RU

VTB-nin rəhbəri: "Dolların inhisarçılıq dövrü yavaş-yavaş sona çatacaq"

Rusiyanın ən böyük banklarından biri olan VTB-nin rəhbəri Andrey Kostin ABŞ-ın dolları siyasi məqsədlərlə istifadə etdiyini, bunun isə dolların mövqeyini zəifltdiyini bildirib.

Qeyri-qanuni sanksiyalara qarşı strategiya

Valyuta.az xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Anadolu" agentliyinə açıqlama verən Kostin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qeyri-qanuni olduğunu vurğulayaraq bildirib:

"Sanksiyalara artıq öyrəşmişik, bu səbəbdən bu gün bizim üçün ciddi problem yaratmırlar. Sanksiyalar əlbəttə ki, mənfidir, amma bu şərtlər altında işləməyə məcburuq".

ABŞ-ın prezidenti Donald Tramp dövründə sanksiya siyasətində müəyyən durğunluq yaşandığını xatırladan Kostin deyib:

"Sanksiyaların uzun müddət qalacağına hər zaman hazır olmuşuq. Ciddi dəyişiklik olacağına inanmırıq. Strategiyamız sanksiyalar şəraitində uğurla işləyir. Son iki ildə rekord həcmdə mənfəət əldə etmişik".

VTB-nin ötən il təxminən 500 milyard rubl (təxminən 6,4 milyard dollar) qazanc əldə etdiyini bildirən Kostin Rusiyada inflyasiya və yüksək faiz dərəcələrinin iqtisadiyyata mənfi təsir göstərdiyini deyib.

İqtisadi artım yavaşlayır

Kostin yüksək əsas faiz dərəcələrinin iqtisadi artımı yavaşlatdığını deyərək əlavə edib:

"Keçən il 4 faiz artım əldə etmişdik, bu il isə artım 2 faizin altına düşəcək. Bu, təbii ki, iqtisadiyyat üçün müsbət deyil. Rubl isə güclü mövqedədir. Bu ixracatçılar üçün yaxşıdır, lakin idxalatçılar üçün mənfi təsir yaradır".

Türkiyə ilə münasibətlər və dolların gələcəyi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməsə belə, ABŞ-ın bu istiqamətdə atacağı bir addımın əhəmiyyətli nəticələr doğura biləcəyini deyən Kostin bildirib:

"Bu, şübhəsiz ki, Türkiyə ilə münasibətlərimiz üçün də keçərlidir. Lakin bu barədə danışmaq üçün hələ tezdir. Durumu izləyirik və ən yaxşısına ümid edirik".

BRICS çərçivəsində yeni maliyyə modelləri

Rus banklarına qarşı tətbiq olunan sanksiyalar fonunda BRICS daxilində alternativ maliyyə sistemlərinə dair təşəbbüslərlə bağlı danışan Kostin bildirib ki, hələlik konkret addımlar atılmayıb. 

O qeyd edib ki, BRICS yaxın vaxtlarda əhəmiyyətli dərəcədə genişlənib və bu qədər ölkənin ortaq qərarlar qəbul etməsi asan deyil. Kostin BRICS daxilində vahid valyutanın yaradılmasının gündəmdə olmadığını da əlavə edib.

Alternativ maliyyə mexanizmləri zərurəti

Qlobal maliyyə sistemində alternativ mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayan Kostin bildirib ki, Qərb ölkələri maliyyə sistemlərini və valyutalarını bir silah kimi istifadə edir. Körfəz, Çin və digər bölgələrdə yeni və böyük maliyyə mərkəzlərinin formalaşdığını bildirən Kostin deyib:

"Bu bölgələrdə çoxlu vəsait var, amma bu pullar hələ də London və Nyu-Yorkdan keçir. Müasir rəqəmsal texnologiyalar prosesi daha səmərəli və müdaxilədən uzaq həyata keçirməyə imkan verir. Bunu mütləq etməliyik".

Türkiyə ilə ödəniş problemləri

Maliyyə qurumlarının "çəkingən" olduğunu deyən Kostin əlavə edib:

"Türkiyə ilə ödənişlərdə ciddi problemlərimiz var. Türkiyə Rusiyaya ticarət baxımından böyük dəstək verir. Ticarət dövriyyəmiz artıq 52,5 milyard dolları keçib. Milli valyutalarla ödənişlər bu problemləri həll edə bilər, amma bəzi banklar bundan çəkinir".

O həmçinin bildirib ki, ABŞ-ın siyasətləri dolların dəyərinə zərər vurur və bu səbəbdən Çin ABŞ istiqrazlarını əlindən çıxarır. Kostin deyib:

"Biz sanksiyalardan asılı olmayaraq ödənişləri milli valyutalarla həyata keçirməli və əlimizdə olan imkanlardan istifadə etməliyik. Eyni zamanda yeni ödəniş sistemi də yaratmalıyıq".

Rəqəmsal texnologiyalar və gələcəyin ödəniş sistemləri

Rəqəmsal texnologiyalar, süni intellekt və blokçeyn texnologiyalarının sürətlə həyatın bir hissəsinə çevrildiyini bildirən Kostin əlavə edib:

"Gələcəkdə rəqəmsal ödənişlər və rəqəmsal valyutalar bu sahəni izləyəcək. Bu isə bizə daha effektiv və müstəqil bir sistem yaratmağa imkan verəcək. Dollar və ya avrodan daha üstün bir ödəniş modeli olacaq".

O, Rusiyada uzun müddətdir rəqəmsal rublun istifadəsinin gündəmdə olduğunu və gələcəyin rəqəmsal valyutalarda olduğunu bildirib.

Qlobal səviyyədə artan qızıl marağı

Qlobal miqyasda artan qızıl marağına da toxunan Kostin qeyd edib:

"ABŞ-ın keçmiş prezidenti Donald Tramp dolların siyasi məqsədlərlə sərt şəkildə istifadəsinin təhlükəsini daha ciddi qiymətləndirirdi. Çin də daxil olmaqla böyük ölkələr bunu ciddi şəkildə nəzərə alır və buna görə də ABŞ istiqrazlarına yatırımlarını azaldır. Düşünmürəm ki, dollar sabah və ya birigün yox olacaq, lakin on il ərzində ciddi bir eniş görürəm. Bu səbəbdən alternativ sistem yaratmalıyıq. Qlobal Cənub dövlətləri fərqli ödəniş üsullarını nəzərdən keçirməlidir. Dolların inhisarçılıq dövrü yavaş-yavaş sona çatacaq".

Paşa Məmmədli

Избранный
23
valyuta.az

1Источники