38 yaşlı belçikalı hücumçu Dris Mertens sonuncu klubu “Qalatasaray”ın heyətində futbolçu karyerasına xitam verib.
Arena.az “NapoliNetwork” dərgisinə istinadən məlumat verir ki, Mertens özü bu barədə bildirib.
Buna rəğmən Mertens, vurğulayıb ki, “Napoli”də keçmiş komanda yoldaşı olmuş 37 yaşlı slovak mərkəz yarımmüdafiəçisi Marek Hamşikin vida oyununda meydana çıxacaq. Məhz bu oyun Mertensin futbolçu karyerasında sonuncu oyun olacaq.
Dris Mertens “Gent”in məzunudur. Belçikalı futbolçu karyerası ərzində “Endraxt Alst”, “AGOVV”, “Utrext”, “PSV Eyndhoven”, “Napoli” və “Qalatasaray”da çıxış edib.
Sonuncu mövsümündə Mertens “Qalatasaray”da 52 oyun keçirib, 6 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.
Mertens 2011-ci ilin fevral ayında debüt etdiyi Belçika yığmasının heyətində 109 oyun keçirib 21 qol vurub, 33 məhsuldar ötürmə verib.
Mertensin karyerasının ən parlaq dövrü “Napoli”ilə bağlıdır. “Eşşəkciklər” üçün Mertens ümumilikdə 397 oyuna 148 qol və 90 məhsuldar ötürmə ilə fərqlənib.
Mertens “PSV Eyndhoven”lə Niderland çempionluğunu və ölkə super kubokunu, “Napoli” ilə İtaiya çempionluğunu (2 dəfə) və ölkə super kubokunu və “Qalatasray”la Türkiyə çempionluğunu (3 dəfə), ölkə kubokunu və ölkə super kubokunu qazanıb.