox əcnəbi saxlanılıb, onlardan 10 minə yaxını cəbhəyə göndərilib”.

Ekstremizmin monitorinqini aparan Sova Araşdırma Mərkəzinin məlumatları da Rusiyada qeyri-ruslara qarşı irqi zorakılığın şiddətləndiyini təsdiq edir. Mərkəzin hesabatında qeyd olunur ki, 2023-cü ildən sonra Rusiyada nifrət cinayətləri və irqi zorakılıq halları kəskin artıb. Zorakılıq etniklərə, xüsusilə Mərkəzi Asiya və Qafqazdan gələnlərə, bir sözlə, qeyri-slavyan görünüşü olan şəxslərə qarşıdır.

Bu zorakılıq birbaşa Rusiya rəhbərliyi tərəfindən idarə olunur və əsas məqsəd miqrantları, qeyri-rus əsilli vətəndaşları müharibəyə cəlb etməkdir. Bu məqsədlə müxtəlif yollara əl atılır. “Novaya qazeta” yazır ki, bir gecədə 3000 miqrant saxlanıldıqdan sonra onlarla görüşə ilk növbədə hərbi komissarlıqların nümayəndələri gəldi və bəyan etdilər: “Vətəndaşlığı olmayan şəxslər orduya qoşularlarsa, onlara Rusiya pasportları veriləcək, bundan imtina edərlərsə, bütün ailələri deportasiya olunacaq və miqrasiya qanunlarını pozduqları üçün cinayət işi açılacaq”.

Rusiya “Miqrant ordusu” yaratmaq üçün həm qanunvericilik müstəvisində addımlar atır, həm də qeyri-qanuni müstəvidə.

- 2024-cü ildə Dövlət Dumasına təqdim olunan qanun layihəsində qeyd olunur ki, yeni vətəndaşlıq almış şəxslər iki həftə ərzində hərbi qeydiyyatdan keçməsələr, vətəndaşlıqları ləğv olunmalıdır.

- Saxlanılan miqrantlar və qeyri-rus vətəndaşlara qarşı cəbhəyə getməyə razı salınması məqsədilə narkotika daşımaq və törətmədikləri cinayətlərlə bağlı ittihamlar irəli sürülür, həmçinin ailə üzvləri və yaxınları ilə təhdid edilirlər.

Lakin hər şey bununla bitmir. Şantaj qarşısında müharibəyə getməyə razılaşan miqrantlar və qeyri-rus vətəndaşlar arasında Ukraynada “top yemi”nə çevrilməyənlər geri qayıtdıqdan sonra vəd olunan kompensasiyanı ala bilmir, əksinə yenidən cəbhənin fərqli istiqamətlərinə göndərilirlər.

Yekaterinburqda azərbaycanlılara qarşı hücumun əsas motivlərindən biri məhz onları şantaj və təzyiq yolu ilə müharibəyə qoşulmağa məcbur etməkdir. Törətmədikləri cinayətlərdə ittiham olunmaları da bundan qaynaqlanır.

Motivlər arasında Rusiyanın son dövrlər Azərbaycana qarşı təzyiq-şantaj siyasəti də yer alır. Və biz məsələyə həm də ötən ilin 25 dekabrında Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması kontekstində baxa bilərik. Baş vermiş bu dəhşətli cinayətlə bağlı rəsmi Bakının konkret tələbləri hələ də aktualdır.

Seçilən
9
10
publika.az

10Mənbələr