İran-İsrail qarşıdurması, uzaqdan baxanda, mentalitetlə mədəniyyətin toqquşması kimi görünür.Mentalitet tərəfdən İran, mədəniyyət tərəfdən İsrail döyüşür. Mentalitetlə mədəniyyətin fərqi nədir?
Mədəniyyət odur ki, onun yaratdığı bütün maddi-mənəvi məhsullardan bütün xalqlar yararlanır, yaxud yararlanmaq istəyir.
Mentalitet isə odur ki, ancaq öz xalqının maddi-mənəvi ehtiyaclarını ödəyir.
Mental baxımdan İran və İsrail arasında ciddi fərq yoxdur: biri Mehdinin yolunu gözləyir, o biri Məsihin. Yəni hər iki xalq mental baxımdan eyni cəhalətin yuxusunu görür.
Amma yəhudilər bu müharibədə öz mentalitetlərindən daha çox, Qərb texnologiyasıyla iştirak edirlər. Baxmayaraq ki, hücumlarına ad seçəndə bəzən Tövratı vərəqləyirlər.
Bəzən çoxsaylı yəhudi alimlərinin varlığı yəhudi mentaliteti ilə əlaqələndirilir. Mümkün deyil! Mentalitet bəşəri olana qarşıdır. Mentalitet dünyəvi insan yetişdirə bilməz.
İran mentaliteti kimi yəhudi mentaliteti də özü-özlüyündə mütərəqqi insan yetişdirə bilməz. Yəhudi alimlərinin yəhudiliklə çox az əlaqəsi var.
Bu alimlər Qərb mədəniyyətinin “övladlarıdır”. O Qərb mədəniyyətinin ki, orada mənşəcə zənci olan da dünyaca faydalı psixiatr (Frans Fanon), dünyanı idarə edən prezident (Obama) ola bilirlər.
Müasir İran gücünü mentalitetdən alır, bəşərə qarşıdır. Dünyanın yerdə qalanını mentalitetinin şübhəli, bəzən düşmən gözləriylə izləyir. Üstün texnologiyalardan yaralanıb bu illər ərzində düzəldə bildiyi raketlər də mentaliteti qorumaq üçündür. İranda İran mədəniyyəti dediyimiz şey də mentalitetin əsiridir.
Müasir İsrail isə bunun tam əksidir. Mental dəyərləri qorumaqla deyil, dünyəvi dəyərlər yaratmaqla məşğuldur. Dünyanın gözü İsrail laboratoriyalarında aparılan təcrübələrdədir.
Yaponlar bu dünyəvilik prinsipini özlərinin yeni qəbul etdikləri təhsil proqramlarına da daxil ediblər. Dünyanın karına gələn yapon yetişdirmək yapon təhsil sisteminin əsas üç tezisindən biridir.
Bunları yazmaqda məqsədim Yaxın Şərqə fövqəldron mövqeyindən baxmaq deyil. İçində yaşadığımız tarixin səthi, cari görüntülərinə deyil, daha alt qatlarında gizlənmiş və bizə faydası toxunacaq səbəb və nəticələrini araşdırmağın faydalılığına işarə etməkdir.