Xarici işlər naziri Abbas Araqçının İsrailin “təcavüzkarlığı” dayanana qədər yeni nüvə danışıqlarını rədd etməsindən sonra İsrail və İran bir gecədə yeni qarşılıqlı hücumlar dalğasına başlayıblar.
İyunun 13-də İsrailin İranın nüvə obyektlərinə qarşı “Yüksələn Aslan” əməliyyatına başlamasından sonra başlayan qarşıdurmalar 9-cu gününə daxil olub və gecə boyu hər iki ölkədən hücum xəbərləri gəlməyə davam edib.
İran bu gün səhər İsfahan nüvə obyektinin hədəf alındığını, lakin hücumun sızmaya səbəb olmadığını açıqladı.
İran Səhiyyə Nazirliyi İsrailin İrana hücumlarına başladıqdan sonra 430 nəfərin öldüyünü, 3500-dən çox insanın isə yaralandığını açıqlayıb.
İsfahan nüvə obyekti İranın mərkəzində, Tehrandan təxminən 440 kilometr cənubda yerləşir.
İsrail hərbçiləri bildiriblər ki, zərbələr İsfahandakı “sentrifuqa istehsalı müəssisəsini” hədəf alıb və sentrifuqanın istehsal gücünə “əhəmiyyətli ziyan” vurub.
Qarşılıqlı hücumlar dalğası Avropa xarici işlər nazirləri ilə onların iranlı həmkarı Abbas Araqçı arasında dünən Cenevrədə keçirilən görüşdən heç bir konkret nəticə əldə olunmaması və Araqçının atəşkəs əldə olunana qədər İranın nüvə proqramı ilə bağlı əlavə danışıqlardan imtina etməsindən sonra baş verib.
Araqçı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısı üçün bu gün səhər tezdən İstanbula gəlib.
***
İsrailin müdafiə naziri İsrael Katz İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir qolu olan İran Qüds Qüvvələrinin Fələstin Korpusunun komandiri Səid İzadinin İsrailin hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.
Katz deyib ki, Səid İzadi “7 oktyabr qırğınından əvvəl “HƏMAS”ı maliyyələşdirib və silahlandırıb”. İsrail Müdafiə Qüvvələri (IDF) açıqlamasında bildirib ki, İzadi “HƏMAS” və “SEPAH-ın yüksək rütbəli komandirləri və İran rejimi” arasında “hərbi koordinasiyaya” cavabdeh idi.
Katz bunu “İsrail kəşfiyyatı və İsrail Hərbi Hava Qüvvələri üçün böyük uğur” kimi qiymətləndirib.
Mətbuatın məlumatına görə, hücum İranın Qum şəhərində mənzildə baş verib. İran mətbuatının məlumatına görə, hücum zamanı 16 yaşlı uşaq həlak olub.
İran İnqilab Mühafizəçiləri İzadinin ölümünü hələ təsdiqləməyib.
***
İsrail iyunun 13-də İranın paytaxtı Tehranı hədəfə alıb. Partlayışlar bütün şəhərdə əks-səda verib. İsrail hücumda nüvə və hərbi obyektlərin vurulduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın “Yüksələn Aslan” adlandırıldığını açıqlayıb. Hücumda 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və 100-ə yaxın hədəf vurulub.
Hücumlarda nüvə proqramı ilə əlaqəli yüksək səviyyəli komandirlər və nüvə alimləri öldürülüb.
Hücumlar İranın nüvə proqramında sürətli irəliləyişi ilə bağlı gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. Hücumdan bir gün qabaq Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası İranı son 20 ildə ilk dəfə müfəttişlərlə əməkdaşlıq etmədiyinə görə rəsmi şəkildə qınayıb.
Hücumun ilk saatlarında ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumlarında ABŞ-ın heç bir rolunun olmadığını deyib və Tehrana ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamaq barədə xəbərdarlıq edib.
Bununla belə, ABŞ prezidenti Donald Tramp deyib ki, İran razılaşma əldə etməlidir, əks halda gələcək hücumlar “daha qəddar” olacaq.