AZ

Altı milyard dollarlıq ixrac hədəfinə doğru: Kimin üzərinə hansı vəzifələr düşür? - FOTO

"Biz hansı istiqamətlər üzrə müsbət tendensiyanı görəcəyik?" - Aqrar İnkişaf Proqramının Gözlənilən Təsirləri

"Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər üçün Dövlət Proqramı" yaxın illərdə Azərbaycanın iqtisadi və aqrar inkişaf trayektoriyasına ciddi təsir göstərəcək strateji sənədlərdən biri hesab olunur".

Bunu iqtisadçı-ekspert Zaur Qardaşov Oxu.az-a açıqlamasında deyib.

O, bu proqramın icrası nəticəsində müsbət tendensiyaları müşahidə edə biləcəyimiz istiqamətləri vurğulayıb:

"İlk növbədə, kənd təsərrüfatının iqtisadiyyatdakı çəkisinin artması gözlənilir. Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın artırılması, intensiv istehsal modelinə keçid və yüksək əlavə dəyər yaradan emal sənayesinin genişləndirilməsi vasitəsilə qeyri-neft sektorunun inkişafını sürətləndirməyi hədəfləyir. 2026-30-cu illərdə kənd təsərrüfatı, meşə və balıqçılıq üzrə ÜDM artım tempinin orta hesabla ən azı iki faizə çatdırılması planlaşdırılır ki, bu da aqrar sektorun iqtisadi sistemdə rolunu daha da gücləndirəcək.

İkinci mühüm istiqamət ixrac potensialının genişlənməsidir. Proqram kənd təsərrüfatı və emal məhsullarının ixrac həcmini 1.5 milyard dollardan 6 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyur. Bu isə Azərbaycanın yalnız xammal ixrac edən ölkə deyil, həm də yüksək əlavə dəyərli hazır məhsullar ixrac edən regional istehsal mərkəzinə çevrilməsi üçün ciddi zəmin yaradır".

Ekspertin fikrincə, müsbət tendensiyaların müşahidə olunacağı digər sahə emal sənayesinin inkişafıdır:

"Pambıq mahlıcının iplik və parça istehsalına yönləndirilməsi, yeni bitki yağı zavodlarının yaradılması, süd, ət və meyvə-tərəvəz emalının genişləndirilməsi daxili istehsal zəncirində əlavə dəyərin artmasına səbəb olacaq. Bu yanaşma həm yeni iş yerlərinin yaradılmasına, həm də regionlarda sənaye aktivliyinin artmasına töhfə verəcək".

"Logistika və saxlanma infrastrukturunun inkişafı da proqramın mühüm nəticələrindən biri olacaq. Soyuducu anbarların və taxıl silolarının tutumunun artırılması məhsul itkilərini minimuma endirməyə, mövsümi qiymət dəyişkənliyini azaltmağa və daxili bazarda sabitliyi təmin etməyə imkan verəcək.

Resurslardan daha səmərəli istifadə istiqamətində də müsbət dinamika gözlənilir. Müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin əhəmiyyətli şəkildə genişləndirilməsi su itkilərini azaldacaq və quraqlıq risklərinə qarşı dayanıqlılığı artıracaq. Bu, xüsusilə iqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi bir dövrdə strateji əhəmiyyət daşıyır", - o qeyd edib.

Müsahibimiz bildirib ki, torpaq münasibətləri və təsərrüfatların strukturunda da dəyişikliklərin başlanacağı gözlənilir. Belə ki, Salyan və Qəbələ rayonlarında pilot əsasda həyata keçiriləcək torpaq konsolidasiyası daha iri və səmərəli təsərrüfatçılıq modelinin formalaşmasına təkan verə bilər, bu isə müasir texnologiyaların tətbiqini və istehsal xərclərinin optimallaşdırılmasını asanlaşdıracaq.

"Rəqəmsallaşma və innovasiyalar istiqamətində də ciddi irəliləyişlər proqnozlaşdırılır. "Elektron kənd təsərrüfatı" informasiya sisteminin digər dövlət platformaları ilə inteqrasiyası, süni intellekt əsaslı analitik modulların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi aqrar idarəetmədə daha çevik və dataəsaslı qərarvermə modelinin formalaşmasına imkan yaradacaq.

