RU

“Yevlax” qovşaq yarımstansiyasının Regional Təlim-Tədris və Laboratoriya Mərkəzində kurslar təşkil olunacaq - FOTO

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinə media-tur təşkil edilib.

APA-nın yerli bürosu xəbər verir ki, media-turda bildirilib ki, “Yevlax” qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi. Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən “Varvara” Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Yarımstansiyanın iş rejiminə real zaman çərçivəsində nəzarət edilir. Enerji obyekti ən son rəqəmsal texnologiyalara əsaslanan kommutasiya avadanlıqları ilə təchiz edilməklə, elektron resursların kibertəhlükəsizliyi tam təmin olunub. Enerjisistem üzrə bu tip innovativ texnologiyaların tətbiqi planlı və qəza təmiri xərclərini 35 faiz, ehtiyat hissələrə tələbatı 29 faiz, təmir işləri üzrə materialların gözlənilmə vaxtını və ehtiyatların normadan artıq olmasını 30 faiz, normativdən artıq iş saatlarını isə 25 faiz azaltmaqla səmərəliliyi yüksəldir. Burada müasir sayğac-uçot sistemi də quraşdırılıb.

Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu və simulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrə mühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Bu da bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğun artırılmasına töhfə verəcək.

Tədris prosesinin əyani keçirilməsi, bilik və bacarıqların daha yaxşı mənimsənilməsi üçün yarımstansiyanın həyətyanı sahəsində transformatorlar, müasir kommutasiya qurğuları, hava və kabel xətlərinin komponentləri ilə tam təchiz edilmiş tədris simulyatoru yaradılıb. Müasir innovasiyalara əsaslanan test-diaqnostika avadanlıqları ilə təchiz olunan Laboratoriya Mərkəzində isə kimya və ekologiya, elektrik avadanlıqlarının sınağı və nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyaları da fəaliyyət göstərəcək. Laboratoriya Mərkəzi həm də paylayıcı şəbəkə, dəmir yolu infrastrukturu və sahibkarlıq subyektlərinin elektroenergetika avadanlıqlarının test-diaqnostika işlərinin həyata keçirilməsinə dəstək olacaq.

Bildirilib ki, son beş ildə "AzərEnerji" ASC tərəfindən ümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğunda yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.

“Yevlax” “Yevlax” “Yevlax” “Yevlax” “Yevlax” “Yevlax” “Yevlax” “Yevlax”
Избранный
4
18
apa.az

10Источники