Bakı, 17 iyun AZƏRTAC
Azərbaycan şagirdləri beynəlxalq olimpiadalarda uğurlarını artırırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi zamanı çıxış edərkən deyib. O bildirib ki, son 10 il ərzində Azərbaycan məktəbliləri beynəlxalq elmi yarışlarda 513 medal qazanıblar: “Bu, olduqca böyük və qürurverici nəticədir. Maraqlıdır ki, əvvəlki 10 ildə də məhz 513 medal əldə olunmuşdu. Lakin 2025-ci ilin hələ ortasında olmağımıza baxmayaraq, artıq 30 medal qazanılıb. Bu medallardan 4-ü qızıl, 7-si gümüş, 19-u isə bürünc olub".
Nazir müavini vurğulayıb ki, ilin sonunadək bu sayın 50-yə çatacağı gözlənilir. Bu isə ölkə tarixində yeni rekord ola bilər: “Məktəblilərimiz bu il Avstraliyada, Cənubi Amerika, Avropa, Asiya ölkələrində, eləcə də Boliviyada keçiriləcək beynəlxalq fənn olimpiadalarında iştirak edəcəklər. Komandalar artıq formalaşdırılıb və bu istiqamətdə işlər davam etdirilir”.