Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda minlərlə mənzilin uzun müddət istifadəsiz qalması fonunda boş saxlanılan evlərə əlavə verginin tətbiqi yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər hesab edir ki, belə mexanizm daşınmaz əmlak bazarında süni qiymət artımının qarşısını ala və kirayə bazarını canlandıra bilər. Bununla belə, deputatlar məsələyə həm iqtisadi, həm də hüquqi müstəvidən yanaşmağın vacib olduğunu bildirirlər.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirib ki, hazırda qanunvericilikdə “boş mənzil” və “dolu mənzil” anlayışı yoxdur.
Deputat qeyd edib ki, özəl mülkiyyət toxunulmazdır və qorunmalıdır:
“Ümumiyyətlə, mənzillərin boş qalması düzgün format deyil. Amma qanunvericilik baxımından boş və ya dolu mənzil anlayışı yoxdur. Özəl mülkiyyət toxunulmazdır və qorunmalıdır”.
Əlibala Məhərrəmzadənin sözlərinə görə, bir çox hallarda vətəndaşlar mənzilləri investisiya məqsədilə alırlar:
“Kimsə onu investisiya kimi alıb saxlayır, gələcəkdə övladına vermək və ya satmaq istəyir. Yaxud da yığdığı vəsaiti həmin mənzilə yatırır. Bu baxımdan insanlar mənzillərə investisiya aləti kimi yanaşırlar”.

Deputat hesab edir ki, gələcəkdə dünya praktikasına uyğun olaraq daşınmaz əmlak vergisi sistemi daha da sərtləşdirilə bilər:
“Dünyanın bir çox ölkəsində yaşadığın mənzilə görə ciddi vergilər tətbiq olunur. O vergilər mənzilin qiyməti, yerləşdiyi zona və digər meyarlarla müəyyən edilir. Azərbaycanda isə hazırda əsasən bələdiyyə vergisi və xidmət haqları mövcuddur”.
Deputat vurğulayıb ki, hazırkı sosial vəziyyət və hüquqi mexanizmlər nəzərə alınanda, istifadəsiz mənzillərə ayrıca verginin tətbiqi məqsədəuyğun görünmür:
“Hazırda bunu boş və ya dolu mənzil anlayışı ilə əlaqələndirmək düzgün olmazdı. Hesab edirəm ki, bu format qənaətbəxş sayılmayacaq və buna ehtiyac yoxdur”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.