EN

İncəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri elan olundu

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanın nəticələri barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az) və elektron poçt vasitəsilə müvafiq bildirişlər göndərilib.

Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan nəticəsi ilə bağlı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, 6-31 may tarixlərini əhatə edən elektron qeydiyyat mərhələsi zamanı musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olmaq istəyən 16 280 nəfərin müraciəti “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə qeydə alınıb. Müraciət edənlərin 12 196 nəfəri, yəni 75 faizi bu imtahanlarda uğurlu nəticə əldə edərək musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olunub. İmtahan nəticələrinə görə, ödənişsiz yerlərə qəbul olunanların sayı 9 428, ödənişli yerləri qazananların sayı isə 2 768 olub.

Məlumat üçün bildirək ki, bu il məktəblərə qəbul olunan şagirdlərin sayı ötən illə (10 215) müqayisədə, 2 000 nəfərə yaxın daha çoxdur.

Chosen
72
29
publika.az

5Sources