Çirkli pulların yuyulmasına görə keçmiş nazir müavinini 12 ilədək həbs gözləyir
Gürcüstanın iqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mikautadze vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur.
aia.az xəbər verir ki, Prokurorluğun məlumatına görə, o, 2021-ci ildə ictimai maraqlara zidd olaraq və müavinət əldə etmək məqsədilə bir şirkətə təsis etdiyi MMC-ni digər şirkətə 4,4 milyon dollara satmasına köməklik edib, bunun müqabilində 400 min dollar alıb.
Təqsirləndirilən şəxsin həyat yoldaşı qeyri-qanuni gəlirlərini gizlətmək məqsədilə "Bank of Georgia"nın hesabına 600.000 avroya yaxın nağd pul qoyub və oradan Madriddə120 kv.m sahəsi olan mənzil almaq üçün İspaniyaya köçürüb.
Bu məbləğin mənşəyini gizlətmək məqsədilə saxta daşınmaz əmlak alqı-satqısı müqaviləsi bağlanıb. Mikautadze həmçinin 843 min lariyə (310 min dollar) iki avtomobil alıb və tanışlarının adına rəsmiləşdirib.
İstintaqın hazırkı mərhələsində sabiq məmurun qanunsuz olaraq 2,5 milyon laridən (920 min dollar) çox pul yuyulması müəyyən edilib. Onu 12 ilə qədər həbs gözləyir.