BAKI, 25 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada davam edən münaqişəyə son qoymaq istədiyinə əmin olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə NATO sammitindən sonra Haaqada keçirdiyi mətbuat konfransında danışıb.
“O, bu məsələni həll etmək vəbu vəziyyətdən çıxmaq istərdi,” – deyə Tramp qeyd edib.
Prezidentin sözlərinə görə, yaxın zamanlarda Putin ona İranla bağlı məsələdə yardım təklif etsə də, o, bu təklifi qəbul etməyib: “Xeyr, Ukrayna ilə Rusiya arasındakı münaqişədə mənə kömək edə bilərsiniz,” - deyə Tramp cavab verdiyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran Tramp, Rusiyanın Ukraynadan kənarda ərazi iddiaları ilə bağlı ehtimallar və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin mövqeyi ilə razılaşıb-razılaşmadığına da toxunub: “Ola bilər, bəli,” - deyə cavab verib.
Tramp, həmçinin ABŞ-ın son həftələrdə beynəlxalq diplomatik sahədə irəliləyişlər əldə etdiyini qeyd edib.
O bildirib ki, Vaşinqton Hindistan və Pakistan arasında gərginliyin azaldılmasında, eləcə də Kosovodakı vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayıb.