XANKƏNDİ, 3 iyun. TELEQRAF
Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri çərçivəsində Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Laçın şəhərlərinin su təchizatı infrastrukturu yenidən qurulub və əhalinin fasiləsiz içməli su ilə təminatı üçün müvafiq sistemlər yaradılıb.
Teleqraf-ın Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edilib ki, Füzuli şəhərinin su təchizatı yenidən qurulub. Şəhər üzrə 878 abonentə xidmət göstərilir.
Şəhərdə əskunlaşma ilə bağlı Quruçay çayı məcrasında mövcud drenaj qurğuları və diametri 300mm, L=5 km su kəməri bərpa edilmiş və su nasos stansiyası və 2x50m3 çəni inşa edilib.
Eyni zamanda, Cəbrayıl şəhərinin də su təchizatı yenidən qurulub. Şəhər üzrə 690 abonentə xidmət göstərilir.
Zəngilan şəhərinin su təminatı Çeşməgözu bulağından və Oxçuçay məcrasında drenaj qurğusundan təmin olunur və magistral su kəməri D159-219mm, L=6.5 km və şəbəkə xətləri 3 km təşkil edir.
Şəhərində fəaliyyəti bərpa edilimiş dövlət qurumlarına, və müxtəlif təşkilatların işçilərinin məskunlaşdığı 27 istehlakçıya xidmət göstərilir.
Bundan əlavə, Kəlbəcər şəhərinin su təminatı Ağbulaq su mənbəyindən həyata keçirilir. Magistral su kəmərinin diametri 219mm, uzunluğu 17 km və daxili şəbəkənin diametri 50-160mm, uzunluğu isə 7 kmtəşkil edir.
Kəlbəcər şəhəri üzrə 207 abonentə xidmət göstərilir.
Agentlikdən bildiriıib ki, Laçının su təminatı isə 6 ədəd subartezian quyularından həyata keçirilir. Rayon üzrə abonent sayı 380-dir. Şəhər üzrə 570 istehlakçıya su və kanalizasiya xidməti göstərilir.
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Füzuli şəhərinə 846 ailə, Cəbrayıl şəhərinə 690 ailə, Şükürbəyli kəndinə 390 ailə, Horovlu kəndinə isə 311 ailə, Zəngilan şəhərinə 84 ailə, Ağalı kəndinə 262, Məmmədbəyli kəndinə isə 178 ailə, Kəlbəcər şəhərinə 162 ailə, Laçın şəhərinə 608 ailə, Zabux kəndinə 223 ailə, Sus kəndinə 59 ailə, Bəylik kəndinə isə 91 ailə köçürülüb.