
“Açıq şəkildə bildiririk ki, biz müharibənin baş verməsini istəmirik və bunu dəfələrlə rəsmi səviyyədə bəyan etmişik. Hazırda Azərbaycan hökuməti hətta İranın özünü müdafiə hüququnu tanıyır və bu ölkəyə qarşı hücumu pisləyir. Baxmayaraq ki, Azərbaycanın İsraillə xüsusi strateji münasibətləri mövcuddur, bütün bu əlaqələrə rəğmən, rəsmi Bakı İrana qarşı istənilən hücumu qınamış, onun öz müdafiə hüququna hörmətlə yanaşdığını bəyan etmişdir. Bundan əlavə, Azərbaycan İranın ərazi bütövlüyünü də dəstəkləyir. Bu kontekstdə seçilmiş mövqe son dərəcə uyğun, rasional və uğurlu hesab oluna bilər. Bundan başqa, İranla sərhəddə baş verə biləcək hərbi qarşıdurma Azərbaycan üçün böyük dağıntılar, iqtisadi əlaqələrin iflası deməkdir. Siyasi və ticarət əlaqələri tamamilə pozula bilər və nəticədə regionda böyük miqyaslı qaçqın axını müşahidə oluna bilər. Milyonlarla insan bu münaqişədən təsirlənərək köçkünə çevrilə bilər. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, İran Azərbaycanın sərhəddə yerləşən qonşusudur və burada milyonlarla azərbaycanlı türk əhali yaşayır – bu amil də önəmlidir. Digər tərəfdən, Azərbaycanın dünya okeanına çıxışı əsasən İran ərazisi üzərindən təmin olunur. İran üzərindən Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Çin ilə Bəndər-Abbas limanı vasitəsilə əlaqə saxlayır. Belə bir vəziyyətdə Azərbaycanın mövqeyi təbii olaraq müharibənin əleyhinə yönəlib və bu istiqamətdə beynəlxalq ictimaiyyətə çağırışlar edilir”. Politoloq hesab edir ki, Azərbaycan eyni zamanda təhlükəsizlik məsələlərini də diqqət mərkəzində saxlamalı və bu istiqamətdə tədbirlər görməlidir: “Məsələn, sərhədlərdə təhlükəsizlik səviyyəsi artırılıb, sərhəd mühafizəsi gücləndirilib. Sərhədlərin uzun müddət bağlı saxlanması da bölgədəki gərginliklə əlaqələndirilə bilər. Bununla yanaşı, Azərbaycan iqtisadi baxımdan da özünü təmin etməyə çalışır. Çünki bəzi məhsullar – xüsusilə nadir tapılan ərzaq və qida məhsulları – İran üzərindən, konkret olaraq Bəndər-Abbas limanı vasitəsilə ölkəyə daxil olurdu. Bu səbəbdən fərqli ölkələrdən alternativ marşrutlarla Azərbaycanın təmin olunması istiqamətində addımlar atılmalıdır. Alternativ tədarük yolları tapılmalı, bu məsələlər indiki həssas dövrdə diqqətlə nəzərdən keçirilməlidir. Azərbaycan müharibənin əleyhinədir, lakin eyni zamanda müharibə baş verəcəyi halda onun nəticələrinə də hazır olmalıdır. Millət olaraq bu dəfə hazırlıqsız yaxalanmamalıyıq. 200 ildir Azərbaycan bir çox hadisələrlə hazırlıqsız şəkildə qarşılaşıb. Bu dəfə isə, heç olmasa, əvvəlcədən təhlil apararaq lazımi hazırlıq işləri görülməlidir. Üstəlik, nəzərə almaq lazımdır ki, İran əhalisinin 30–40 milyona yaxın hissəsi türk, Azərbaycan əsillidir və onların dövlət hüquqları, mədəni hüquqları, yaşamaq hüquqları mövcuddur. Bu hüquqların itməsi yolverilməzdir. Əksinə, həmin insanlar öz milli kimliklərinə daha möhkəm sarılmalıdırlar. Əgər gələcəkdə bölgədə böyük tektonik dəyişikliklər baş verərsə, bu əhali özlərini müdafiəsiz hiss etməməli, onların təhlükəsizliyi təmin olunmalıdır. Hansısa məqamda həmin insanlar silahlı qruplaşmaların və ya terror təşkilatlarının əlinə düşməməlidir. Bütün bu məqamlar mütləq nəzərə alınmalıdır. İndiki halda Azərbaycanın siyasi mövqeyi ondan ibarətdir ki, biz müharibə istəmirik, müharibənin əleyhinəyik və bölgədə sabitliyə çağırış edirik”. Regionda baş verən hadisələrə münasibət bildirən politoloq Tural İsmayılov Metbuat.az-a deyib ki, Azərbaycanın son siyasi hadisələr fonunda sərgilədiyi mövqe həm rasional dövlət idarəçiliyinin, həm də regional reallıqların düzgün oxunmasının nəticəsidir:

