RU

Azərbaycanın şəffaf investisiya mühiti:«bir pəncərə», «yaşıl dəhliz» və...

İnvestisiya iqtisadi inkişafın əsas prioritetlərindən biridir. Ona görə də hansı ölkədə ki,  investisiya mühiti mövcuddur, yerli və oraya xarici sərmayədarların da marağı artır. Azərbaycan dövləti də investorları cəlb emək üçün önəmli işlər həyata keçirib. Xüsusilə ölkəmizin investisiya cəlbediciliyini artırmaq üçün ciddi islahatlar aparılıb. İlk növbədə bu sahədə qanunvericilik bazası təkmilləşdirilməklə investorlara mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılıb. Onların şəffaf və maneəsiz fəaliyyəi üçün antikorrupsiya tədbirləri gücləndirilib.

Bundan başqa, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb. Ən başlıcası isə invesitisiya mühiti üçün önəmli hesab edilən  «Bir pəncərə» sistemi yaradılıb. Bu sistemlə Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir.

Həmçinin elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. Ən başlıcası isə yeni investorlara gömrük və vergi güzəştləri də tətbiq olunmuşdur. Xüsusilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.

Belə innovativ tətbiqlər nəticəsində 2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3363,0 milyon manatı və ya 50,2 faizi məhsul  istehsalı  sahələrinə, 2236,8 milyon  manatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Ümumiyyətlə, 2000-2024-cü illər ərzində Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 27 milyard 503 milyon ABŞ dolları təşkil edib. Bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) «Qlobal İnvestisiya Hesabatı»nda deyilir. Eyni zamanda, 2000-2024-cü illər ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 29 milyard 876 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2000-2023-cü illərdə 28 milyard 644 milyon ABŞ dolları, 2000-2010-cu illərdə isə 5 milyard 790 milyon ABŞ dolları olub. 2000-ci ildə isə bu göstərici 1 milyon ABŞ dolları olub.

Son 6 il ərzində Azərbaycan iqtisadiyyatına ən yüksək həcmdə birbaşa xarici investisiya 2019-cu ildə qoyulub – həmin ildə bu rəqəm 1 milyard 504 milyon ABŞ dolları təşkil edib. Elə həmin il Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyalar da pik həddə çataraq 2 milyard 432 milyon ABŞ dollarına bərabər olub.

Hesabata görə, 2020–2024-cü illərdə Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (DÇOÖ) «yaşıl sahə» layihələrinə yatırımlar əsasən enerji, rəqəmsal iqtisadiyyat və nəqliyyat sektorlarına olub. Belə ki, enerji və qaz təchizatı sektoru DÇOÖ-lərdə «yaşıl sahə» layihələri üzrə əsas investisiya istiqaməti olaraq qalaraq, ümumilikdə təxminən 50 milyard ABŞ dolları cəlb edilib. Bu, əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artım deməkdir və ümumi «yaşıl sahə» fəaliyyətinin 30  faizinə yaxın hissəsini təşkil edir.

Bütün bunlara rəğmən demək olar ki, sürətli  inkişaf və islahatlar mərhələsini yaşamaqda olan Azərbaycan dövləti investorlar üçün etibarlı tərəfdaşdır. Həm xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, həm də bu məqsədlə əlverişli mühitin yaradılması dövlətimizin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Təbii ki, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici olması da heç təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb. Ən başlıcası isə «açıq qapı» siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Elçin Zaman, «İki sahil»

Избранный
9
ikisahil.az

1Источники