1-ci liqa təmsilçisi “Zaqatala” da belə klassik şanssızlıq yaşayan klublar sırasındadı. Ötən il fevralın 12-də Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə “Zaqatala” və “Music Gallery” arasında sponsorluq müqaviləsi imzalananda zaqatalalı azarkeşlərin sevinci yerə-göyə sığmırdı. Amma işbirliyi cəmi bir il davam etdi. Adı çəkilən şirkətdə rəhbər dəyişikliyindən sonra sponsorluq anlaşmasının ömrü başa çatıb.
Komandanın baş məşqçisi Rüstəm Məmmədovun fikirləri:
“Bəli, “Music Gallery”inin gələn mövsümdən olmayacağından xəbərdaram. Onlarla hansısa problem yoxdu. Mövsümün əvvəlində 6 aylıq, daha sonra yenidən 6 aylıq müqavilə bağlandı. İndi də müqavilə müddəti başa çatıb”.
Baş məşqçidən qarşıdakı mövsümlə bağlı planları da soruşduq: “Format necə olacaq, çempionat nə vaxt başlayacaq - bəlli deyil. Futbolçular üçün yaş limiti olub-olmayacağını da bilmirik. AFFA-nın nə qədər pul ayıracağından da xəbərimiz yoxdu. Buna görə də heç bir işə başlaya bilmirik, gözləyirik”.
MÜZƏFFƏR QULUZADƏ