EN

300 MİN HEKTARLIQ YENİ HƏDƏF... Azərbaycan suvarma sahəsində nələrə nail olub? + FOTOLAR

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu yaxınlarda Prezident İlham Əliyev bir sıra yerli nazirlərlə keçirdiyi müşavirədə kənd təsərrüfatı sahəsində görülən işlər, qarşıya qoyulmuş prioritet məsələlərin önəmi, eləcə də bu sahədəki bir sıra çatışmazlıqlardan danışıb. Ölkə başçısının diqqətində olan məsələlərdən biri də Azərbaycanın su ehtiyatları və kənd təsərrüfatına yararlı torpaqların suvarılması istiqamətində görülmüş və görüləcək işlərlə bağlı olub.

Prezident çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafı üçün su təminatı əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, son illərdə Azərbaycanda Taxtakörpü, Şəmkirçay və digər iri su anbarları istifadəyə verilib, hazırda isə 10 su anbarının yenidən qurulması həyata keçirilir. Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə isə Suqovuşan, Sərsəng, Xaçınçay və Köndələnçay kimi su anbarları bərpa olunub, yeni Bərgüşad və Həkəri su anbarlarının tikintisi davam edir. 

Prezident vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur ölkənin su ehtiyatlarının 25 faizinin formalaşdığı bölgədir və yeni layihələr nəticəsində 100 minlərlə hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq. Eyni zamanda Şirvan və Qarabağ kanallarının yenidən qurulduğunu deyən dövlət başçısı müasir suvarma sistemlərinin genişləndirilməsinin məhsuldarlığı artıracağını bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov da bildirib ki, Azərbaycanda müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin genişləndirilməsi əsas hədəflərdən biridir. Hazırda bu göstərici 130 min hektar təşkil edir və məqsəd 2030-cu ilə qədər həmin sahələri 300 min hektara çatdırmaqdır. Nazir qeyd edib ki, bu addım məhsuldarlığın artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə və bəzi məhsullar üzrə ixrac imkanlarının genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Azərbaycanda son illərdə su təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ən mühüm layihələrdən biri iri su anbarlarının tikintisi və yenidən qurulması olub. İqlim dəyişiklikləri, quraqlıq riskinin artması və su ehtiyatlarının azalması fonunda ölkəmiz strateji su layihələrinə xüsusi diqqət ayırmağa başlayıb. Hazırda ölkədə 150-dən çox su anbarı fəaliyyət göstərir ki, onların ümumi su tutumu təxminən 22 milyard kubmetrə yaxındır. Son 10-15 ilin ən böyük layihələri sırasında ilk növbədə Taxtakörpü və Şəmkirçay su anbarlarının adlarını qeyd etmək yerinə düşərdi. Hər iki layihə həm kənd təsərrüfatı, həm energetika, həm də içməli su təminatı baxımından strateji əhəmiyyət daşıyır.

Şabran rayonu ərazisində yerləşən Taxtakörpü Su Anbarı 2013-cü ilin 28 sentyabr tarixində istifadəyə verilib. Layihə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması proqramı çərçivəsində həyata keçirilib. Su anbarının ümumi su tutumu 268 milyon kubmetrdən çoxdur. Eyni zamanda burada Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan kanalı da inşa olunub. 

Layihənin əsas məqsədi Bakı və Abşeron yarımadasının su təminatını gücləndirmək, şimal bölgələrində əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq və enerji istehsalını artırmaq olub. Rəsmi açıqlamalarda bildirilir ki, Taxtakörpü layihəsi həyata keçirilməsəydi, xüsusilə quraqlıq dövrlərində Bakı və Abşeronda ciddi su problemi yarana bilərdi.

Ən böyük hidrotexniki layihələrdən biri hesab olunan Şəmkirçay Su Anbarı isə 2014-cü ildə istifadəyə verilib. Şəmkir rayonu ərazisində yerləşən anbarın ümumi su tutumu 164 milyon kubmetrdən çoxdur. Layihə qərb bölgəsinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilib. 

Şəmkirçay su anbarı Gəncə, Şəmkir, Samux və ətraf rayonların həm əkin sahələrinin suvarılmasına, həm də içməli su təminatına mühüm töhfə verir.

Cəlilabad rayonu ərazisində yerləşən Göytəpə Su Anbarı da son illərdə kənd təsərrüfatı üçün mühüm obyektlərdən birinə hesab olunur. Bu anbar əsasən cənub bölgəsində əkin sahələrinin suvarılması məqsədilə istifadə olunur. Layihə xüsusilə quraqlıq ərazilərdə məhsuldarlığın artırılması və fermer təsərrüfatlarının su təminatının yaxşılaşdırılması baxımından əhəmiyyətli hesab edilir.

Azərbaycanda strateji əhəmiyyət daşıyan digər iri su anbarları sırasında - Mingəçevir, Şəmkir, Sərsəng, Ağstafaçay, Yenikənd, Xudafərin, Araz və Arpaçay su anbarları da yer alır.

Azərbaycanda son 10-15 ildə su təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı istiqamətində yalnız yeni su anbarları deyil, həm də iri magistral su kanalları və suvarma sistemləri inşa olunub.

Son illərin ən böyük layihələrindən biri Taxtakörpü-Ceyranbatan kanalı hesab olunur. Kanal Taxtakörpü Su Anbarı layihəsi çərçivəsində tikilib və 2013-cü ildə istifadəyə verilib. Bu kanal vasitəsilə Samur çayından toplanan sular Ceyranbatan su anbarına ötürülür. Layihənin əsas məqsədi Bakı və Abşeron yarımadasının içməli su təminatını gücləndirmək idi. Uzunluğu 100 kilometrdən artıq olan kanal Azərbaycanın ən iri mühəndis qurğularından biri sayılır. Bununla paralel olaraq Vəlvələçay-Taxtakörpü kanalı da istifadəyə verildi.

