"Bəzən qalxırsan, bəzən yıxılırsan. Amma əsas olan – ayağa qalxmağı bacarmaqdır".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın MMA döyüşçüsü, UFC-də ötən gün debüt edən Tofiq Musayev söyləyib. O, Bakıda keçirilən Döyüş Gecəsində qırğızıstanlı idmançı Mıktıbek Orolbaya uduzmasının ardından sükutu pozub:
"Bu dəfə qələbə qismət olmadı. Bəzən insan çox çalışar, çox inanar, amma həyat bizə fərqli sınaqlar təqdim edər. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyətim – siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız. Və sizin səsiniz… arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insanın səsi… Sizin dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşü uduza bilərik, amma bu sevgini uduzmaq mümkün deyil. Bu son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı. Hamınıza təşəkkür edirəm".