RU

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır

Yazını böyüt
Yazını kiçilt

ABŞ-da sürətlə yayılan və ölümcül nəticələrə səbəb olan "Aspergillus fumigatus" adlı göbələk növü immun sistemi zəif olan şəxsləri təhdid edir. Mikroskopik sporlarla havada daşınan bu göbələk fərqinə varmadan tənəffüs yolu ilə ağciyərlərə yerləşir və zamanla beyin, ürək, böyrək kimi həyati orqanlara doğru irəliləyə bilir. Mütəxəssislər bildirirlər ki, göbələklərin yaratdığı "aspergilloz" infeksiyası ciddi orqan çatışmazlığına və ölümə səbəb ola bilər.

Hafta.az-ın yazdığına görə, xərçəng müalicəsi alanlar, HİV xəstələri, astma xəstələri və orqan transplantasiyası alanlar kimi immun sistemi zəif olan şəxslər ən həssas qrupdur. Aspergilloz, xüsusilə xroniki ağciyər xəstəliyi olan insanlarda uzun müddətli infeksiyalara səbəb ola bilər. İnvaziv aspergillozun daha az yayılmış, lakin daha ölümcül növündə göbələk sistematik olaraq bütün bədənə yayılır və ölüm riskini artırır.

Göbələk infeksiyalarının Florida, Texas, Luiziana, Corciya və Kaliforniya kimi isti və rütubətli bölgələrdə daha çox yayıldığı bildirilir. Əkinçilik sahələrində torpaq şumlama işləri göbələyin yayılmasını sürətləndirir. Nyu York, Los Anceles və Hyuston kimi insanların sıx olduğu şəhərlərdə infrastruktur problemləri və havanın keyfiyyəti göbələyin yayılmasını asanlaşdıran amillərdəndir.

Aspergilloz ABŞ-da bildirilməsi tələb olunmayan bir xəstəlik olduğundan, rəsmi məlumatlar kifayət deyil. Bu, infeksiyanın həqiqi yayılmasını və ölüm nisbətini müəyyən etməyi çətinləşdirir. Mütəxəssislər qeyd edirlər ki, bu çatışmazlıq əhalinin sağlamlığı üçün ciddi risk yaradır.

İnfeksiya mütəxəssisləri vurğulayırlar ki, immun sistemi zəif olan şəxslər xüsusilə torpaq, bağçılıq və küflü mühitlərlə təmasdan çəkinməlidirlər. Həmçinin tozlu yerlərdə maskalardan istifadə etmək, yaşayış mühitində havanın təmizliyinə diqqət yetirmək tövsiyə olunur.

Mançester Universitetindən Dr. Norman van Rhijn, göbələyin iqlim dəyişikliyi ilə önümüzdəki illərdə çox daha geniş bir coğrafiya üçün təhlükə yarada biləcəyinə diqqət çəkib. Rhijn, "Bu, təkcə ABŞ-ı deyil, yüz minlərlə insanı narahat edən qlobal təhlükədir. Kənd təsərrüfatı, iqlim və sağlamlıq vərdişlərimiz kökündən dəyişməli ola bilər" deyib. Orqan transplantasiyası keçirən xəstələrdə aspergilloz infeksiyasından sonra bir illik sağ qalma nisbəti 59 faiz olaraq ölçüldüyü halda, kök hüceyrə transplantasiyası keçirən xəstələrdə bu nisbət 25 faizə enir. Reanimasiya yarılmaları göstərir ki, aspergilloz dörd ən ölümcül infeksiya arasındadır. Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, göbələk infeksiyaları ilə mübarizə üçün yeni və təsirli dərmanlar hazırlanmalı, diaqnostik proseslər sürətləndirilməli, səhiyyə işçiləri yetişdirilməlidir. Kolumbiya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi doktor Vyas vəziyyəti aydın şəkildə yekunlaşdırıb: "Bu, fantastika deyil, real təhlükədir və biz hələ bu təhlükəyə hazır deyilik".

Избранный
24
hafta.az

1Источники