RU

İsrail niyə mollaları vurmur? – Savaşın görünməyən strategiyası

Lakin bu hücumlarda bircə nəfər də olsun yüksək rütbəli rəsmi ruhaninin, mollanın burnunun qanaması xəbəri yoxdur. Hər halda belə bir fakt ortada yoxdur.

10 gün ərzində İranın Natanz, Arak, Fordo, Tehran və İsfahan nüvə obyektləri, Müdafiə Nazirliyi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahları dağıdılıb. Öldürülənlər arasında SEPAH-ın komandanları Hüseyn Salami, Qulaməli Rəşid, Əmir Əli Hacızadə, Kəşfiyyat başçısı Məhəmməd Kazemi, nüvə proqramının əsas simaları olan 11 nüvə alimi var. Lakin bir dənə də olsun mollanın adı bu “hədəflər siyahısı”nda yoxdur.

İsrail kəşfiyyatı və pilotsuz təyyarə donanması ilə SEPAH bazalarına, nüvə mərkəzlərinə, generalların şəxsi avtomobillərinə “cərrah dəqiqliyi” ilə zərbələr endirə bilir, amma İranda dini rəhbərliyə aid mərkəzlərə toxunmur?

Məsələyə siyasi şərhçi Kamran Məmmədli belə aydınlıq gətirir: “İsrail bu müharibədə ali dini hakimiyyətin toxunulmazlığını bilərəkdən saxlayır. Çünki bu hakimiyyətin süqutu ölkədə xaos yaradıb, bölgədə yeni, daha təhlükəli qeyri-sabitlik dalğası yarada bilər. Mollaların hakimiyyətinin yerinə qərargahsız, rəhbərsiz qalmış SEPAH qrupları, yerli hərbi liderlər, hətta İŞİD-vari qruplaşmalar da gələ bilər. Bu İsrailin yox, Qərbin dəhşətli kabusudur. Ona görə İranın ideoloji kəsiminə toxunulmur. İranın “əlləri” və “beyni”, yəni generallar və alimlər sıradan çıxarılır”.

Kamran Məmmədlinin sözlərinə görə, bu, həm də Tehrana bir siqnaldır: “Nüvə və hərbi gücünüzü yox edirik, amma siyasi hakimiyyətinizi yıxmaq istəmirik. Bu faktın başqa tərəfi də var. İran cəmiyyətində dərin narazılıq hökm sürür. SEPAH generallarının qətlə yetirilməsi sadə vətəndaşların çoxunu sevindirə bilər, amma eyni şeyi ali dini rəhbərliklə bağlı demək olmaz. Çünki belə addım ölkədə üsyan səbəb ola bilərdi.”

Kamran Məmmədli deyir ki, İran mollalarının həyatda qalması İsrail üçün “idarə olunan düşmən modeli”dir: “Zərərsizləşdirilmiş, qorxudulmuş, nüvə və hərbi gücdən məhrum edilmiş dini rejim Tel-Əviv üçün daha münasibdir, nəinki parçalanmış, kontroldan çıxmış xaotik bir İran. İsrailin İrana zərbələri bu strategiyanı açıq göstərir.

İsrail hücumlarının arxasında SEPAH rəhbərliyini sıradan çıxarmaq, nüvə elitasını məhv etmək, sənaye və hərbi infrastrukturu dağıtmaq məqsədi güdür. Ali dini rəhbərlik və ona aid idarələr məqsədli şəkildə “toxunulmaz zona” elan olunub. İsrail bu hücumlarla İranın müdafiə qabiliyyətini iflic edib, nüvə proqramını illərlə geriyə atıb, SEPAH idarəetməsi başsız qalıb, amma İran İslam Respublikasının teokratik sütunları hələ də ayaqdadır”.

Kamran Məmmədli deyir ki, İsrail üçün ən böyük təhlükə nüvə bombası idi, dini rejim yox:

“Onlar İrandakı ali rəhbərliyi qoruyaraq ölkənin birdən-birə “qara dəliyə” çevrilməsinin qarşısını almaq istəyirlər. İsrail bu savaşı “rejim dəyişikliyi” deyil, “rejim zəiflətməsi” üçün aparır. Bu müharibənin ilk 10 günündə baş verənlər göstərdi ki, bunun arxasında isə təkcə hərbi yox, böyük geosiyasi planlar dayanır: “Mollalara da məhz buna görə toxunmurlar. İranın teokratik başı sağlam qalır ki, ölkə parçalanmasın, anarxiyaya yuvarlanmasın, yüzlərlə fərqli silahlı qrupun və qəbilənin döyüş meydanına çevrilməsin. Əks halda İraq və Suriya ssenarisi burada da baş verə bilər. Bu strategiya beynəlxalq oyunçuların yeni Yaxın Şərq planının tərkib hissəsidir. İranın nüvə ambisiyaları yox edilir, generallar qətlə yetirilir, elmi güc sıradan çıxarılır. Qərbin yeni strategiyası “düşməni öldürmə, zəiflət və nəzarət et” prinsipinə uyğun gəlir. Bu isə o deməkdir ki, İranın çökməsi gözlənilmir. Sadəcə, İran hakimiyyəti daha təhlükəsiz, daha zəif və daha asan idarə olunan formaya salınır. Bölgə hələ uzun illər “təhlükəli balans” içində saxlanılacaq”.

Elşən Məmmədəliyev,
Musavat.com

Избранный
12
50
musavat.com

10Источники