RU

Tehranın vurulmasında “Taliban” izi – İrandakı əfqanlar “Mossad”a işləyimişlər

İsrail və İran arasındakı müharibə Tehran və Kabil arasında münasibətləri korlaya bilər.

Beynəlxalq mediada yer alan məlumatlara görə, islam respublikasında hədəflərə hücum edən təxribatçılarının əhəmiyyətli bir hissəsi İsrail kəşfiyyatlna işləyən əfqanlardır.

İran təhlükəsizlik qüvvələri, demək olar ki, hər gün Tehranda və ölkənin digər şəhərlərində İsrailin kəşfiyyat xidməti “Mossad”a işləyən əfqanları saxlayır. İsrail kəşfiyyatının anti-İran hərəkətlərində hətta “Taliban”ın kəşfiyyat xidmətlərinin də iştirakı ilə bağlı versiyalar var.

Tehranda düşünülür ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlarının və nüvə alimlərinin bir gecədə həlak edilməsi ilə müşayiət olunan hücumlar “Mossad”ın İran ərazisində əvvəlcədən yaratdığı geniş kəşfiyyat və təxribat şəbəkəsi olmadan mümkün olmazdı. Bu, artıq təsdiqlənmiş faktdır.
Üstəlik, o da məlum olub ki, İsrail şəbəkəsinin əhəmiyyətli bir hissəsi Hindistandan olan təxribatçılarla yanaşı, son bir neçə ildə islam respublikasının müxtəlif şəhərlərində məskunlaşmış əfqan miqrantlardan formalaşıb.

Vəziyyətlə tanış olan mənbələrə görə, 28 əfqan agentdən ibarət qrup müharibənin ilk günlərində İran təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb. Bundan sonra, demək olar ki, hər gün ölkənin müxtəlif şəhərlərində bir neçə əfqan kəşfiyyatçı və “Mossad” diversantı müəyyən edilərək yaxalanıb. İyunun 17-də İran universitetlərinin birində magistratura pilləsində təhsil alan və eyni zamanda “Mossad”a casusluq edən əfqan tələbə Rey şəhərində tutulub.

edaml.jpg

Ertəsi gün İslamşəhr şəhərində İran təhlükəsizlik qüvvələri İsrail agentləri tərəfindən yaradılmış gizli partlayıcı maddələr anbarını aşkar edib. Anbarla birlikdə təxribat hücumları hazırlamaq üçün “Mossad” tərəfindən cəlb edilmiş 4 əfqandan ibarət qrup İranın təhlükəsizlik xidmətinin əlinə keçib. Bütün bu agentlər və təxribatçılar kədərli aqibətlə qarşılaşırlar: bir qayda olaraq, onları 24 saat ərzində asaraq edam edirlər və bu zaman apelyasiya şikayətləri də rədd olunur.

Bildirilir ki, İsrail kəşfiyyatı ən azı son 6 ay ərzində özünü “Taliban” əmirliyində öz evindəki kimi hiss edib. 13 iyunda baş vermiş təxribat hücumlarına hazırlaşmaq üçün İsrail kəşfiyyatının Əfqanıstanın İranla həmsərhəd rayonlarından istifadə etdiyi qeyd olunur. Xüsusilə də “Mossad”ın Əfqanıstanın Şindand şəhərində gizli baza yaratması barədə məlumatlar ortaya çıxıb. Buradan əfqan agentlər İran ərazisinə sızdırılıb. Hazır pilotsuz təyyarələr və onların dizayn elementləri də Əfqanıstandan “Şindand dəhlizi” ilə daşınıb və sonradan İrandakı hədəflərə zərbələr endirmək üçün istifadə olunub.

