RU

Uşaqların Binəyə “sürgünü”

Azərbaycanın U-16 millisi MDB oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışı keçirir. Komandamız ilk yoxlama görüşündə Moldova yığmasını 3:2 hesabı ilə məğlub edib. Toplanışın iyunun 22-dək davam edəcəyi bildirilib.

Ancaq diqqət çəkən məqam odur ki, ardıcıl ikinci dəfə millimiz hazırlığını Binə stadionunda aparır. Süni örtüklü, suvarma sistemi ideal vəziyyətdə olmayan bu meydançanın MDB oyunları öncəsi seçilməsi ciddi suallar doğurur.

AFFA-nın strategiya planının icrasından başlamamsından aylar keçir. Belçika şirkətinə yazılan strategiya planında uşaq futbolunun inkişafı xüsusi vurğulanır. Lakin hər ötən gün hərəkətsizlik, planın masalar üzərində qalması ciddi narahatlıq yaradır. Bu azmış kimi indi də məlum olur ki, federasiya U-16 millisini təlim-məşq toplanışı üçün Binəyə “sürgün” edib.

Təsəvvür edin, problemlərin kökü sayılan uşaq futbolunda ciddi inkişaf istənilən/gözlənilən bir anda məlum olur ki, millinin aşağı yaş qrupu süni meydançada MDB oyunlarına hazırlaşır. Suvarma sistemi bərbad olan süni meydançada gələcəyin istedadları axtarışındayıq.

 

Halbuki AFFA rəhbərliyi vəzifəyə gəldiyi ilk gündən infrastruktur və xüsusilə təbii örtüklü stadionların əhəmiyyətindən danışır. Amma görünür, bəyanatlarla əməli fəaliyyət arasında ziddiyyət hələ də davam edir. Hazırda ölkə çempionatında fasilədir və bir çox təbii örtüklü stadion boşdur. Bəs bu halda niyə gələcəyin futbolçuları süni meydançaya məhkum edilir?

Qeyd edək ki, MDB turniri Qəbələdə – təbii örtüklü meydançada keçiriləcək. Bu isə süni örtüklü şəraitdə hazırlaşan futbolçularımız üçün uyğunlaşma problemi yaradacaq, zədə riskini artıracaq və ümumi performansa mənfi təsir göstərəcək.

Bu yanaşma AFFA-nın gələcəyin futbolçularına nə qədər laqeyd münasibət göstərdiyini ortaya qoyur. Ən sadə planlaşdırmanı belə edə bilməyən qurumun milyonlarla vəsait qarşılığında hazırladığı strategiya sənədindən hansı nəticəni gözləmək olar?

Artıq bir ildən çoxdur vəzifədə olan AFFA rəhbərliyi – Rövşən Nəcəf və komanda üzvləri hələ də konkret bir inkişaf göstəricisi ilə yadda qalmayıb. Əvəzində, ardıcıl yanlış qərarlar və məsuliyyətsiz idarəetmə nümunələri ilə gündəmdə qalmağa davam edirlər.

İdmanxeber.az 

 

Избранный
11
1
idmanxeber.az

2Источники