"Qanunu bilməmək o şəxsi hər hansı bir məsuliyyətdən azad etmir".
Bunu "Yeni Sabah"a “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib.
O, İsrail-İran müharibəsində hər iki tərəfin hərbi zərbələri əks etdirən foto-video materalın sosial şəbəkədə dərcinə qoyulmuş qadağa ilə bağlı danışıb.
Dövlət sirri və hərbi obyektlərlə bağlı məlumatların "Facebook", "Twitter", "TikTok" və s. şəbəkələrdə yayılması Azərbaycan qanunvericiliyində də yasaq elan olunub.
Hüquqşünas diqqəti bu məqama çəkərək qeyd edib:
"Əgər hansısa dövlət qurumu hərbi təyinatı foto-video materialları paylaşırsa, vətəndaş təkarar paylaşmaya görə məsuliyyət daşımır. Çünki o, gördüyünü əks etdirir. Məsuliyyət daşıyıcısı ilk mənbə sayılır.
"Dövlət sirri haqqında" qanun var və 7 sentyabr 2004-cü ildə qəbul edilib. Azərbaycan dövlətinin hərbi, xarici, siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vuran məlumatlar dövlət sirri olaraq qəbul olunur. Bu müddəaya zidd oaraq xəbərlər paylaşıldığı halda Cinayət Məcəlləsinə əsasən müvafiq məsuliyyət doğurur.
Eyni zamanda, məlum qanunda hansı məlumatların açıq və şəffaf olduğu qeydedilib. Əgər kiminsə bu qanundan xəbəri olmadan qanuna zidd məlumatı sosial şəbəkələrdə paylaşım edirsə, qanunu bilməmək o şəxsi hər hansı bir məsuliyyətdən azad etmir.
Ona görə də elə İranda və İsraildə də hərbi bazalar, rəsmi infrastrukturların foto və video materiallarının sosial şəbəkədə paylaşılması ciddi şəkildə qadağan olunub".
Rəvan Rzazadə
Telegram kanalımız