iran-efa.png

Əfqan mənbələrinin məlumatına görə, dronların partiyaları İslamqala-Herat sərhəd-keçid məntəqəsi vasitəsilə İrana ötürülüb. “İHA-ların olduğu konteynerlər təyyarələrlə xaricdən Qəndəhar və Kabilə, oradan isə avtomobillərlə Herata və İslamqala vasitəsilə sırf mülki yüklərin olduğu konteynerlər adı altında İrana daşınıb”, – vəziyyətlə tanış olan mənbə bildirib. Onun sözlərinə görə, İran sərhədçiləri və gömrükçüləri bu konteynerlərə baxış keçirməyiblər. Çünki iranlılar “Taliban”a etibar edib, son dövrlərdə inkişaf edən mehriban qonşuluq münasibətləri praktikasına uyğun davranıblar. Əfqan mənbələri əmindir ki, “Taliban”ın xüsusi xidmət orqanları olmasaydı, İsrail kəşfiyyatının Əfqanıstan ərazisində bütün əməliyyatları mümkünsüz olardı.

Bəzi əfqan ekspertlər birbaşa olaraq “Taliban”ın daxili işlər naziri Siracuddin Haqqaninin rəhbərlik etdiyi “Haqqani şəbəkəsi”nin və Molla Əbdülhaq Vasiqin rəhbərlik etdiyi Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarə əməliyyatında iştirakına işarə edirlər. Onların hər ikisi Amerika kəşfiyyatının nümayəndələri ilə sıx əlaqələr saxlayır və “terrorizmə qarşı birgə mübarizə” layihəsi çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən müntəzəm maliyyə dəstəyi alırlar.

Sosial şəbəkələrin Əfqanıstan seqmentində də “Taliban”ın Tehrandakı səfirliyinin əməkdaşı olduğu iddia edilən şəxsin səs yazısı yayılıb. Orada audiomüraciət müəllifinin İran təhlükəsizlik qüvvələrinin özlərini “Taliban”ın təmsilçisi kimi təqdim edən iki əfqanı həbs etdiyini və onların Əfqanıstandan İrana PUA komponentləri və partlayıcı maddələrin çatdırılmasında iştirak etdiklərini etiraf etdiyini eşitmək olar. İddialara görə, saxlanılan şəxslər hətta “Taliban”la əlaqə saxladıqlarını və İsrail kəşfiyyatı üçün tapşırıqları yerinə yetirərkən “Taliban”ın Tehrandakı səfirliyinin dəstəyindən istifadə etdiklərini bildiriblər. Bununla əlaqədar olaraq, Əfqanıstan diplomatı mesajı alanlara xəbərdarlıq edib ki, İran hakimiyyəti “insidentin bütün halları aydınlaşana qədər” Tehrandakı səfirliyi müvəqqəti bağlamaq qərarı verə bilər.

Yerli ekspertlər hesab edirlər ki, İsrail və İran arasında silahlı qarşıdurma kəskin mərhələdə olsa da, indilikdə Tehran özünə “yeni düşmənlər yaratmayacaq” və islam respublikasının qonşu Əfqanıstanla, eləcə də Hindistanla münasibətlərini “geridönməz şəkildə gərginləşdirə biləcək” ictimai qalmaqallardan qaçmağa çalışacaq.

afqmiq.jpg

Ancaq gözlənilir ki, böhran başa çatdıqdan sonra İran Əfqanıstanın davranışını xəyanət kimi qiymətləndirəcək.

Müşahidəçilər Heybətullah Axundzadənin rəhbərlik etdiyi Əfqanıstanda “Qəndəhar fraksiyası”na bir neçə aydır ki, kifayət qədər fəal şəkildə dəstək verildiyini xatırladırlar.

“Böyük Qəndəhar” bölgəsinin yerli sakinləri əsasən puştunlardan ibarətdir. Regional ekspertlər istisna etmirlər ki, İsrailin hücumu başa çatdıqdan sonra İran Əfqanıstan qaçqınlarının əksəriyyətini, eləcə də hindistanlı miqrantları kütləvi şəkildə islam respublikasından deportasiya edəcək.

Yüz minlərlə əfqanın İrandan Əfqanıstana köçməsi “Taliban” rejimi üçün böyük sosial və humanitar problem yaradacağı üçün hesab olunur ki, Qəndəhar və Kabilin “hikkəli mollaları” bunun öhdəsindən gələ bilməyəcək.

Araz Altaylı, Musavat.com

Избранный
24
50
moderator.az

10Источники