Həmin kanal şimal bölgələrinin su ehtiyatlarının Taxtakörpü Su Anbarına yönləndirilməsi məqsədilə tikilib. Layihə Samur-Abşeron suvarma sisteminin mühüm hissəsi hesab olunur və xüsusilə Xaçmaz, Şabran və Siyəzən rayonlarında kənd təsərrüfatının inkişafına ciddi təsir göstərib.

Son illərdə yenidən qurulan əsas layihələrdən biri də Yuxarı Şirvan kanalıdır. Kür çayından qidalanan bu kanal Aran bölgəsinin ən vacib suvarma sistemlərindən biridir. Dövlət tərəfindən həyata keçirilən yenidənqurma işləri nəticəsində su itkilərinin azaldılması və minlərlə hektar əkin sahəsinin daha stabil su təminatı hədəflənib.

Yuxarı Qarabağ kanalında da son illərdə əsaslı təmir və modernləşdirmə işləri aparılıb. Kanal ölkənin ən iri suvarma sistemlərindən biri sayılır və Kür çayından götürülən suyu Qarabağ və Aran bölgələrinin geniş əkin sahələrinə çatdırır. Xüsusilə işğaldan azad olunan ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması fonunda kanalın strateji əhəmiyyəti daha da artıb. Bununla yanaşı, son illərdə Mil-Muğan kollektor sistemi və Baş Mil kanalı ətrafında da yenidənqurma işləri həyata keçirilib.

İşğaldan azad olunmuş ərazilərə gəlincə, bu ərazi Azərbaycanın ən zəngin su ehtiyatlarına malik bölgələrindən biri hesab olunur. Vətən müharibəsində qazanılan qələbədən sonra ölkə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı əldə edib. Qarabağda yerləşən strateji əhəmiyyətli su infrastrukturlarının böyük hissəsi hələ sovet dövründə, Heydər Əliyevin rəhbərliyi illərində yaradılıb.

Bu layihələrin ən mühümlərindən biri 1976-cı ildə istifadəyə verilən Sərsəng Su Anbarıdır. Tərtərçay üzərində yerləşən və ümumi tutumu 560 milyon kubmetr olan su anbarı Qarabağın ən iri su hövzəsi sayılır. Sərsəng vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında 96 min hektardan çox əkin sahəsi suvarılır. Burada həmçinin gücü 50 meqavat olan su elektrik stansiyası da fəaliyyət göstərir.

Eyni ildə istifadəyə verilən Suqovuşan Su Anbarı və magistral kanallar da regionun su təminatında mühüm rol oynayır. İşğal dövründə bu infrastrukturdan normal istifadə mümkün olmadığından on minlərlə hektar torpaq sahəsinin su təminatında ciddi problemlər yaranmışdı. Müharibədən sonra burada genişmiqyaslı bərpa işləri aparılıb və Suqovuşan su anbarı yenidən istismara verilib. Hazırda Tərtərçay və Turağayçaydan gələn sular magistral kanallar vasitəsilə əkin sahələrinə yönləndirilir. Bununla yanaşı, Füzuli rayonu ərazisində yerləşən “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası həyata keçirilib.

Azərbaycanda su təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən daha bir mühüm layihə isə Sumqayıt yaxınlığında inşa olunan dəniz suyunun duzsuzlaşdırılması zavodudur.

Hazırda layihənin tikinti işlərinə başlanılıb və bu obyekt ölkədə alternativ su mənbələrinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır. Layihə dövlət-özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilir. Zavodun illik istehsal gücünün 100 milyon kubmetr olacağı bildirilir. Bu həcmdə su paytaxt Bakıda hazırda istifadə olunan ümumi suyun təxminən dörddə birinə bərabər hesab olunur. Mütəxəssislərin fikrincə, bu layihə gələcəkdə xüsusilə quraqlıq və su çatışmazlığı risklərinin azaldılmasında mühüm rol oynaya bilər.

Qeyd edək ki, duzsuzlaşdırma texnologiyası dünyada geniş istifadə olunur və xüsusilə su ehtiyatları məhdud olan Yaxın Şərq ölkələrində əsas içməli su mənbələrindən biri sayılır. Proses zamanı dəniz suyu yüksək təzyiq altında xüsusi membran və filtrlərdən keçirilir, nəticədə sudan həm duz, həm də müxtəlif çirkləndirici maddələr ayrılır. Daha sonra suyun tərkibinə insan sağlamlığı üçün vacib minerallar əlavə edilərək istifadəyə yararlı vəziyyətə gətirilir. Layihə ilə bağlı ekoloji məsələlərin də nəzərə alındığı bildirilir. Qiymətləndirmələr zamanı zavodun ətraf mühitə mümkün təsirlərinin minimum səviyyədə saxlanılması üçün beynəlxalq standartların tətbiq olunduğu qeyd edilir.

Bütün bu layihələr göstərir ki, Azərbaycan son illərdə su təhlükəsizliyi və kənd təsərrüfatının dayanıqlı inkişafı istiqamətində strateji addımlar atmağa çalışır. İqlim dəyişiklikləri, quraqlıq və artan su tələbatı fonunda yeni su anbarlarının, magistral kanalların və müasir suvarma sistemlərinin yaradılması gələcək illərdə ölkənin ərzaq təhlükəsizliyi baxımından da mühüm rol oynayacaq.

E. Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
35
azpolitika.info

10Sources