RU

İranın nüvə obyektlərini məhv edəcək silahlar ABŞ-dədir - Müharibəyə daxil olurlar

BAKI, 19 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında davam edən münaqişə fonunda gələn həftənin Tehran üçün həlledici olacağını bəyan edib.

Sitat: “Gələn həftə çox əlamətdar olacaq. Bəlkə bir həftədən az, bəlkə daha az...”.

Trampın son bəyanatları ABŞ-nin İsrail-İran münaqişəsinə qoşulacağı ehtimalını gücləndirib, ən azı, gündəmə gətirib. ABŞ Prezidentinin iyunun 19-da gecəyarısı verdiyi bəyanatlardan dərhal sonra “The Wall Street Journal” kəşfiyyat və rəsmi mənbələrə istinadla Trampın İrana hücum planını təsdiqlədiyini yazıb.

Davam edən və getdikcə genişlənən qarşılıqlı zərbələr kampaniyası və İsrailin hələlik məqsədinə nail ola bilməməsi fonunda ABŞ məsələnin həllini tezləşdirmək istəyir. Trampın “Vaxt daralır” bəyanatı da bundan xəbər verir. İsrailin məqsədinə gəlincə, əsas hədəf İranın nüvə obyeklərinin sıradan çıxarılması ilə bağlıdır. Hesab etmək olar ki, İsrail bu məqsədinə çatmadığını görəndə ABŞ işə qarışacaq.

İyunun 13-də hava hücumunun başlamasından sonra bir neçə dəfə Natanz və Fordo nüvə obyektləri hücuma məruz qalsa da, onları sıradan çıxarmaq mümkün olmayıb. Natanz qismən zədələnib, Fordo isə hələlik zərərsiz işləyir. Çətin hədəflərdir və bunu çətinləşdirən əsas amil obyektlərin yerin altında yerləşməsi ilə bağlıdır. İsrail Hərbi Hava Qüvvələri hər nə qədər müasir və dəqiq silahlara malik olsa da, İranın yeraltı nüvə obyektlərini məhv edəcək silah ABŞ-dədir. Xüsusən də söhbət yerin 80 metr dərinliyində yerləşən Fordonu – İranın nüvə proqramının mərkəzini məhv edəcək silahdan gedir.

Fordo İranın ən möhkəm şəkildə qorunan nüvə obyektidir. Obyekt mümkün hücumlar nəzərə alınaraq dağın dərinliklərində tikilib. Yalnız ABŞ ordusu onu məhv edə biləcək bombaya malikdir.

Obyekt uranın zənginləşdirilməsində əsas rol oynayır və İranın proqramının hərbi hissəsini təşkil edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son hesabatına görə, burada nüvə silahı əldə edilə biləcək həddə (90 faiz) uran zənginləşdirilə bilər.

“The New York Times” yazır ki, Fordonu yalnız ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında olan və başqa ölkələrə satışı qadağan olan 13 000 kiloqramlıq GBU-57 (MOP) bombası ilə məhv etmək mümkündür. Bombanın bir özəlliyi də ondan ibarətdir ki, bunları yalnız B-2 strateji bombardmançıları daşıya bilir. İsrailin belə bir silahı yoxdur.

ABŞ hələ 2024-cü ilin sonlarında İranla artan gərginlik fonunda Hind okeanındakı Dieqo Qarsiya adasına əlavə B-2-lər göndərmişdi.

Dieqo Qarsiya ABŞ üçün İranla yanaşı, Çin və Yaxın Şərqdəki mümkün əməliyyatlara çıxış imkanı verən strateji nöqtədir. 1991-ci ildə Körfəz müharibəsi, 2001-ci ildə Əfqanıstan əməliyyatları və 2003-cü ildə İraq müharibəsi zamanı intensiv istifadə olunub.

Ada ABŞ-nin Yaxın Şərq və Asiyadakı digər hədəfləri üçün B-52, B-1B və B-2 kimi uzaqmənzilli bombardmançılarla təchiz olunmuş əsas bazadır. Adada ABŞ-nin hərbi nəqliyyat təyyarələri (C-17 və C-5 Galaxy) də yerləşdirilib.

