RU

Son zəng birtəhər yola verildi, bəs Məzun günlərində nələri dəyişək?- TƏKLİFLƏR

Əvvəlcə onu deyim ki, bəziləri kimi “ümumiyyətlə, Son zəng tədbiri olmasın”, “Son zəng tamamilə qadağan edilsin” kimi yanaşmaların qəti əleyhinəyəm. Bu, 11 illik tədris ilinin yekun nəticəsi olaraq, hər kəsin ömründə yalnız bir dəfə baş verən hadisə kimi mütləq qalmalı və yüksək səviyyədə də təşkil edilməlidir. Əksinə, əmin ola bilərsiniz ki,  Son zəng tədbirlərinin ləğvi ilə nə məktəb, nə müəllim, nə də şagird əlavə nəsə qazanası deyil. 
 
Ümumiyyətlə, məsələnin problematik tərəfi Son zəngin ləğvi yox, onun necə təşkilidir. Hər il nəinki orta məktəblərdə keçirilən Son zəng tədbirlərində, hətta ayrı-ayrı universitetlər tərəfindən təşkil olunan Məzun günlərində də müəyyən məsələlərlə bağlı arzuolunmaz halların şahidi oluruq. Sevindirici hal budur ki, Son zəng tədbirlərindən əvvəl onun necə təşkili ilə bağlı bütün məktəblərə MÜTDA tərəfindən rəsmi şəkildə təlimat göndərildi. Həmin təlimatda həqiqətən Son zəng tədbirlərində son illərdə təkrarlanan yanlışlıqlar xüsusi şəkildə qabardılmış və yenidən baş verilməməsi tapşırılmışdır.
 
Göndərilən təlimata əsasən, Son zəng tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər”.
 
Elə təlimatda qeyd olunan musiqi və geyim məsələlərinə düzgün əməl edilməsi Son zəng tədbirlərində illərlə təkrarlanan bəzi yanlışlıqların qarşısını almağa kifayət edərdi. Doğrudur, bir çox məktəblərdə buna əməl edildi, xüsusilə də musiqi və geyim seçimlərində müsbətə doğru çox ciddi dəyişiklər oldu. Ürəkaçmayan mənzərə isə yenə də  bəzi məktəblərdə şagirdlərin Son zəng sonrası forma yazma ənənəsi zamanı müşahidə edildi. Təəssüf ki, məktəb mühitinə yaraşmayan bəzi ifadələr, xüsusi “terminlər” həmin formalarda da öz əksini tapdı. 
 
Amma istər ötən il, istərsə də bu il Son zəngi xüsusi yaradıcılıqla həyata keçirən məktəblər az olmadı. 
 
Şəxsən özüm Bakıda 226 saylı orta məktəbin Son zəngində iştirak etdim. Direktor şəhid anası Arzu Məmmədova idi. Onun təşkilatçılığı ilə keçirilən tədbirdən zövq aldım, vətənpərvərliklə, milli özünüdərklə bağlı uşaqlar gözəl səhnəciklər hazırlamışdı. Son zəngin bir qaydası var. Hər məzun bir proqram hazırlayır. Bütün məzunların proqramları vətənpərvərliyə yönəlmişdi. Tədris ilini başa vuran hər XI sinif özünün xüsusi vətənpərvərlik hazırladı və hər birində də şəhidlərimizi yad etdi. Bu cür Son zəng tədbirinin digər məktəblər üçün də vacibliyini yenidən qeyd edərək Arzu xanıma bir daha təşəkkürümü bildirmək istəyirəm.  
 
Amma əvvəlki illərdə iştirak etdiyim başqa Son zəng tədbirlərində hətta istəmişəm ki, tədbir tez başa çatsın. Bir-biri ilə əlaqəsi olmayan bayağı musiqilər, ümumiyyətlə, məzmunsuz xətt, bəsit proqramlar məndə təəssüf doğurub.
 
Son zəng tədbirinin fikrimcə, ən ciddi problem onun konkret və peşəkar proqrama tabe olmamasıdır.  Bu proqram məktəb rəhbərliyi, pedaqoji şura tərəfindən təsdiq olunmalıdır. Həmin ssenaridə vətənpərvərliklə bağlı səhnəciklər yer almalıdır. Tədbirin müddəti 1 saatı keçməməlidir. Burada musiqi seçiminə xüsusi diqqət yetirilməlidir. Son zənglər bayağı musiqi nömrələri ilə yadda qalır. Bunu həmçinin universitetlərdə keçirilən "Məzun günü”nə də aid etmək olar. Bu istiqamətlər Son zəng tədbirlərində öz əksini tapmalıdır.
 
Pis-yaxşı, Son zəng tədbirlərini yola-verdik. Əvvəlki illərdən fərqli olaraq nə yaxşı ki, bu dəfə xüsusən də Son zəng sonrakı qeyri-rəsmi şagird qeydetmələrində, yol-hərəkət, davranış qaydalarında hər hansı neqativ hadisələrin, ölüm-itim hallarının şahidi olmadıq. Son zəng tədbirində iştirak edən bütün məzunlara qarşıdakı imtahanlarında, eləcə də həyatlarında uğur arzulayırıq. 
 
Pis tərəfi ilə, yaxşı tərəfi ilə fərq etməz, builki Son zəng tədbirləri artıq tarixdir. Ən azı, bu il üçün… Qarşıda isə ali təhsil müəssisələrinin hərəsinin müstəqil bir tarixdə həyata keçirəcəyi Məzun günü tədbirləri var. Məzun günü tədbirləri də təəssüf ki, özünün yeknəsəqliyi, bir-birini təkrarlamaları, ssenari və konsert proqramının bəsitliyi ilə fərqlənir. Maraqlı məqamlardan biri budur ki, bizdə Məzun günü tədbirlərinə 100, 120, hətta 150 min manatdan çox vəsait ayıran yerli ali təhsil müəssisələrimiz var. Doğrudur, onlar məkan seçimində əsasən nüfuzlu yerlərə üstünlük versələr də məsələnin məzmun və kreativlik hissəsi xeyli axsamış olur. Arzu edərdik ki, ayrı-ayrı universitet rəhbərliyi  bu istiqamətdə hər il maraqlı Məzun günü proqramı ilə çıxış edən, viral yaradan nəhəng dünya universitetlərinin təcrübələrindən istifadə edəcək, maraqlı formatlara millik kolorit qatmaqla bizə çox yaradıcı proqram təqdim edə biləcəklər. Bundan ötrü isə Məzun günü proqramı üçün çox təcrübəli rejissor və konsert təşkilatçıları ilə əməkdaşlıq edilməli, ötən illərdə buraxılan ayrı-ayrı nöqsanlar müzakirə edilərək aradan qaldırılmalıdır. 
Belə olduğu təqdirdə biz daha media resursları və sosial media səhifələridə hər hansı universitetdə tələbələrin bayağı musiqilər oynadığı kimi paylaşımları görməyəcəyik. 
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı
 
 
Избранный
36
moderator.az

1Источники