ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, bu yay iki mühüm futbolçu “Qalatasaray”ı tərk etdi. "Football-plus.az" xəbər verir ki, söhbət Fernando Muslera ilə Dris Mertensdən gedir. Hər iki ismin gələcək taleyinə dünən rəsmən aydınlıq gəlib. Muslera Argentina təmsilçisi “Estudiantes”lə ilyarımlıq müqavilə imzalayıb. Mertens isə karyerasını bitirdiyini açıqlayıb. O, sosial şəbəkədə paylaşım edərək iyulun 5-də Bratislavada Marek Hamşikin vida matçında iştirak edəcəyini və bunun karyerasındakı son oyun olacağını bildirib. Hamşik ilə Mertens “Napoli”də uzun illər birlikdə top qovub. Tanınmış slovakiyalı futbolçu yaxın keçmişdə “Trabzonspor”da da çıxış etdiyi üçün burdakı sabiq komanda yoldaşları – Uğurcan Çakır, Abdulkadir Ömür və Anastasios Bakasetas da onun vida oyununda iştirak edəcək. Qısaca qeyd edək ki, “Gent”in yetirməsi olan 38 yaşlı Mertens karyerası ərzində AQOVV, “Utrext”, PSV, “Napoli” və “Qalatasaray”da forma geyib. O xüsusilə 9 il şərəfini qoruduğu “Napoli”də böyük iz buraxıb və 148 qolla klub tarixinin ən məhsuldar oyunçusudu. Karyerası ərzində 10 titul qazanıb ki, bunun da 5-ni Türkiyədə əldə edib. Bəlkə də Mertens 2022-də Türkiyəyə gələrkən burda karyerasının bu qədər uğurlu alınacağını düşünmürdü. Amma o, 136 qarşılaşmda 25 qol, 44 məhsuldar ötürməlik yaddaqalan performans sərgilədi və ardıcıl 3 çempionluq qazandı. Bu arada belçikalı ulduz son açıqlamalarını “Qalatasaray”ın rəsmi “yutub” səhifəsinə verib. * Həmişə “Qalatasaray”dan söhbət düşəndə qollarımdan, ötürmələrimdən və çempionluqlarımdan savayı çox böyük bir camiə olduğundan bəhs edəcəm. Həqiqətən də bura mənim qəlbimdə böyük bir ailə kimi iz buraxdı. Bu məqamı özümlə birlikdə yaşadacam və hər yerə aparacam. Gələcəkdə məndən məsləhət istəyən futbolçulara mütləq “Qalatasaray”a keçməyi məsləhət görəcəm. * Ötən yay superkubokda “Beşiktaş”a uduzandan sonra nə qədər çox üzülsək də, onları alqışlamalıydıq. Əslində məhz onları alqışlamağa gedərkən sonrakı finallar və uğurlar üçün böyük bir enerji aldıq. Sonradan Okan Buruk da bunu bir neçə dəfə bizə xatırlatdı. Neqativ enerjini pozitivə çevirməyimizi istədi. Biz də məhz bunu etdik.* Mən Türkiyəyə Torreyra ilə eyni təyyarədə gəlmişdim. Məşqlərə hər zaman ən birinci o gəlir və hamıdan da yaxşı çalışır. Məşq meydançasına birinci o ayaq basır. Elə başqaları da əlindən gələni edir. Zatən biz məhz bu üzdən ardıcıl üç çempionluq qazandıq. İkardiyə qazandığımız ilk iki çempionluğa görə təşəkkür edirəm. Birincini, demək olar, təkbaşına qazandı. Amma üçüncüdə əsas pay sahibi Osimhen oldu. O olmasaydı, çox çətinliklər yaşaya bilərdik. * Barış Alpər Yılmaz xaraketrcə mənə bənzəyir. Adi vaxt deyib-gülməyi xoşlayır. Amma çalışmaq zamanı gələndə çox ciddi olur. İndiki səviyyə ilə kifayətlənməyən və bu günlə yaşamayan bir futbolçudu. Həmişə daha artığına nail olmaq istəyir. Son çempionluğun ardından yanıma gəldi və gələcəyi ilə bağlı xeyli söhbət etdik. “Qalatasaray”ın onun üçün kəsb etdiyi mənadan danışdıq. Məndən xeyli gənc olsa da, ondan çox şey öyrəndim.