RU

Ukrayna-Rusiya və İran-İsrail müharibəsi 8 Noyabr zəfərinin önəmi haqqında nə deyir?

2020-ci ili 27 sentyabr tarixində başlayan və elə həmin ilin 10 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsinin üzərindən 5 il keçsə də, Azərbaycan Ordusunun bu müharibədə sərgilədiyi peşəkarlıq, bəşəriyyətə təqdim etdiyi yeni hərb mədəniyyəti bu gün də öz təkrarsızlığı ilə diqqət çəkməkdədir. Rusiya-Ukrayna və İran-İsrail müharibələri fonunda bu zəfər və ona aparan yolun əhəmiyyəti daha aydın dərk olunmaqda, beynəlxalq arenada daha çox rəğbət doğurmaqdadır.

Müasir müharibələrin 8 Noyabr zəfərinin əhəmiyyətini necə və niyə artırdığını anlamaq üçün bəzi nüanslara nəzər salmaq kifayətdir.

Heç bir mülki şəxs və infrastruktura zərər vermədən aparılan yeganə azadlıq müharibəsi...

Artıq üç ildən çoxdur ki, davam edən Ukrayna-Rusiya müharibəsi və təxminən iki həftə bundan öncə başlayan İran-İsrail müharibəsi, bu müharibənin mülki insanların həyata gətirdiyi sonsuz fəlakət və bədbəxtliklər Azərbaycanın 8 Noyabr zəfərini və bu zəfərə gedən yolda sərgilədiyi humanizmin önəmini bir kəs daha aktuallaşdırır. Ukrayna-Rusiya müharibəsi zamanı onlarla şəhərin, yüzlərlə kəndin yer üzündən silinməsi, İran-İsrail müharibəsi zamanı hər iki tərəfdən mülki insanlar arasında qeydə alınan xəsarətlər Vətən müharibəsinin unikallığını daha parlaq şəkildə ortaya qoyur.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi müasir tariximizdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir mülki şəxs və infrastruktura zərər vermədən aparılan yeganə müharibədir.

Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri 44 günlük hərbi əməliyyatlar zamanı düşmənin yalnız və yalnız hərbi obyektlərini hədəf almış, heç bir mülki şəxsə xəsarət yetirməmişdir. Bu, dünya hərb mədəniyyəti tarixində nadir görülən müharibələrdən biridir və bu faktor Azərbaycan Ordusunun hər bir hücum əməliyyatını zərgər dəqiqliyi ilə həyata keçirdiyi göstərir.

Azərbaycan Ordusunun digər ordulardan ən böyük üstünlüyü onun qələbəyə döyüş meydanında nail olması, mülki şəxs və obyektləri hədəf seçməməsi oldu. Bu reallıq Prezident İlham Əliyevin çıxış və müsahibələrində də dəfələrlə dilə gətirilib, məxsusi olaraq vurğulanıb. Nümunə üçün qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci ilin mart ayında Ağdamın Sarıcalı kəndində inşa edilən yeni mənzillərə köçən sakinlərlə görüşündə deyib:

“Bildiyiniz kimi, müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatlar keçirilmirdi, çünki düşmən güclü istehkamlar qurmuşdu və hər tərəf minalanmışdı. Ona görə biz Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdıq və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Azərbaycan yenə də humanistlik göstərdi və düşmənə şans verdi ki, öz xoşu ilə bu torpaqlardan çıxsın. Əks təqdirdə, bu bölgədə mühasirədə qalmış 10, bəlkə də 15 minlik Ermənistan ordusunun kontingenti tamamilə məhv ediləcəkdi. Yəni, yenə də Azərbaycan dövləti humanistlik göstərdi o ünsürlərə ki, onlar buna layiq deyillər. Çünki bizə qarşı heç bir humanistlik göstərilməmişdi. Bizə qarşı soyqırımı törədilmişdi. Xalqımız böyük əzab-əziyyətlərə məruz qalmışdır. Bizim şəhərlərimiz viran qoyuldu, kəndlərimiz, şəhərlərimiz dağıdıldı. Körpələrimiz, qadınlarımız vəhşi düşmən tərəfindən qətlə yetirildi. Amma mən müharibə zamanı demişdim, biz qisasımızı döyüş meydanında alırıq və almışıq”.

Prezidentin bu açıqlaması bir daha Azərbaycan Ordusunun digər ordulardan fərqini ortaya qoyur və sübut edir ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt heç bir situasiyada humanizm prinsipindən imtina etməyib, hər zaman beynəlxalq hüquq və konvensiyaların tələblərinə, eləcə də insani dəyərlərinə ciddi əməl edib.

Şuşa əməliyyatı Azərbaycan Ordusunun hərbi alicənablığının ən böyük isbatıdır

Azərbaycan Ordusu Vətən müharibəsi zamanı həyata keçirdiyi hər bir hücum əməliyyatı zamanı yalnız hərbi hədəflərə atəş açmaqla “məqsəd vasitəyə haqq qazandırır” şüarının onun üçün keçərli olmadığını, mülki insan və obyektlərə zərbə endirməklə düşmən içərisində çaxnaşma yaratmaq niyyətindən uzaq olduğunu isbatladı. Şuşa əməliyyatı və bu əməliyyat zamanı ortaya qoyduğu davranış Azərbaycan Silahlı Qüvvələrinin hərbi alicənablığının ən böyük isbatı oldu. Şuşa şəhərinin tarixiliyini, buradakı maddi-mədəniyyət nümunələrinin çoxluğunu, habelə, mülki insanların da xəsarət ala biləcəyini nəzərə alan ordu rəhbərliyi şəhəri heç bir artilleriya və aviasiya dəstəyi olmadan azad etməyə qərar verdi. Və bu qərar Azərbaycan Silahlı Qüvvələri tərəfindən böyük bacarıq və yüksək dəqiqliklə yerinə yetirildi. Şuşa bir mərmi belə atılmadan azad edildi. Azərbaycan Silahlı Qüvvələri yalnız yüngül atıcı silahlardan istifadə etməklə tarixi və strateji şəhəri erməni faşistlərindən təmizlədi.

Bu gün Azərbaycan Ordusu bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantı rolunda çıxış edir. Bütün məkirli və təxribatçı qüvvələrin qarşısı ordumuz tərəfindən qətiyyətlə  alınmaqda, bölgədə sülh və əmin-amanlıq hökm sürməkdədir. Və hər kəs əmin ola bilər ki, Azərbaycan Ordusu bundan sonra da regional sülhün əsas təminatçısı olaraq qalacaq, sadəcə respublikamızın deyil, bölgəmizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.

Seymur ƏLİYEV

 

Избранный
25
moderator.az

1Источники