Dieqo Qarsiya dəniz qüvvələri üçün logistika mərkəzi rolunu oynayır, gizli radar və rabitə sistemləri, o cümlədən sualtı qlobal rabitə şəbəkələri ilə təchiz olunub və əsas hava zolağı strateji bombardman əməliyyatlarını dəstəkləyə biləcək uzunluqdadır.

Yanacaq və sursat anbarları strateji ehtiyatlar üçün nəzərdə tutulub. ABŞ-nin Uzaq Şərq (Hind-Sakit okean bölgəsi) və Yaxın Şərq kimi regionlardakı əməliyyatlarını dəstəkləmək üçün hərbi gəmilər və sualtı gəmilər üçün liman və təmir obyektləri ilə gücləndirilib.

Adada saxlanılan təyyarələr və raketlər nüvə silahı da daşıya biləcək potensiala malikdir. Ehtiyat olaraq sualtı gəmilər üçün təchizat və nəzarət sistemləri mövcuddur.

San Dieqodan başqa, ABŞ-nin Yaxın Şərqdə - İrana ən yaxın sularda üzən “USS Dwight D. Eisenhower” və “USS Theodore Roosevelt” kimi təyyarədaşıyan gəmiləri var. Bu gəmiləri kreyserlər və esmineslər (hava hücumundan müdafiə və raket atəşi üçün), sualtı gəmilər (nüvə başlıqlı “Tomahawk” raketləri daşıyan) və amfibiya hücum gəmiləri (dəniz piyadalarının daşınması üçün) müşayiət edir.

ABŞ Mərkəzi Komandanlığı İsrail-İran münaqişəsinin başlamasından bi gün əvvəl – iyunun 12-də Yaxın Şərqdəki ABŞ hərbi qüvvələrinin ən yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. Vaşinqtonun Yaxın Şərq ölkələrindəki diplomatik nümayəndələrinin ailələri də təhlükəsiz yerlərə köçürülüb. Başqa sözlə, ABŞ ordusu İrana müdaxilə etmək üçün hazırdır. ABŞ mediası da Trampın hücum planını təsdiqlədiyini yazsa da, Ağ Ev sahibinin hücumu başlatmaq üçün nəyi gözlədiyi bəlli deyil. Son açıqlamasında Tramp hələ də İran üçün diplomatiya qapısının açıq olduğunu söyləyib. Görünür o, özü üçün müəyyən etdiyi vaxta qədər gözləyəcək. İran üçün nəzərdə tutulmuş müddət isə qarşıdakı bir həftə qədər ola bilər, ən azı, Trampın açıqlaması belədir.

Analitiklərin fikrincə, ayrılan vaxt ərzində İran nüvə proqramından imtina etsə və ya uranın zənginləşdirilməsi layihəsini Vaşinqtonun təklif etdiyi çərçivədə davam etdirməyə razılıq versə, hücum ehtimalı aşağı düşəcək.

Mayın 14-də Tehran uranı ABŞ sərmayəsi ilə zənginləşdirmək üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib. Mümkün konsorsiumun iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adları çəkilib. Amma ABŞ bu təklifə bir qədər əl gəzdirib. ABŞ Yaxın Şərq nüvə konsorsiumunu İran ərazisində uranın zənginləşdirilməsinə alternativ olaraq irəli sürüb. Yəni Vaşinqtonun fikrincə, İrana zənginləşdirilmiş uran kənardan idxal olunmalıdır ki, bu da Tehranın nüvə proqramından imtinası anlamına gəlir. Tehran bunu rədd edib. Belə olan halda Tramp mövqeyində qətiyyətli olarsa, məsələ hərbi variantla həll oluna bilər.

Trampın verdiyi bir həftə və ya özünün dediyi kimi, bundan da az müddətdə Tehran onun tələbləri ilə razılaşacaqmı? Razılıq olmasa, nə baş verəcək? Apreldə Tramp İrana qərar vermək üçün 60 günlük vaxt tanımışdı. 60-cı günün sonunda – iyunun 13-də İsrail İrana hücuma başlamışdı. Bu dəfəki müddətin sonunda isə hücum edən tərəf ABŞ ola bilər.

Избранный
48
50
teleqraf.com

10Источники