AZ

180 mindən artıq əhalinin elektrik təchizatında önəmli rol oynayan “Yevlax” qovşaq yarımstansiyası yenidən qurulub

 

Yevlax, 24 iyun, Vüsalə Cənnətova, AZƏRTAC

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyası Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə tamamilə yenidən qurulub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla, 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən “Varvara” Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyanın iş rejiminə real zaman çərçivəsində nəzarət edilir.

Enerji obyekti ən son rəqəmsal texnologiyalara əsaslanan kommutasiya avadanlıqları ilə təchiz edilməklə, elektron resursların kibertəhlükəsizliyi tam təmin olunub. Enerjisistem üzrə bu tip innovativ texnologiyaların tətbiqi planlı və qəza təmiri xərclərini 35 faiz, ehtiyat hissələrə tələbatı 29 faiz, təmir işləri üzrə materialların gözlənilmə vaxtını və ehtiyatların normadan artıq olmasını 30 faiz, normativdən artıq iş saatlarını isə 25 faiz azaltmaqla səmərəliliyi yüksəldir. Burada müasir sayğac-uçot sistemi də quraşdırılıb.

Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu və simulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrə mühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Bu da bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğun artırılmasına töhfə verəcək. Müasir innovasiyalara əsaslanan test-diaqnostika avadanlıqları ilə təchiz olunan Laboratoriya Mərkəzində isə kimya və ekologiya, elektrik avadanlıqlarının sınağı və nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyaları da fəaliyyət göstərəcək. Laboratoriya Mərkəzi həm də paylayıcı şəbəkə, dəmir yolu infrastrukturu və sahibkarlıq subyektlərinin elektroenergetika avadanlıqlarının test-diaqnostika işlərinin həyata keçirilməsinə dəstək olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 23-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.

 

Seçilən
0
18
azertag.az

10Mənbələr