EN

Azərbaycan ağsaqqalları Zəfər Gününü qeyd ediblər

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Azərbaycan Ağsaqqallar Şurasında Zəfər Günü münasibətilə tədbir keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri İkinci Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər. Xiyabanda şəhid valideynləri ilə görüşdə vurğulanıb ki, torpaqlarımızın azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən Azərbaycan oğullarını xalqımız heç zaman unutmayacaq.

Sonra Şurada keçirilən tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, bu böyük sevinc və qürur hissini bizə yaşatdığna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza Şura üzvləri adından minnətdarlığını ifadə edib. O bildirib ki, artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan bu gün həmin torpaqlarda genişmiqyaslı genişmiqyaslı quruculuq işləri həyata keçirir və məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar.

Daha sonra çıxış edən Əhliman Əmiraslanov, Eldar İbrahimov, Bayram Yusifov, Aqiyə Naxçıvanlı, Abel Məhərrəmov və digər natiqlər tariximizin ən şərəfli, ən əziz bayramı olan 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqına təbriklərini çatdırıblar. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman Ordumuz 30 ildən çox davam edən işğala son qoyaraq xalqımıza bütöv Azərbaycan bəxş ediblər. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbə əbədi olacaqdır.

Tədbirdə Zəfər Günü münasibətilə Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlanmaq qərara alınıb.

Chosen
209
1
azertag.az

10Sources