Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünən Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramına start verilib.
“Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, sözügedən proqram gənc jurnalistlərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaqla yanaşı, onları informasiya mühitində mövcud çağırışlara cavab verə bilən peşəkar kadrlar kimi formalaşdırmağı hədəfləyir. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli tədris proqramının Azərbaycanda informasiya mühitinin inkişafı və jurnalistlərin beynəlxalq təcrübə ilə zənginləşməsində vacib rol oynayacağını qeyd edib. BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə çıxışında belə təşəbbüslərin gənc jurnalistlərin qlobal media proseslərinə inteqrasiyasına təkan verdiyini bildirib.
Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyasında keçirilən beşgünlük təlim proqramının ilk günü “Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə xəbərlərin toplanması, məlumatların təhlili və faktlara əsaslanan jurnalistikanın əsas prinsipləri ilə tanış olublar.
Təlim proqramı interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri, mətn və video analizləri ilə davam edib.
Qeyd edək ki, təlim proqramı iyunun 27-dək davam edəcək.
XQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.