RU

Vətəndaşların DİQQƏTİNƏ: Bu üsulla ödəniş edirsinizsə, vergidən yayınmaya KÖMƏK EDİRSİNİZ! 

Azərbaycanda bəzi müəssisələrin vergidən yayınmaq üçün yeni yola əl atdıqları müşahidə olunur.


Redaksiyamıza müxtəlif zamanlardan daxil olan şikayətlərdə vətəndaşlar bildirirlər ki, bəzi mağaza, hətta özəl klinikalarda onlar nağdsız ödəniş etmək istədiklərini dedikdə məhsulun və ya xidmətin qiymətinin normal qiymətdən 30-40 manat yüksək olduğu deyilir. Nağd ödəniş mümkün olmadıqda isə kartdan karta ödəniş üsulunu təklif edirlər.


Bəs bu, nə qədər qanunidir? Nağdsız ödəniş zamanı qiymətin daha çox deyilməsi düzgündürmü? Belə hallarla qarşılaşan vətəndaşlar nə etməlidirlər?


Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.




“Konstitusiyaya uyğun olaraq, bazar iqtisadiyyatı şəraitində yaşadığımıza görə, hər kəs satdığı malın qiymətini təyin etməkdə sərbəstdir. Lakin qeyd etdiyiniz hal qətiyyən qanuni deyil. Yəni ki, faktiki olaraq bu halda vergidən yayınma var. Faktiki olaraq həmin mağaza vətəndaşa deyir ki, kartla, post-terminalla ödəyirsənsə, mən sənə çek verəcəyəmsə, mən o tutulan vergini səndən çıxacam. İstəyirsənsə, nağd ödə və vergini səndən almayım. Bu, qanunsuzdur. Vergi orqanı bundan xəbər tutacaqsa, fərdi sahibkar və ya şirkət olmasından asılı olmayaraq, həm ondan vergi tutacaq, həm faiz gələcək üstünə, həm də cərimələr tətbiq olunacaq. Amma prinsipcə, aydındır ki, istənilən sahibkar satdığı məhsulun üzərinə verginin məbləğini də gəlir. Guya bu sahibkar vətəndaşa yaxşılıq etmək istəyir. Amma vətəndaşa belə bir təklifin edilməsi qanunsuzdur və vergidən yayınmadır”.


Hüquqşünas qeyd edib ki, vətəndaşlar bilərəkdən və yaxud bilmədən bu təklifi qəbul edərsə, bu zaman vergidən yayınmaya kömək etmiş olur.


“Etiraf edək ki, əksər hallarda vətəndaşlar bunu qəbul edir. Vətəndaş üçün onun az pul ödəməsi daha vacibdir. Biz elə bir cəmiyyətdə yaşamırıq ki, ödədiyimiz verginin bizə faydası olacağı üçün onun aqibətini güdək. Əslində, belə düşünmək düzgün deyil, lakin cəmiyyətdə artıq bu fikir formalaşıb. Buna görə də bu hal tam olaraq vergidən yayınmaq deməkdir və vətəndaşlar buna etiraz edərək həmin müəssisə ilə bağlı tədbir görülməsi üçün lazımi qurumlara müraciət etməlidir”.

 

Fidan Vəlisoy 

Избранный
18
referans.az

1Источники