AZ

Geosiyasi gərginliklər fonunda Azərbaycan necə mövqe sərgiləməlidir? -

Son aylarda dünya gündəmini zəbt edən geosiyasi hadisələr, xüsusilə Yaxın Şərqdə baş verən gərginliklər və qlobal enerji bazarındakı dəyişikliklər bir sıra ölkələr üçün həm risklər, həm də yeni imkanlar doğurur. Bu mürəkkəb mənzərə fonunda Azərbaycan özünəməxsus, balanslaşdırılmış və strateji yanaşması ilə seçilir. Azərbaycanın beynəlxalq münasibətlərdə nümayiş etdirdiyi uğurlu xarici siyasət, regionda sülh və sabitliyə verdiyi önəm, eləcə də beynəlxalq hüquqa əsaslanan mövqeyi ölkənin geosiyasi çəkisini artırmaqda davam edir. Rəsmi Bakı münaqişələrin diplomatik yolla həllini dəstəkləyir, bölgədəki mümkün eskalasiyaların qarşısının alınmasına yönəlmiş çağırışlarla çıxış edir. Eyni zamanda, regional güc balansında və enerji siyasətində oynadığı rol ilə Azərbaycan, öz milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq sabitliyə də töhfə verir. Bununla belə, qlobal siyasi və iqtisadi proseslər Azərbaycanın daxili iqtisadiyyatına da təsirsiz ötüşmür. Neft qiymətlərindəki dalğalanma, idxalın artması, qeyri-neft ixracının yetərsizliyi, investisiya mühitinin çağırışları və postmüharibə dövründə azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yeni strateji yanaşmalar tələb edir. Mövzu barədə Metbuat.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Azərbaycan burada çox uğurlu və düşünülmüş bir mövqe seçir. Belə ki, İran Azərbaycanın qonşusudur və bu iki ölkə arasında əsrlər boyu formalaşmış dərin tarixi və mədəni əlaqələr mövcuddur. Politoloqun sözlərinə görə, zaman-zaman siyasi məsələlərdə müəyyən problemlər, gərginliklər və fikir ayrılıqları meydana çıxsa da, ümumi mənzərədə Azərbaycanla İranı birləşdirən minillik ortaq tarix, mədəni keçmiş və ədəbi irs mövcuddur. O qeyd edib ki, İran ərazisində milyonlarla azərbaycanlı yaşayır və bu, məsələyə yanaşmada xüsusi həssaslıq tələb edir. Məhz bu səbəbdən Azərbaycan bölgədə istənilən müharibənin və eskalasiyanın əleyhinə çıxış edir, dəfələrlə açıq şəkildə münaqişələrin sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib:
“Açıq şəkildə bildiririk ki, biz müharibənin baş verməsini istəmirik və bunu dəfələrlə rəsmi səviyyədə bəyan etmişik. Hazırda Azərbaycan hökuməti hətta İranın özünü müdafiə hüququnu tanıyır və bu ölkəyə qarşı hücumu pisləyir. Baxmayaraq ki, Azərbaycanın İsraillə xüsusi strateji münasibətləri mövcuddur, bütün bu əlaqələrə rəğmən, rəsmi Bakı İrana qarşı istənilən hücumu qınamış, onun öz müdafiə hüququna hörmətlə yanaşdığını bəyan etmişdir. Bundan əlavə, Azərbaycan İranın ərazi bütövlüyünü də dəstəkləyir. Bu kontekstdə seçilmiş mövqe son dərəcə uyğun, rasional və uğurlu hesab oluna bilər. Bundan başqa, İranla sərhəddə baş verə biləcək hərbi qarşıdurma Azərbaycan üçün böyük dağıntılar, iqtisadi əlaqələrin iflası deməkdir. Siyasi və ticarət əlaqələri tamamilə pozula bilər və nəticədə regionda böyük miqyaslı qaçqın axını müşahidə oluna bilər. Milyonlarla insan bu münaqişədən təsirlənərək köçkünə çevrilə bilər. