EN

SOCAR "Abşeron"un tammiqyaslı işlənməsi üzrə ilk qazın hasilat müddətinin tezləşdirilməsini istəyir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi çərçivəsində layihə operatorlarının ilk qazın hasilat prosesini sürətləndirməsində israr edir.

"Far.Az"un məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

"Abşeron" qaz-kondensat ehtiyatlarının işlənməsi sahəsində Azərbaycanın əsas layihələrindən biridir. SOCAR-ın operatorlara irəli sürdüyü əsas vəzifələr və tələblərdən vacibi ilk qazın hasilat müddətinin tezləşdirilməsidir. Söhbət yataqdan karbohidrogenlərin yekun hasilat əmsalının artırılmasından, həmçinin müvafiq inkişaf konsepsiyalarının işlənib hazırlanmasından gedir", - deyə o qeyd edib.

Bununla yanaşı, vitse-prezident operatorla birgə ciddi kapital intizamının təmin edilməsi üzərində iş aparıldğını vurğulayıb. "Bu layihələrin səmərəliliyini və iqtisadi rentabelliyini təmin etmək üçün onlar sadə, operativ şəkildə və ciddi maliyyə intizamına riayət olunmaqla həyata keçirilməlidir".

Xəbər verildiyi kimi, Fransanın "TotalEnergies" şirkəti "Abşeron" yatağında ikinci mərhələ üzrə təbii qazın hasilatına 2029-cu ilin sentyabrın 1-də başlamağı planlaşdırır.

"İlk hasilat 2023-cü ilin iyul ayında elan edilib. 1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərində start verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə "Abşeron" yatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbul edib. Yatağın Tammiqyaslı İşlənməsi mərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavə hasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz və mayelərin emalı və ixracı məqsədilə 140 kilometrlik çoxfazalı sualtı boru kəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğulara qoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənmə mərhələsi daxildir", - şirkətdən qeyd olunub.

Quyuların "Caspian Drilling Company" (CDC) şirkətinə məxsus "Qarabağ" yarımdalma qazma qurğusundan istifadə edilməklə qazılması planlaşdırılır. Layın dərinliyi 5 700 - 6 800 m təşkil edir.

"Maksimum hasilat dövründə, 2-ci mərhələdə gündəlik qaz hasilatı 12,7 milyon kubmetr (ildə 4,5 milyard kubmetr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilk dövrdə gündə 35 min barel kondensat hasil ediləcək", - şirkətdən bildirilib.

Xatırladaq ki, "Abşeron" yatağını Azərbaycan geoloqları 1960-cı illərdə kəşf edib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə SOCAR arasında müqavilə imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

Chosen
34
far.az

1Sources