İnsan kapitalının inkişafı baxımından da proqram mühüm perspektivlər vəd edir. Xarici tərəfdaşlarla birgə aqrar universitetin yaradılması, ikili diplom proqramlarının genişləndirilməsi və yeni peşə standartlarının tətbiqi müasir texnologiyalarla işləyə bilən ixtisaslı kadr ehtiyatının formalaşmasına xidmət edəcək.

Fermerlərin maliyyə dayanıqlığı və risklərdən qorunması sahəsində də müsbət dəyişikliklər gözlənilir. Aqrar sığorta ilə əhatə olunan ərazilərin və sığortalanan heyvanların sayının artırılması kənd təsərrüfatında investisiya risklərini azaldacaq və aqrobiznes mühitinin daha dayanıqlı formalaşmasına şərait yaradacaq", - Z.Qardaşov deyib.

Ekspert bu qənaətdədir ki, proqramın uğurlu icrası yalnız bir neçə əsas dövlət qurumunun fəaliyyəti ilə məhdudlaşmamalıdır:

"Aqrar sektorun bu miqyasda transformasiyası paralel şəkildə gömrük, vergi, tikinti icazələri, torpaq ayrılması və investisiya mühitində də islahatların aparılmasını tələb edir. Xüsusilə iri aqrar və emal layihələrinin həyata keçirilməsi üçün tikinti və sənaye təyinatlı obyektlər üzrə icazələrin verilməsi mexanizmlərinin sadələşdirilməsi, "vahid pəncərə" sisteminin genişləndirilməsi və rəqəmsallaşmanın sürətləndirilməsi vacib məsələlərdən biri olacaq.

Eyni zamanda aqrar maliyyələşmə, lizinq, kreditləşmə və sığorta mexanizmləri üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi proqramın effektivliyini artıracaq əsas amillərdəndir. Çünki qarşıya qoyulan strateji hədəflərə nail olmaq üçün yalnız aqrar sahədə deyil, ümumilikdə dövlət idarəçiliyi və biznes mühitində koordinasiyalı institusional islahatlara ehtiyac yaranacaq".

"Ümumilikdə, Dövlət Proqramı qarşıdakı illərdə Azərbaycanın aqrar sektorunda məhsuldarlığın artması, emal sənayesinin genişlənməsi, rəqəmsallaşmanın sürətlənməsi, regional məşğulluğun artması və qeyri-neft ixracının güclənməsi kimi bir sıra müsbət tendensiyaların formalaşmasına səbəb ola bilər.

Bununla yanaşı, Dövlət Proqramının uğurlu icrası yalnız Kənd Təsərrüfatı Nazirliyi və bir neçə əsas qurumun fəaliyyəti ilə məhdudlaşmır. Aqrar sektorun bu miqyasda inkişafı paralel olaraq digər sahələrdə də institusional islahatları zəruri edir. Xüsusilə Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Xidməti, eləcə də torpaq və tikinti sahəsində fəaliyyət göstərən qurumlarda idarəetmənin çevikləşdirilməsi və rəqəmsallaşdırılması vacib məsələlərdəndir.

Çünki proqram çərçivəsində iri aqroparkların, emal müəssisələrinin, logistika və soyuducu anbar komplekslərinin yaradılması nəzərdə tutulur. Hazırda isə tikinti icazələrinin alınması, torpaq ayrılması və müxtəlif razılaşdırma prosedurları hələ də mürəkkəb və vaxtaparan proses olaraq qalır. Bu da investisiya layihələrinin sürətinə birbaşa təsir göstərir.

Bu baxımdan, gömrük və qarışıq fəaliyyəti olan şirkətərdə vergi prosedurlarının sadələşdirilməsi, kənd təsərrüfatı və sənaye təyinatlı obyektlər üzrə icazə mexanizmlərinin optimallaşdırılması, "vahid rəqəmsal pəncərə" sisteminin genişləndirilməsi və aidiyyəti qurumlarda rəqəmsallaşmanın sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, aqrar maliyyələşmə, kreditləşmə, lizinq və sığorta mexanizmləri üzrə qanunvericiliyin təkmilləşdirilməsi də proqramın effektiv icrası üçün vacib şərtlərdən biri olacaq", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Seçilən
20
19
moderator.az

10Mənbələr