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, İran Azərbaycanın sərhəddə yerləşən qonşusudur və burada milyonlarla azərbaycanlı türk əhali yaşayır – bu amil də önəmlidir. Digər tərəfdən, Azərbaycanın dünya okeanına çıxışı əsasən İran ərazisi üzərindən təmin olunur. İran üzərindən Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Çin ilə Bəndər-Abbas limanı vasitəsilə əlaqə saxlayır. Belə bir vəziyyətdə Azərbaycanın mövqeyi təbii olaraq müharibənin əleyhinə yönəlib və bu istiqamətdə beynəlxalq ictimaiyyətə çağırışlar edilir”. Politoloq hesab edir ki, Azərbaycan eyni zamanda təhlükəsizlik məsələlərini də diqqət mərkəzində saxlamalı və bu istiqamətdə tədbirlər görməlidir: “Məsələn, sərhədlərdə təhlükəsizlik səviyyəsi artırılıb, sərhəd mühafizəsi gücləndirilib. Sərhədlərin uzun müddət bağlı saxlanması da bölgədəki gərginliklə əlaqələndirilə bilər. Bununla yanaşı, Azərbaycan iqtisadi baxımdan da özünü təmin etməyə çalışır. Çünki bəzi məhsullar – xüsusilə nadir tapılan ərzaq və qida məhsulları – İran üzərindən, konkret olaraq Bəndər-Abbas limanı vasitəsilə ölkəyə daxil olurdu. Bu səbəbdən fərqli ölkələrdən alternativ marşrutlarla Azərbaycanın təmin olunması istiqamətində addımlar atılmalıdır. Alternativ tədarük yolları tapılmalı, bu məsələlər indiki həssas dövrdə diqqətlə nəzərdən keçirilməlidir. Azərbaycan müharibənin əleyhinədir, lakin eyni zamanda müharibə baş verəcəyi halda onun nəticələrinə də hazır olmalıdır. Millət olaraq bu dəfə hazırlıqsız yaxalanmamalıyıq. 200 ildir Azərbaycan bir çox hadisələrlə hazırlıqsız şəkildə qarşılaşıb. Bu dəfə isə, heç olmasa, əvvəlcədən təhlil apararaq lazımi hazırlıq işləri görülməlidir. Üstəlik, nəzərə almaq lazımdır ki, İran əhalisinin 30–40 milyona yaxın hissəsi türk, Azərbaycan əsillidir və onların dövlət hüquqları, mədəni hüquqları, yaşamaq hüquqları mövcuddur. Bu hüquqların itməsi yolverilməzdir. Əksinə, həmin insanlar öz milli kimliklərinə daha möhkəm sarılmalıdırlar. Əgər gələcəkdə bölgədə böyük tektonik dəyişikliklər baş verərsə, bu əhali özlərini müdafiəsiz hiss etməməli, onların təhlükəsizliyi təmin olunmalıdır. Hansısa məqamda həmin insanlar silahlı qruplaşmaların və ya terror təşkilatlarının əlinə düşməməlidir. Bütün bu məqamlar mütləq nəzərə alınmalıdır. İndiki halda Azərbaycanın siyasi mövqeyi ondan ibarətdir ki, biz müharibə istəmirik, müharibənin əleyhinəyik və bölgədə sabitliyə çağırış edirik”. Regionda baş verən hadisələrə münasibət bildirən politoloq Tural İsmayılov Metbuat.az-a deyib ki, Azərbaycanın son siyasi hadisələr fonunda sərgilədiyi mövqe həm rasional dövlət idarəçiliyinin, həm də regional reallıqların düzgün oxunmasının nəticəsidir:
“Sərhəd qonşularımızda, xüsusilə də İran və Ermənistan istiqamətində müşahidə edilən gərginliklər fonunda Bakı tərəfi bir daha nümayiş etdirdi ki, diplomatiya ilə balansı qorumaqla milli maraqları qorumaq mümkündür. Azərbaycanın siyasi mövqeyi “qətiyyətli neytrallıq” kimi xarakterizə oluna bilər – yəni, tərəfsiz deyil, lakin heç kimə alət də olmur. Bu dövrdə iqtisadi siyasətdə makro-sabitliyin qorunması və enerji diplomatiyasının davamlılığı xüsusilə diqqət çəkir. BP və digər transmilli tərəfdaşlarla münasibətlərin davamlı olması, Azərbaycanın beynəlxalq enerji bazarında strateji aktor statusunu möhkəmləndirir. İranın daxilində və ətrafında baş verən hərbi-siyasi toqquşmalar fonunda Azərbaycan sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, informasiya müharibəsində də diqqətli və təmkinli davrandı.Ermənistanın Qərbə meyilli siyasətini sərgilədiyi bir dönəmdə Azərbaycan diplomatik çevikliyini qoruyaraq həm Rusiya, həm də Qərb dairələri ilə kommunikasiya körpülərini yandırmadı. Bu, xarici siyasətdə çoxqütblü yanaşmanın uğurlu nümunəsidir. Ermənistan daxilində gedən siyasi parçalanma və yeni hakimiyyət ssenariləri fonunda Bakı mövcud sülh gündəliyini pozmadan, eyni zamanda, yeni təhdidlərə qarşı adekvat cavab