RU

“Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər”

Bakıda beynəlxalq tematik konfrans keçirilib

Dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib. Konfrans Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak ediblər.

Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələlər geniş müzakirə edilib. Eyni zamanda, departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Qvadelupun Fransanın müstəmləkəçiliyinə çevrilməsi Fransanın bərabərsizlik siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, BTQ müasir dünyada yeni müstəmləkəçiliyi qəbul etmir. Bu baxımdan da Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir.

Qvadelup nümayəndəsi Jose Bvakanpeç isə qeyd edib ki, artıq dörd əsrdir Qvadelup qanlı müstəmləkəçiliyə məruz qalıb: “Bizim torpağımızda bir çox xalqların qanı axıb. Bunun səbəbkarı isə Fransadır. Qərbin müstəmləkəçilik siyasəti nəticəsində bir çox insan həyatını itirib. Onlar insanları alət kimi istifadə edirdilər”.

Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) baş katibi Jean-Jacob Bicep çıxışında bildirib ki, Azərbaycan bizdən uzaq olsa da, amalımız eynidir - suverenlik, ədalət bərpa olunsun: “Biz sivil mübarizə aparmağa çalışırıq. Çünki bizi reallıqdan, öz kökümüzdən uzaqlaşdırmağa çalışırlar. İqtisadi, siyasi, sosial öz talelərini müəyyənləşdirməlidir. Hər birimiz dünyanın azadlığı uğrunda çalışmalıyıq. Biz öz mübarizəmizi davam etdirməkdə qətiyyətliyik. Azərbaycana bizə verdiyi dəstəyə görə təşəkkür edirəm”.

Onun sözlərinə görə, qvadelupluların səlahiyyətləri əlindən alınır: “Bizim yeganə vergi səlahiyyətimiz də əlimizdən alınıb. Beləliklə, Qvadelup məhsulları sıradan çıxarılıb. İqtisadiyyat, kənd təsərrüfatının davamlılığı, alternativ enerjiyə əlçatanlılıq barədə ciddi problemlərimiz var. Aparılan iqtisadi siyasətlərin qida suverenliyinə yönəlməməsi səbəbindən biz banan kimi məhsulları ixrac etmək imkanına malik deyilik”. Jean-Jacob Bicep gömrük, ticarət sazişləri barədə də problemlərinin olduğunu diqqətə çatdırıb. “İqtisadi müstəqilliyə nail olmaq üçün Avropa İttifaqının gömrük siyasətindən çıxmaq lazımdır. Bu qərar öz ticarətimizi inkişaf etdirməyə, iqtisadi, siyasi müstəqil olmağımıza yardım edəcək. Avropa İttifaqının kənd təsərrüfatı siyasəti Qvadelupun kənd təsərrüfatı və sanitar təhlükəsizliyinə maneələr yaradır. Biz regional tərəfdaşlarımıza tərəf yönəlməliyik. Ona görə də Fransa və Avropanın digər ölkələri ilə münasibətlərimizə yenidən baxmalıyıq”,-deyə o, söyləyib.

Konfransda digər çıxış edənlər də Qvadelupun problemlərindən danışıblar. Çıxışlarda  Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi diqqət mərkəzində olub.

Qeyd edək ki, “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu və MİR Qvadelup arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və MİR Qvadelup təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (FID) katibi Joze Martin Jan Pyer imzalayıblar. Memorandum partiyalar, QHT-lər, müstəqillik hərəkatları arasında yalnız siyasi müstəvidə deyil, ətraf mühit, mədəniyyət və digər sahələrdə də sıx əməkdaşlığı nəzərdə tutur.

Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə dünən Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri & rəqsləri” adlı konsert də keçirilib. Mədəni proqramda Qvadelup musiqisi ilə Azərbaycan musiqisinin harmoniyası tamaşaçılara təqdim edilib. Müstəmləkə əsarətində saxladığı xalqların mədəniyyətlərini sistemli şəkildə boğmaq siyasətini davam etdirən Fransa, koloniyaları “fransızlaşdıraraq”, yerli xalqların milli kimliklərini zəiflətməyə çalışır. Bu kontekstdə, Bakı şəhərində Qvadelupun mədəni irsi ilə Azərbaycan mədəniyyətinin harmoniyasını birləşdirən unikal təşəbbüsün həyata keçirilməsi və mədəni həmrəyliyin gücləndirilməsi müstəmləkəçiliyə qarşı mübarizənin, həm də mədəni platformada davam etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

N.BAYRAMLI

Избранный
9
9
yeniazerbaycan.com

10Источники