EN

Cənubi Qafqazda davamlı sabitlik üçün strateji hədəflər

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Cənubi Qafqazda siyasi vəziyyət, Rusiyanın regiondakı təsiri və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi barədə fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi qüvvələr arasında münasibətlər daha da kəskinləşir. Müşahidələr göstərir ki, Rusiya bu ölkədə yenidən öz təsir dairəsinə yaxın qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır. Oxşar proseslər 2021-ci ilin iyununda keçirilmiş parlament seçkiləri zamanı da müşahidə olunmuşdu. Həmin vaxt Robert Koçaryanın təmsil olunduğu siyasi qüvvə istədiyi nəticəni əldə edə bilmədi. Görünən odur ki, bu dəfə Moskva Ermənistanda öz maraqlarını təmin etmək üçün daha sərt siyasi mübarizə aparır.

Rusiyanın bu planlarının hansı nəticə verəcəyini indidən söyləmək çətindir. Lakin ölkənin daxilində yaranan sosial-iqtisadi problemlər, Ukraynaya qarşı apardığı müharibə və digər dövlətlərə yönələn təhdid siyasəti Rusiyanın öz daxilində ciddi gərginlik formalaşdırır.

Tarix göstərir ki, Rusiyada müxtəlif dövrlərdə saray çevrilişləri və daxili siyasi böhranlar baş verib. Hazırkı şəraitdə də vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. İşsizlik və yoxsulluğun artması cəmiyyətdə narazılığı daha da gücləndirir. Kütlənin potensial reaksiyasını isə əvvəlcədən hesablamaq mümkün deyil. Normal cəmiyyətlərdə ictimai rəy və sosial narazılıq ciddi amil hesab olunur.

Bütün bu problemləri həll etmək əvəzinə Rusiyanın diqqətini Cənubi Qafqaza, Türküstana və digər bölgələrə yönəltməsi imperiya ambisiyalarının davam etdiyini göstərir. Məhz bu siyasət gələcəkdə Rusiyanın zəifləməsini daha da sürətləndirə bilər.

Bu gün Ermənistanda Azərbaycana qarşı sərt mövqe nümayiş etdirən və Xocalı faciəsi ilə bağlı adı hallanan şəxslərin — Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin hüquqi məsuliyyət məsələsi də gündəmdə saxlanılmalıdır. Bu istiqamətdə yalnız düşünmək deyil, konkret hüquqi və siyasi addımlar atmaq vacibdir.

Cənubi Qafqazda davamlı sabitlik, inkişaf və rifah üçün strateji hədəflər mövcuddur. Bu proses ilk növbədə sülh müqaviləsinin imzalanmasından başlayır. Münasibətlər elə tənzimlənməlidir ki, gələcək nəsillər yeni münaqişələr, ərazi iddiaları və xarici güclərin təsir siyasəti ilə üzləşməsin".

Chosen
12
qht.az

1Sources