verməyə hazır olduğunu göstərdi”. Müsahibimiz xatırladıb ki, Dünya Bankının hesabatlarında Azərbaycanın fiskal intizamı və neftdənkənar sektorun artımı ilə bağlı pozitiv qeydlər siyasi sabitliklə birlikdə oxunmalıdır. Bölgədəki qeyri-müəyyənlik fonunda Bakı investisiya üçün təhlükəsiz liman təsiri yaradır: “Eyni zamanda, Azərbaycanın daxili siyasi sistemi də bu çətin dönəmdə sabitlik nümayiş etdirdi. Dövlət başçısının çıxışları milli suverenlik, iqtisadi dayanıqlılıq və regional liderlik üçbucağında konturlanır. Regional təşkilatlarda Azərbaycanın fəallığı da məhz bu hibrid siyasətin nəticəsidir. Azərbaycan sərhəddə baş verənlərlə bağlı təkcə müşahidəçi mövqedə deyil, həm də oyunqurucu aktordur. Cənubi Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasında Bakı öz sözünü deyən yeganə paytaxtdır. Qlobal və regional aktorlar üçün Azərbaycan həm resurs, həm də stabil tərəfdaş anlamına gəlir. Azərbaycan bölgədəki proseslərə nə reaktiv, nə də passiv yanaşır. Rəqiblərindən fərqli olaraq, ölkə strateji səbir, iqtisadi ağıllılıq və diplomatik rasionalizm əsasında oyun qurur. Bu, təkcə siyasi dirayətin deyil, həm də uzunmüddətli dövlətçilik düşüncəsinin təzahürüdür”. Geosiyasi sabitliyin qorunması ilə yanaşı, bu proseslərin Azərbaycanın iqtisadi həyatına təsiri də nəzərə çarpacaqdır. Məhz bu kontekstdə ölkənin iqtisadi strategiyası və qeyri-neft sektorunun inkişafı daha böyük əhəmiyyət kəsb edir. İqtisadçı Eldəniz Əmirov bildirib ki, Yaxın Şərqdəki gərginliklər və mümkün müharibə ehtimalları dünya iqtisadiyyatında xüsusilə enerji bazarlarında ciddi dalğalanmalara səbəb ola bilər. Onun sözlərinə görə, bu kimi proseslər qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, strateji ticarət marşrutlarında da riskləri yüksəldir. E.Əmirov qeyd edib ki, Hörmüz boğazının bağlanması gözlənilən deyil, çünki bu addımı atan hər hansı bir ölkə qlobal güclərin ortaq hədəfinə çevrilə bilər:“Bu boğaz həm qlobal ticarət dövriyyəsinin, həm də ümumi neft və qaz ixracatının əhəmiyyətli bir hissəsini təşkil edir. Belə ki, dünya üzrə neft-qaz ticarətinin təxminən 18–20 faizi məhz bu boğaz vasitəsilə həyata keçirilir. Əlavə olaraq, sıxılmış təbii qazın (LNG) da təxminən 20 faizi Hörmüz boğazından keçərək beynəlxalq bazarlara çıxarılır. Bu baxımdan, boğazın tam şəkildə və ya uzunmüddətli bağlanması real görünmür. Lakin nəzərə almaq lazımdır ki, əgər konkret bir toqquşma və ya hərbi münaqişə baş verərsə, bu, müəyyən texniki və təhlükəsizlik səbəblərinə görə boğazın bir neçə gün müddətində bağlanmasına səbəb ola bilər. Belə bir ehtimal var, lakin bu halın uzunmüddətli davam etməsi mümkün deyil. O ki qaldı neft və qazın qiymətlərinə, bu məsələdə hazırda üç əsas ssenari mümkün hesab olunur. Birinci ssenari ondan ibarətdir ki, İran tam şəkildə kapitulyasiyaya uğrayır və ölkədə baş verən daxili dəyişikliklər fonunda Qərb şirkətləri İranın enerji resurslarının hasilatına və ixracına cəlb olunur. Bu zaman Qərb üçün İran bazarları açılır, İrana qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılır və nəticədə qlobal bazarda neft və qaz təklifi kəskin şəkildə artır. Qeyd edim ki, İran neft ehtiyatlarının həcminə görə dünyada dördüncü, qaz ehtiyatlarının həcminə görə isə ikinci yerdədir. Bu, olduqca ciddi, demək olar ki, fantastik bir göstəricidir. Belə bir ölkənin qlobal enerji bazarına tam inteqrasiyası təklifi ciddi şəkildə artıracaq və bu da nəticə etibarilə qiymətlərin azalmasına gətirib çıxaracaq. İkinci ssenari