Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Samir Haud futbol funksionerlərinin sammitində FİFA prezidenti Canni İnfantino ilə 2029-cu il Klub Dünya Çempionatının Braziliyada keçirilməsi ideyasını müzakirə edib.
Publika.az xəbər verir ki, CBF rəhbərinin sözlərinə görə, görüş zamanı o, vəzifəyə təyin olunmasından sonrakı məqsədlərini bölüşüb və Braziliya futbolunun FİFA ilə daha yaxın əməkdaşlıq etməsini istədiyini bildirib:
"Hər şey ilkin söhbətlə başladı. Mən CBF prezidenti kimi hədəflərimdən danışdım və FİFA-ya yaxın olmağı arzuladığımızı dedim. Tədbiri və Braziliya klublarının səviyyəsini təriflədim, sonda isə növbəti klublar dünya çempionatının bizim ölkədə keçirilməsi təklifini irəli sürdüm".
Onun sözlərinə görə, İnfantino bu ideyanı sevinclə qarşılayıb və bunun real olduğunu bildirib:
"İndi biz bu ideyanın gerçəkləşməsi üçün çalışacağıq. Bu, bizim üçün böyük bir hədəf olacaq".