“Sərhəd qonşularımızda, xüsusilə də İran və Ermənistan istiqamətində müşahidə edilən gərginliklər fonunda Bakı tərəfi bir daha nümayiş etdirdi ki, diplomatiya ilə balansı qorumaqla milli maraqları qorumaq mümkündür. Azərbaycanın siyasi mövqeyi “qətiyyətli neytrallıq” kimi xarakterizə oluna bilər – yəni, tərəfsiz deyil, lakin heç kimə alət də olmur. Bu dövrdə iqtisadi siyasətdə makro-sabitliyin qorunması və enerji diplomatiyasının davamlılığı xüsusilə diqqət çəkir. BP və digər transmilli tərəfdaşlarla münasibətlərin davamlı olması, Azərbaycanın beynəlxalq enerji bazarında strateji aktor statusunu möhkəmləndirir. İranın daxilində və ətrafında baş verən hərbi-siyasi toqquşmalar fonunda Azərbaycan sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, informasiya müharibəsində də diqqətli və təmkinli davrandı.Ermənistanın Qərbə meyilli siyasətini sərgilədiyi bir dönəmdə Azərbaycan diplomatik çevikliyini qoruyaraq həm Rusiya, həm də Qərb dairələri ilə kommunikasiya körpülərini yandırmadı. Bu, xarici siyasətdə çoxqütblü yanaşmanın uğurlu nümunəsidir. Ermənistan daxilində gedən siyasi parçalanma və yeni hakimiyyət ssenariləri fonunda Bakı mövcud sülh gündəliyini pozmadan, eyni zamanda, yeni təhdidlərə qarşı adekvat cavab verməyə hazır olduğunu göstərdi”. Müsahibimiz xatırladıb ki, Dünya Bankının hesabatlarında Azərbaycanın fiskal intizamı və neftdənkənar sektorun artımı ilə bağlı pozitiv qeydlər siyasi sabitliklə birlikdə oxunmalıdır. Bölgədəki qeyri-müəyyənlik fonunda Bakı investisiya üçün təhlükəsiz liman təsiri yaradır: “Eyni zamanda, Azərbaycanın daxili siyasi sistemi də bu çətin dönəmdə sabitlik nümayiş etdirdi. Dövlət başçısının çıxışları milli suverenlik, iqtisadi dayanıqlılıq və regional liderlik üçbucağında konturlanır. Regional təşkilatlarda Azərbaycanın fəallığı da məhz bu hibrid siyasətin nəticəsidir. Azərbaycan sərhəddə baş verənlərlə bağlı təkcə müşahidəçi mövqedə deyil, həm də oyunqurucu aktordur. Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında Bakı öz sözünü deyən yeganə paytaxtdır. Qlobal və regional aktorlar üçün Azərbaycan həm resurs, həm də stabil tərəfdaş anlamına gəlir. Azərbaycan bölgədəki proseslərə nə reaktiv, nə də passiv yanaşır. Rəqiblərindən fərqli olaraq, ölkə strateji səbir, iqtisadi ağıllılıq və diplomatik rasionalizm əsasında oyun qurur. Bu, təkcə siyasi dirayətin deyil, həm də uzunmüddətli dövlətçilik düşüncəsinin təzahürüdür”. Geosiyasi sabitliyin qorunması ilə yanaşı, bu proseslərin Azərbaycanın iqtisadi həyatına təsiri də nəzərə çarpacaqdır. Məhz bu kontekstdə ölkənin iqtisadi strategiyası və qeyri-neft sektorunun inkişafı daha böyük əhəmiyyət kəsb edir. İqtisadçı Eldəniz Əmirov bildirib ki, Yaxın Şərqdəki gərginliklər və mümkün müharibə ehtimalları dünya iqtisadiyyatında xüsusilə enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər. Onun sözlərinə görə, bu kimi proseslər qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, strateji ticarət marşrutlarında da riskləri yüksəldir. E.Əmirov qeyd edib ki, Hörmüz boğazının bağlanması gözlənilən deyil, çünki bu addımı atan hər hansı bir ölkə qlobal güclərin ortaq hədəfinə çevrilə bilər:

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanmışdır.
