AZ

"Tramp ABŞ-ı İsrail-İran savaşına cəlb etməklə çox böyük riskə gedir" - BBC

"ABŞ-ın İranın nüvə obyektlərinə zərbəsi Yaxın Şərqi yeni müharibənin astanasına gətirdi..."
 
ABŞ prezidenti Donald Tramp İrana qarşı zərbə əmri verərək özünün "sülhməranlı lider" imicini risk altına atdı. İsrail-İran qarşıdurmasında Vaşinqton indi birbaşa tərəfdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Müharibəsiz vəd müharibə reallığına çevrildi
 
Donald Tramp yanvarda Ağ Evə qayıdarkən bəyan etmişdi: o, əvvəlki prezidentlərdən fərqli olaraq ABŞ-ı yeni müharibələrə sürükləməyəcək. O, özünü "sülh prezidenti" kimi təqdim edir, Amerikanın Yaxın Şərqdəki hərbi iştirakını azaltmağa söz verirdi. Lakin bu həftəsonu verdiyi qərar bütün bu vədləri sual altına qoydu.
 
Tramp şənbə gecəsi elan etdi ki, ABŞ hərbi hava qüvvələri İranın üç əsas nüvə obyektinə - Fordo, Nətənz və İsfahana zərbə endirib. Ardınca ABŞ prezidentinin televiziyada xalqa müraciəti gəldi: "Əməliyyat tam uğurla başa çatdı. İran daha heç vaxt nüvə dövləti olmayacaq", - o, bildirdi.
 
Tramp çıxışı zamanı vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsettin əhatəsində dayanmışdı - bu, onun rəhbərlik etdiyi komandada siyasi birliyi göstərmək cəhdi kimi qiymətləndirilir. Amma görünən odur ki, bu qərar həm ABŞ daxilində, həm də beynəlxalq arenada ciddi təlatüm yaradıb.
 
BMT-dən xəbərdarlıq: "Xaos spiralı" başlaya bilər
 
BMT baş katibi Antoniu Quterriş ABŞ-ın bu hərbi addımını sərt şəkildə tənqid edərək bildirib ki, Yaxın Şərq onsuz da partlayış həddindədir və bu zərbələr vəziyyəti daha da gərginləşdirə bilər. "Xaos spiralı"nın qarşısı alınmazsa, nəticələr bütün dünya üçün ağır ola bilər", - o, qeyd edib. Tramp isə əksinə, bu zərbələrin regionda sülh üçün zəmin yaradacağını deyir. O, bildirir ki, əgər İran nüvə proqramından əl çəksə, böhrana son qoymaq mümkündür. Lakin bunun əksi olarsa, "çox daha ağır və daha asan həyata keçirilə biləcək" hücumlar gələcəkdə də olacaq.
 
İki həftəlik ultimatum... iki günə əməliyyata çevrildi
 
Ötən həftə Tramp Tehrana iki həftəlik vaxt vermişdi. O, İranı qeyd-şərtsiz təslim olmağa çağırmışdı. Lakin bu müddət cəmi iki gün davam etdi - şənbə günü ABŞ ordusu hücuma keçdi. Bu, müşahidəçilərdə suallar doğurdu: Görəsən bu zərbə əslində İranı çaşdırmaq üçün hazırlanmış taktik gediş idimi? Yoxsa Trampın təyin etdiyi danışıqlar nümayəndəsi Stiv Uitkoffun apardığı gizli diplomatik cəhdlər uğursuzluğa uğradı? Hələlik bu suallar açıq qalır. Amma bəllidir ki, Tramp sosial şəbəkə postlarında və çıxışında danışıqlar qapısını tam bağlamayıb - bu da onun öz siyasi dayaqları ilə üz-üzə gəlməməsi üçün atdığı ehtiyat addım kimi görünür.
 
İranın reaksiyası və cavab zərbələri riski
 
İranın ilk reaksiyası rəsmilər tərəfindən nəzarətli şəkildə verildi. Onlar iddia etdilər ki, Fordo obyektində ciddi ziyan olmayıb, çünki materiallar əvvəlcədən köçürülüb. Lakin bu, ictimaiyyətin sakitləşdirilməsi üçün verilən bəyanat da ola bilər. Ayətullah Əli Xamenei artıq söz verib ki, İran cavabsız qalmayacaq. Bu isə vəziyyəti daha da təhlükəli edir. Çünki ABŞ növbəti zərbələr endirməyə məcbur ola bilər və nəticədə tammiqyaslı müharibə başlaya bilər, bu isə nə ABŞ, nə də dünya üçün arzuedilən ssenari deyil.
 
Tramp öz seçicilərini də itirə bilər
 
Daxildə də Trampın qərarı tənqid olunur. Yalnız demokratlar yox, hətta onun bəzi tərəfdarları da narahatdır. Onlar Trampı ABŞ-ı xarici münaqişələrdən uzaq tutacaq lider kimi qəbul edirdilər. Vitse-prezident Cey Di Vens son günlərdə sosial şəbəkələrdə Trampa dəstək paylaşsa da, onun da təcridçi xarici siyasətin tərəfdarı olduğu məlumdur. Əgər Trampın dediyi kimi bu zərbə "tək və konkret məqsədli" idisə, bəlkə də vəziyyəti nəzarətdə saxlamaq mümkün olar. Lakin İranın cavabı və regionda hadisələrin inkişafı yeni zərbələrə yol açarsa, Tramp daxildə də ciddi siyasi təzyiqlərlə üzləşəcək.
 
Hərəkət edildi - indi gözləmə vaxtıdır
 
Tramp öz gedişini etdi. Bu, onun üçün həm xarici, həm də daxili siyasi risklərlə doludur. Hazırda bütün diqqətlər İranın cavabına yönəlib. Əgər Tehran öz ritorikasını əmələ çevirərsə, ABŞ geri çəkilə bilməyəcək. Tramp müharibəyə başlamaq istəmədiyini deyir, amma artıq proses başlayıb. İndi bu prosesin miqyası və davamlılığı təkcə onun əlində deyil. Münaqişənin taleyi növbəti günlərdə aydınlaşacaq.
Seçilən
28
50
moderator.az

10Mənbələr