Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qırğızıstanlı Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılan Azərbaycan təmsilçisi Tofiq Musayev bununla bağlı instaqram hesabında paylaşım edib.
News24.az xəbər verir ki, o, daha güclü şəkildə geri dönəcəyini bildirib:
“Bəzən qalxırsan, bəzən yıxılırsan. Amma əsas olan ayağa qalxmağı bacarmaqdır. Bu dəfə qələbə qismət olmadı. Bəzən insan çox çalışar, çox inanar, amma həyat bizə fərqli sınaqlar təqdim edər. Bu yol tək gedilmir. Mənimlə gecə-gündüz təlim meydanlarında nəfəs-nəfəsə çalışan komanda yoldaşlarım, hər səhər motivasiya verən məşqçi heyətim - siz mənim üçün sadəcə yoldaş deyilsiniz, bu mübarizənin bir parçasısınız.
Və sizin səsiniz… Arenada yüksələn o çağırışlar, adımı səsləyən minlərlə insanın səsi… Sizin dəstəyinizi eşitdim, hiss etdim. Bəzən bir döyüşü uduza bilərik, amma bu sevgini uduzmaq mümkün deyil. Bu son deyil. Mən geri dönəcəyəm. Daha güclü, daha möhkəm, daha inamlı”.
