RU

Sülh planı dalana dirənib » AzadMedia.az

Sülh

Qəzzədə atəşkəs üçün beynəlxalq səylər davam edir, amma bu dəfə də nəticə istənilən kimi olmaya bilər. ABŞ-nin təqdim etdiyi yeni sülh və girov razılaşması planı İsrailin təsdiqindən keçsə də, Həmas tərəfindən rədd ediləcəyi bildirilib. Həmas rəsmiləri planın əsas tələblərini yerinə yetirmədiyini deyirlər.
ABŞ xüsusi elçisi Stiv Vitkoffun hazırladığı plana əsasən, Həmas iki mərhələdə 10 girovu azad edəcək, daha 18 nəfərin isə cəsədləri qaytarılacaq. Əvəzində isə İsrail 60 günlük atəşkəsə razı olacaq və fələstinli məhbusların bir hissəsini azad edəcək.

Planın rəsmi detalları ictimaiyyətə açıqlanmasa da, İsrailin öz razılığını verdiyi təsdiqlənib. Lakin Həmas deyir ki, bu razılaşma müharibənin tam dayandırılması və İsrail ordusunun Qəzzədən çıxması kimi əsas şərtləri əhatə etmir.
İsrailin mart ayından bəri yenidən başladığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Qəzzədə vəziyyət dramatik şəkildə pisləşib. Son 10 həftə ərzində azı 4 min insan həyatını itirib. BMT-nin məlumatına görə, 600 min insan bir daha məcburi köçkünə çevrilib, 500 minə yaxın insan isə aclıq təhlükəsi ilə üz-üzədir.
Baş nazir Benyamin Netanyahu bu həftə girov ailələri ilə görüşündə bildirib ki, ABŞ-nin təklifini qəbul edib. O, Həmasın razılaşmanı qəbul edəcəyinə inanmır və İsrail ordusunun yalnız bütün girovlar azad ediləndən sonra Qəzzədən çıxacağını deyib.

Qeyd edək ki, İsrail bu müharibəyə 7 oktyabr 2023-cü ildə Həmas tərəfindən həyata keçirilən hücumdan sonra başlayıb. Hücum nəticəsində 1,200 israilli həyatını itirib, 251 nəfər isə girov götürülüb. O vaxtdan bəri İsrail iki ayrı atəşkəs dövründə 197 girovun geri qaytarılmasına nail olub.
Həmas isə bildirir ki, bütün girovları yalnız müharibənin tam dayandırılması və İsrailin Qəzzədən çıxması müqabilində azad etməyə hazırdır. Onlar, həmçinin, əvvəlki razılaşmalarda tətbiq olunan humanitar mexanizmlərin – yəni yüzlərlə yardım maşınının Qəzzəyə buraxılmasının da bərpa olunmasını istəyir.
Hazırda tərəflər arasında vasitəçilərin – ABŞ, Qətər və Misirin – iştirakı ilə diplomatik təmaslar davam edir. Həmasın yazılı cavabı yaxın günlərdə gözlənilir. Ancaq müharibənin bu mərhələsində həm siyasi, həm də humanitar gərginlik maksimum həddədir.

Sülhə doğru bir addım irəli, iki addım geri... Qəzzədə nə sülh var, nə də sabitlik. Gözlər indi növbəti cavablarda və diplomatik vasitəçilərin nəticə əldə etmə bacarığındadır

Избранный
145
12
azadmedia.az

10Источники