İtaliyalı futbol mütəxəssisi Alberto Cilardino yeni mövsümdə A Seriyasında mübarizə aparacaq “Piza”ya baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, “Piza”nın baş məşqçisi Filippo İnzaqi bir neçə gün öncə istafa vermişdi. Cilardinonun sonuncu iş yeri isə “Cenoa” olub. O, 2024-cü ilin noyabrında bu klubdan ayrılandan işsiz idi.
Alberto Cilardino 2022-ci ilin dekabr ayından “Cenoa”ya rəhbərlik edirdi. 42 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 79 oyunda meydana çıxarıb. Bu görüşlərdə genuyalılar 32 qələbə qazanıb, 23 heç-heçə edib, 24 məğlubiyyətə üzülüblər.
Cilardino daha öncə “Syena”, “Pro Verçelli” və “Ressato” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
Yeri gəlmişkən, “Piza” heyətini yeni oyunçu ilə gücləndirib. A Seriyasına yüksələn klub “Frozinone”dən İsak Vuralı transfer edib. Bu transfer “Piza” üçün 4,5 milyon avroya başa gəlib. 19 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.
Türkiyənin U-21 millisinin üzvü ötən mövsüm “Frozinone”də 24 rəsmi matçda 2 məhsuldar ötürmə müəllifi olub.