RU

Bu müəllimlərin bir adı var: Savadsız!

Bu il keçirilən 2-ci şans sertifikasiya imtahanının nəticələri bir daha göstərdi ki, hələ də təhsil sistemimizin içində “müəllim” adını daşımağa layiq olmayan kifayət qədər insan var. Təsəvvür edin: 60 sualdan ibarət imtahanın 30-na belə düzgün cavab verə bilməyən birisi illərlə məktəbdə dərs deyib. Özü də Azərbaycan dili, riyaziyyat, ingilis dili kimi əsas fənlərdən… Bəs bu insanlar indiyə qədər nə öyrədiblər? Kimi yetişdiriblər?

Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, imtahanda uğursuz nəticə göstərən müəllimlərə güzəşt edilməsi doğru yanaşma deyil:

“Güzəşt uşaqların gələcəyinə qarşı cinayətdir. Empatiya adı ilə savadsızlığı qorumaq təhsili sıradan çıxarmaq deməkdir. Sertifikasiya — sadəcə imtahan deyil, təhsildə məsuliyyətin ölçüsüdür. Əgər bir müəllim ixtisasını özü yaza bilmirsə, kurikulumdan xəbərsizdirsə, heç bir yeniliyi izah edə bilmirsə, necə “müəllim” adını daşıya bilər?

Əslində problem imtahanın çətinliyində deyil, problem illərlə dərs deyə-deyə öyrənməyə son qoyan, eyni məlumatlarla oturub-duran, tənqidə qapalı, tənbəl, sosial şəbəkədə saatlarla vaxt keçirib, sual düşəndə “çətindi” deyən düşüncədədir. Bəli, məktəblərdə bu gün şagirdlərin özləri belə artıq fərqindədir ki, kim onlara nəsə öyrədir, kim sadəcə yola verir.

Sertifikasiya təhsilin gələcəyinə yönəlmiş ən doğru addımlardan biridir. Yalnız bilik və bacarıqla silahlanmış, dəyişən dünyanın tələblərinə cavab verən müəllim təhsilin inkişafına töhfə verə bilər. Qalanı – sadəcə maaş almaq üçün məktəbdə oturan şəxsdir.

Unutmayaq: Övladımızın taleyini 30 sualı belə yaza bilməyən birinə etibar etmək – gələcəyimizi qaranlığa buraxmaq deməkdir. Bəli, iki dəfə kəsilən müəllimin bir adı var: SAVADSIZ. O savadsızın yeri məktəb yox, yenidən təlim mərkəzidir. Təhsili ucuz empatiya ilə yox, ciddi məsuliyyət hissi ilə idarə etməliyik!”

Избранный
11
7
axar.az

10Источники