“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlim platforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyə verilib.
Bu barədə Publika.az-a ADY-dən bildirilib.
Məlumata görə, layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən struktur bölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyera irəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik Ekspresi” vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyada əlçatan edilməsidir.
Bildirilib ki, ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək “Bilik Ekspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyata keçirib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində keçirilən tədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçün stansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlər təşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etik davranış kodeksi ilə bağlı maarifləndirmə sessiyaları keçirilib.
Həmçinin bu mobil platforma vasitəsilə ADY tərəfindən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin fəaliyyətinin təşkili və yerli əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər keçirilib, iş yerlərinin komplektləşdirilməsi üçün yerli sakinlərlə görüşlər və ilkin seçim mərhələləri təşkil edilib.
2024-cü ildə layihələndirilən və üç vaqondan ibarət olan “Bilik Ekspresi” qatarının birinci vaqonu eyni vaxtda 27 nəfərin təlim keçməsi üçün nəzərdə tutulmuş tədris sinfindən ibarətdir, ikinci vaqon 12 nəfərlik təlim otağından ibarət olmaqla istirahət zonası və mətbəxlə təmin olunub, üçüncü vaqon isə təlimçilərin və texniki heyətin fasiləsiz fəaliyyət göstərməsi üçün yataq yerləri ilə təmin olunub.