* Bura gəlməmiş Sneyderlə danışmışdım. İstanbuldakı həyatla bağlı mənə çox şey anlatmışdı. Ən yaxşı seçimin “Qalatasaray” olduğunu demişdi. Onun tövsiyələrinin mənə böyük faydası dəydi. Əslində onun kimi “14” nömrəli formanı geymək istəyirdim. Amma həmin an bu nömrə boş deyildi. Sonra Ərdən Timur “10” nömrənin boş olduğunu dedi və bunu mənə təklif etdi.* “Qalatasaray”da heç vaxt üzərimdə mütləq çempionluq təzyiqi hiss etmədim. Bəlkə də bu, baş məşqçimizin sayəsində mümkün oldu. O hər zaman üzərimizdəki təzyiqi aradan qaldırmağı bacarırdı. Belə şeyləri çox gözəl anlayan, komandanın özünü sərbəst hiss etməsi üçün əlindən gələni edən bir məşqçidi. Finallar qalib gəlmək üçündü. Xüsusilə “Qalatasaray” kimi böyük klublarda bu, daha yaxşı hiss olunur. Bu klub həmişə lazımi və doğru anda özünü göstərə bilir. * Müqaviləyə ilk imza atdığım anlarda Ərdən Timur hər zaman “ÇL-i qazana bilərik” cümləsini işlədirdi. Buna gülməyim gəlirdi və “əvvəlcə çempion olmalıyıq” deyirdim. Bu üç çempionluğun ardından deyə bilərəm ki, “Qalatasaray” bu müddət ərzində çox böyüdü. Bizim məğlub etdiyimiz “Tottenhem” Avropa Liqasının qalibi oldu. Onların zəfərini görəndən sonra öz-özümə “biz də orda olmağa layiq idik” dedim. Yəni Avropada daha yaxşı çıxış edə bilərdik. Gələn mövsüm ÇL-də oyunlara yaxşı köklənəcəyimiz təqdirdə ciddi addımlar ata bilərik. Bu, baş məşqçimizin əsas hədəflərindən biridi. * Məncə, ikinci mövsümümüzdə həqiqətən xarüqələr yaratdıq. “Fənərbaxça” 99 xal topladı. Bu, onlar üçün rekord idi. Amma yenə də çempion ola bilmədilər! Zirvə bizə qismət oldu. Belə şeylər onların motivasiyasına təsir edir. Çünki bacardıqlarından da artığını etsələr də, biz 102 xalla çempion olduq! İnsanlar mənə “Fənərbaxça”ya vurduğum bir qolun 15 qol dəyərində olacağını deyirdilər. Derbidə fərqlənərkən həmin an bu qolun həqiqətən də çox dəyərli olduğunu anlamışdım.* Bura ailəlikcə gəlməyimiz, övladlarımızı gətirməyimiz “Qalatasaray”ın necə böyük bir ailə olduğunu göstərir. Heç kim problem çıxarmır. Hamı bir-biri ilə gözəl anlaşır. Okan Buruk mənə oğlum Çironun artıq klubun maskotuna çevrildiyini və bütün ev matçlarına gəldiyini söylədi. Oğlumu burdan necə ayıracağımızı bilmirəm. Bu aralar çox ağladığım üçün buna da bir çarə tapacam. Gələcəkdə buranı çox ziyarət edəcəm. Çiroya da bunun son olmadığını və bura hələ çox gələcəyimizi dedim. O, səhərlər oyanıb məktəbə getməyi sevmir. Məktəb əvəzinə “ata, “Qalatasaray”a gedə bilərikmi”, - deyə soruşur. Ən çox məhz bunun üçün darıxacam.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.