EN

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir

Kiyev, 3 iyun, AZƏRTAC

Döyüş əməliyyatlarının aktiv mərhələsinin dayandırılmasından danışarkən başa düşməliyik ki, bu, Ukraynada nəzərdən keçirilə biləcək ssenarilərdən yalnız biridir. Bu ssenarinin reallaşmasına çoxsaylı amillər təsir göstərə bilər. Bunların arasında Ukraynanın tərəfdaşları tərəfindən Kiyevə etibarlı təhlükəsizlik təminatlarının verilməməsi də var. Moskvanın mövqeyi, bu müharibəni atəşkəs və real sülhlə başa çatdırmaq istəməməsi də həmin ssenariyə təsir edə bilər.

Bunu AZƏRTAC-a Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin baş analitiki Anton Zemlyanin bildirib.

Onun sözlərinə görə, bu prosesin həyata keçirilməsi faktiki olaraq yalnız Ukraynadan deyil, həm də ölkənin tərəfdaşlarından və Kremlin mövqeyindən asılıdır.

“Ukrayna dəfələrlə döyüş əməliyyatlarını dayandırmağı, cəbhə xəttini “dondurmağı” və bununla da heç bir ilkin şərt irəli sürmədən sülh danışıqlarına başlamağı təklif edib. Məqsəd dayanıqlı və uzunmüddətli sülhə gətirib çıxara biləcək danışıqlara başlamaq idi. Eyni zamanda görürük ki, Rusiya yalnız maksimalist tələblər irəli sürür, yəni Donbasın, Donetsk və Luqansk vilayətlərinin təhvil verilməsini tələb edir. Ukrayna belə bir addıma gedə bilməz. Buna görə də o, döyüş meydanında asimmetrik kampaniyanı ardıcıl şəkildə davam etdirir, öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir”, – deyə o qeyd edib.

Ekspertin fikrincə, Ukrayna dronlarının hər gün Rusiya ərazisinə zərbələr endirməsi və logistika sisteminin fəaliyyətini pozması həmin asimmetrik kampaniyanın nəticələrindən biridir. Faktiki olaraq, Rusiyanın irəliləyiş tempi son illərin ən aşağı səviyyəsindədir.

“Hazırda Ukraynanın mövqeyi 2-3 il əvvəlkindən daha güclüdür. Kiyevin əlində mühüm imkanlar var. Məhz bunlar Ukraynaya qarşıdakı altı ay ərzində təşəbbüsü ələ almaq və öz şərtlərini irəli sürmək üçün zəmin formalaşdırmağa imkan verir. Həmçinin başa düşməliyik ki, Rusiya yalnız güc amili qarşısında danışıqlar masasına əyləşə bilər”, – deyə ukraynalı ekspert əlavə edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Chosen
5
2
azertag.az

3Sources