RU

"ABŞ-ın siyasəti diplomatiyaya xəyanətdir" - Abbas Araqçı

"Uranın zənginləşdirilməsi bizim milli ləyaqət və qürur məsələmizdir- nə Vaşinqton, nə də Tel-Əviv bizə bunu diktə edə bilməz..."
 
Tehran ABŞ-ı diplomatiyaya xəyanətdə ittiham edib və xəbərdarlıq edib: əgər Vaşinqton İsrailin hücumuna qoşularsa, İran Yaxın Şərqdəki amerikalı hərbçiləri hədəfə ala bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri yazıb.
 
Məlumatda deyilir ki, İran xarici işlər naziri Abbas Arakçı İsrailin İrana qarşı artan hərbi əməliyyatları fonunda ABŞ-a sərt xəbərdarlıq edib. Cenevrədə "NBC News"a verdiyi müsahibədə o, Vaşinqtonun siyasətini "diplomatiyaya xəyanət" adlandırıb və ABŞ hərbi qüvvələrinin cavab zərbələri ilə qarşılaşa biləcəyini bildirib.
 
“Əgər müharibə başlayıbsa, bu, o deməkdir ki, tərəflər bir-birinə zərbə endirir. Biz də ölkə olaraq özümüzü müdafiə etmək haqqına malikik", - Arakçı vurğulayıb. Onun sözlərinə görə, əgər ABŞ açıq şəkildə İsrailin yanında savaşa daxil olarsa, İran da öz ərazisindən kənarda yerləşən Amerikan hərbi obyektlərini qanuni hədəf sayacaq.
 
"Bir zənglə bu müharibəni dayandırmaq olardı"
 
Arakçı bildirib ki, ABŞ prezidenti Donald Tramp istəsəydi, sadəcə bir telefon zəngi ilə İsrailin hücumlarını dayandıra bilərdi: "Vaşinqtondan Təl-Əvivə bir zəng kifayət edərdi ki, bu müharibəyə son qoyulsun. Əgər istəsəydi, bunu asanlıqla edə bilərdi". Onun fikrincə, İsrailə təzyiq göstərilməməsi, əksinə, ona hərbi üstünlük şəraiti yaradılması ABŞ-ın məsuliyyətsizliyindən xəbər verir.
 
Arakçı əlavə edib ki, Vaşinqtonun İranla nüvə proqramı üzrə apardığı danışıqlar səmimi olmayıb. Onun iddiasına görə, ABŞ bu danışıqlardan İsrailin planlaşdırdığı hücumu gizlətmək üçün bir vasitə kimi istifadə edib: "Görünür, plan əvvəldən mövcud olub. Sadəcə bu masa arxasındakı danışıqlar həmin niyyətin üstünü örtmək üçün qurulub".
 
"Uranın zənginləşdirməsi bizim qürurumuzdur"
 
Nazir bildirib ki, Tehran uranın zənginləşdirilməsindən heç vaxt imtina etməyəcək. Bu texnoloji nailiyyəti "İran elminin və milli iradəsinin rəmzi" kimi təqdim edən Arakçı deyib: "Biz bunu öz alimlərimizlə əldə etmişik. Bu, sadəcə texniki məsələ deyil, bu, bizim milli ləyaqət və qürur məsələmizdir. Nə Vaşinqton, nə də Tel-Əviv bizə bunu diktə edə bilməz".
 
O, həmçinin qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffla diplomatik əlaqələr tam kəsilməyib. Bəzi birbaşa və dolayı kanallarla mesaj mübadiləsi davam edir, məqsəd isə qarşılıqlı anlaşılmazlıqların qarşısını almaqdır.
 
Trampın cavabı və mesajı: "İsrail qalib gəlir, İran uduzur"
 
Amerika prezidenti Donald Tramp isə bu böhranla bağlı son açıqlamasında bildirib ki, İranla diplomatik həll yolu tapmaq üçün onlara maksimum iki həftə vaxt verilib. Əgər bu müddət ərzində nəticə olmasa, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.
 
Jurnalistlərin "İsraili dayandırmaq üçün bir addım atacaqsınızmı?" sualına cavab olaraq Tramp deyib: "Hazırda bunu demək çətindir. Kimsə qələbə qazanırsa, onu dayandırmaq daha çətin olur. Amma biz yaxşı niyyətliyik və İranla danışmağa çalışacağıq". Tramp daha sonra əlavə edib: "İsrail çox yaxşı döyüşür, İran isə yox. Bu səbəbdən dayanmaq üçün uyğun an deyil".
 
Tehranla Vaşinqton arasında diplomatiya uçurumun kənarında
 
Hazırkı vəziyyət göstərir ki, İran ilə ABŞ arasında yaranmış böhran sadəcə hərbi və ya nüvə məsələsi deyil. Bu, iki tərəfin bir-birinə olan dərin inamsızlığı, bölgədəki güc balansı və geosiyasi ambisiyaların toqquşmasıdır. 
 
Tehran diplomatiyanın arxasında gizlənən planlardan, Vaşinqton isə İranın hərbi potensialından ehtiyat edir. Əgər yaxın günlərdə hər iki tərəf ciddi və səmimi diplomatik addımlar atmasa, Yaxın Şərqdəki bu gərginlik region üçün yeni və daha təhlükəli bir müharibə mərhələsinin başlanğıc nöqtəsinə çevrilə bilər.
Избранный
17
50
moderator.az

10Источники