isə müharibənin uzunmüddətli xarakter almasıdır. Bu halda neft və qaz qiymətləri kəskin şəkildə bahalaşa bilər. Lakin mən bu ssenarinin reallaşma ehtimalını olduqca aşağı qiymətləndirirəm. Üçüncü ssenari isə ondan ibarətdir ki, İranın nüvə strategiyası müəyyən qədər zərbə alsa da, İranda siyasi hakimiyyət qalır və İranla Qərb arasında münasibətlər "söz müharibəsi" şəklində davam edir. Bu ssenaridə münaqişə real hərbi qarşıdurmaya çevrilməsə də, enerji bazarlarında qeyri-müəyyənlik qalacaq və qiymətlərdə dalğalanmalar müşahidə olunacaqdır”. Bu kimi qlobal geosiyasi təlatümlərin, xüsusilə də enerji bazarlarında baş verən dəyişikliklərin Azərbaycanın iqtisadi tarazlığına təsirləri barədə suala cavab verən iqtisadçı hesab edir ki, bütün hallarda, qiymətlər hansı istiqamətə dəyişməsindən asılı olmayaraq Azərbaycan post-neft dövrü üçün ciddi addımlar atmalıdır:“Düzdür, müəyyən addımlar atılır, lakin hesab edirəm ki, bu addımların indiki tempi ilə davam etməsi ölkə iqtisadiyyatını qarşıdakı illərdə çox ciddi çətinliklərlə üz-üzə qoya bilər. Çünki həm qiymətlərin enməsi, həm də hasilatın azalması Azərbaycanın xarici ticarət dövriyyəsində nəzərəçarpacaq defisit yaradacaq. Bu defisit isə ölkə iqtisadiyyatını ciddi şəkildə sarsıda bilər və o zaman iqtisadi problemlərin yaranmasının qarşısını almaq, hətta mövcud olanları belə aradan qaldırmaq çətin olacaq. Bu səbəbdən düşünürəm ki, iqtisadi idarəetmədə və makroiqtisadi planlamada müəyyən istiqamətlər üzrə daha köklü islahatlara ehtiyac vardır. Bəli, ölkəmizdə həm neft sektoru, həm də qeyri-neft sektoru üzrə artım müşahidə olunur. Üstəlik, son illərdə qeyri-neft sektorundakı artım dinamikası daha yüksəkdir. Lakin fakt ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə xarici ticarət dövriyyəsində kəsir getdikcə artır. Bu tendensiyanın başlıca səbəblərindən biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləridir. Bu layihələr çərçivəsində ölkəyə idxal olunan materiallar və avadanlıqların həcmi artır və nəticədə ümumi idxal səviyyəsi yüksəlir. Lakin bu artım yalnız Qarabağ və ətraf rayonlarla məhdudlaşmır. Ölkənin ümumi ehtiyacları da artır və bu artan ehtiyaclar fonunda qeyri-neft ixracı daha sürətli templə artmalıdır”. Eldəniz Əmirov qeyd edib ki, bu vəziyyət göstərir ki, yerli sahibkarların dəstəklənməsi məsələsi bu gün daha aktual və zəruri xarakter daşıyır: “Qeyri-neft ixrac potensialını artırmaq üçün yerli istehsalçılara həm maliyyə, həm də inzibati dəstəyin gücləndirilməsi vacibdir.Eyni zamanda, yerli sahibkarlığın qarşısını alan istənilən davranışların birmənalı olaraq qarşısı qaldırılmalıdır. Bu, istər inzibati təzyiqlər, istər iqtisadi maneələr, istərsə də bürokratik və ya süni əngəllər formasında olsun — onların hamısı sistemli şəkildə aradan qaldırılmalı və sahibkarlıq mühiti azad rəqabətə və innovasiyaya açıq şəkildə təşviq edilməlidir. Hazırkı vəziyyətdə mənim fikrimcə, bir tərəfdən neft qiymətlərində ucuzlaşma müşahidə olunsa da, digər tərəfdən bölgədə və regionda baş verən geosiyasi proseslər Azərbaycan üçün yeni imkanlar yaradır. Hesab edirəm ki, Azərbaycan bu imkanlardan maksimum dərəcədə yararlana bilər. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanın uğurlu xarici siyasəti və beynəlxalq aləmdə artan nüfuzu perspektivdə daxili iqtisadiyyatın güclənməsinə də mühüm töhfə verə bilər”, - deyə Eldəniz Əmirov bildirib.Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanmışdır.


Seçilən
25
1
metbuat.az

10Mənbələr