RU

Uzunmüddətli gəzinti xroniki bel ağrısı riskini azalda bilər – TƏDQİQAT

Bakı, 20 iyun, AZƏRTAC

Norveç Elm və Texnologiya Universitetinin (NTNU) alimlərinin yeni araşdırması gündəlik uzun müddətli gəzintilərin xroniki bel ağrısı (XBA) riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya çıxarlb.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən, gündə 100 dəqiqədən çox gəzinti edən insanların xroniki bel ağrısı ilə üzləşmə riski 23 faizə qədər azalır.

Xroniki bel ağrısı dünyada geniş yayılmış sağlamlıq problemlərindən biri olaraq qalmaqdadır. Qlobal statistikaya görə, bel ağrısı səhiyyə sistemləri üçün ən yüksək maliyyə yükü yaradan xroniki xəstəliklər sırasında yer alır. ABŞ-da isə bel ağrısı səhiyyə xərclərinin ən böyük hissəsini təşkil edir. Tədqiqatçılar fiziki aktivliyin XBA-nın idarə olunmasında mühüm rol oynadığını bildirsələr də, mövcud təlimatlar gəzinti tezliyi və müddəti ilə bağlı konkret göstəricilər təqdim etmir.

Bu boşluğu doldurmaq məqsədilə NTNU alimləri perspektivli kohort araşdırması həyata keçiriblər. 2017-2019-cu illər arasında ilkin mərhələdə bel ağrısı yaşamayan və 2021-2023-cü illərdə izlənən 20 yaşdan yuxarı 11 min 194 iştirakçı araşdırmaya daxil edilib. İştirakçılar bir həftə ərzində iki ədəd üçoxlu AX3 akselerometr taxaraq gündəlik gəzinti həcmi və intensivliyi ölçülüb.

Araşdırmanın nəticələrinə görə, gündə 101-124 dəqiqə gəzən iştirakçıların bel ağrısı riski 23 faiz azalaraq 0,77 (95 faiz CI, 0,68-0,87) nisbətində olub. Gündə 125 dəqiqə və daha çox gəzənlərdə isə bu nisbət 0,76 (95 faiz CI, 0,67-0,87) təşkil etmişdir. Eyni zamanda, gəzinti intensivliyinin artması da riskin azalması ilə əhəmiyyətli şəkildə əlaqələndirilib.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, gəzinti, çoxları üçün əlçatan və sadə fiziki fəaliyyət növü olmaqla yanaşı, əhalinin geniş təbəqələri üçün xroniki bel ağrısının profilaktikasında təsirli bir vasitə ola bilər. Onların fikrincə, ictimai səhiyyə siyasətləri gəzinti həcmini artırmağa yönəlmiş strategiyalara üstünlük verməli və bu sahədə təşviqat işləri aparmalıdır.

 

Избранный
18
4
azertag.az

5Источники