RU

Maddi yükə çevrilən ehsan: İslamda belə göstəriş var?

Azərbaycanda Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Sakinlər bildiriblər ki, yasda təkcə çay süfrəsinə icazə verilir. Əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir. Tək Samuxda deyil, digər rayonlarda da bu qayda tətbiq edilir. Lakin bunun hüquqi çərçivəsi müəyyən edilməyib.

Yəni, hansısa rayonda ehsana icazə verilməyib, digər rayonda bu qaydaların olmaması narazılıqlara səbəb olur. Ümumiyyətlə, yas mərasimlərində ehsan verilməsinin dini baxımdan hökmü nədir? Bu cür qadağaların tətbiqi üçün ölkə üzrə vahid hüquqi mexanizm olmalıdırmı?

“Bu adət mahiyyətindən uzaqlaşıb”

Şərqşünas-alim Nəriman Qasımoğlu deyir ki, müsəlman cəmiyyətində ehsan anlayışı əksər hallarda yalnız yas mərasimləri ilə əlaqələndirilir: “Halbuki ehsan yaxşılıq etmək, gözəl davranmaq kimi İslamda daha geniş və dərin mənaya malikdir. Ənənəvi olaraq yas mərasimlərində süfrələrin açılması, yemək verilməsi normal hal kimi qəbul olunur. Lakin bu adətin artıq mahiyyətindən uzaqlaşaraq formal hala gəlməsi, həm də ailələr üçün maddi yükə çevrilməsi ciddi suallar doğurur”.

“İnsanlar yasa başsağlığı verməyə gəlməlidir, yeyib-içməyə deyil”

N.Qasımoğlu bildirir ki, İslamın ruhuna uyğun olaraq, yas mərasimləri mərhumun xatirəsini anmaq, ailəsinə mənəvi dayaq olmaq məqsədi daşımalıdır: “Bu baxımdan, yemək-içmək mərkəzli ehsan əvəzinə, ehtiyacı olanlara yardım edilməsi, məsələn, həmin yeməklərin uşaq evlərinə, ahıl şəxslərə və ya aztəminatlı ailələrə paylanması daha gözəl və savab bir əməldir. İnsanlar yasa təsəlli, başsağlığı, dəstək verməyə, dünyasını dəyişənlərin xatirəsini anmağa gəlməlidirlər, yeyib-içməyə deyil. Bunun üçün sadə çay süfrəsi də yetərlidir”.

Qadağaların ölkə üzrə tətbiqi məsələsinə gəldikdə isə, dinşünas alim vurğulayır ki, bu məsələlər dövlət səviyyəsində hansısa inzibati yolla tənzimlənərsə, yas mərasimlərindəki mənasız ənənəyə də son qoyular.

“İslam şəriətində belə göstəriş yoxdur”

Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyatçı-alim Elvüsal Məmmədov da vurğulayır ki, Azərbaycanda yas mərasimləri zamanı müşahidə olunan bəzi adət-ənənələr İslamın əsas prinsipləri və şəriət qaydalarına tam uyğun gəlmir: “Bu ənənələr arasında ən çox yayılan və təhrifə uğramış məqamlardan biri də ilk üç gün ərzində ehsan süfrələrinin açılmasıdır. İslam şəriətində belə bir tələb və ya göstəriş yoxdur. Bu adət əsasən Azərbaycanda və bəzi digər az sayda müsəlman ölkələrində formalaşıb”.

Избранный
16
4
publika.az

5Источники